Martın 11-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub.
Azərbaycan Respublikası Xarici İşlər və Müdafiə nazirliklərinin birgə bəyanatında deyilir ki, İran hərbi təyyarəsi iki ölkə arasında dövlət sərhədindən 3-5 kilometr məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.
Məlaumata görə, martın 11-də İrana məxsus hərbi təyyarə Bakı vaxtı ilə saat 09.44-dən 10.26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.
“Hərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti əvvəlcədən xəbərdarlıq etməyə dair beynəlxalq aləmdə qəbul olunmuş təcrübəyə zidd olaraq, İranın hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizliyinə təhdid törədir və iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir. İşğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat və qeyri-dost davranışdır. Xatırlatmaq istərdik ki, İran tərəfi ötən il də Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirmişdi”, sənəddə qeyd edilir.
Sənəddə bildirilir ki, Azərbaycan İran tərəfini bu cür təhrikçi addımına görə şiddətlə qınayır, müvafiq izahat verməyə və gələcəkdə belə təxribatçı addımlardan çəkinməyə çağırır.
İran tərəfi Azərbaycanın notasına hələ cavab verməyib.