Accessibility links

İran parlamentinin sədri: Azərbaycan ilə anlaşılmazlıqlar həll olunub


Azərbaycan və İran parlamentinin sədrləri (Mənbə Milli Məclis)
Azərbaycan və İran parlamentinin sədrləri (Mənbə Milli Məclis)

Yanvarın 10-da İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf İran və Azərbaycan arasında son anlaşılmazlıqların həllinə işarə edərək, gələcəkdə Bakıya səfər edəcəyini açıqlayıb.

İRNA agentliyinin məlumatına görə, Qalibaf bu barədə Asiya Parlament Assambleyasında (APA) iştirak etmək üçün Türkiyəyə səfərinin nəticəsi olaraq Tehrana gələrkən deyib.

"Son vaxtlar Azərbaycan ilə müəyyən anlaşılmazlıqlar olub və bu məsələlər artıq həll olunub. Gələcəkdə Bakıya gələcəm və belə görüşlərin davam etdirilməsi də qərara alınıb", o qeyd edib.

İran parlamentinin sədri Asiya Parlament Assambleyası çərçivəsində Azərbaycan Respublikası və Türkiyə parlamentlərinin sədrləri ilə ikitərəfli və üçtərəfli görüşlər keçirdiyini açıqlayıb.

"Azərbaycan və Türkiyə ilə üçtərəfli görüşdə tranzit, yük və enerji daşımaları ilə bağlı məsələlər də müzakirə olunub", o əlavə edib.

Onun sözlərinə görə, "Şimal-Cənub" və "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizlərinin tikintisi ilə bağlı danışıqlar aparılıb.

"Biz xarici işlər nazirləri, müdafiə nazirləri və yüksək rütbəli rəsmilər səviyyəsində üçtərəfli görüşlər keçirmək barədə razılığa gəldik", o bildirib.

Bununla yanaşı, rəsmi Bakı hələ İran parlamentinin sədrinin bu bəyanatına şərh verməyib.

İran-Azərbaycan münasibətlərində gərginlik artıq 3 aydan çoxdur davam edir. Belə ki, oktyabr-noyabr aylarında İran Azərbaycanla, Azərbaycan isə İranla sərhəddə hərbi təlimlər keçirib.

Rəsmi Tehran Şiraz şəhərində terror hadisəsi ilə bağlı Azərbaycan vətəndaşlarını saxladığını, Azərbaycanın təhlükəsizlik qurumları isə İran xüsusi xidmət orqanlarının Azərbaycanda təxribat-pozuculuq fəaliyyəti ilə əlaqəli olduğu bildirilən azı üç qrupu həbs etdiyini bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi İran vətəndaşlarının Azərbaycan ərazilərinə qanunsuz keçidi ilə bağlı yayılmış məlumata aydınlıq gətirilməsi məqsədilə dekabrın 3-də İranın Azərbaycandakı səfirliyinə nota göndərildiyini bildirib.

Belə ki, İran vətəndaşları qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə (Dağlıq Qarabağa) daxil olduğu barədə xəbərlər yayılıb.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2022-ci il dekabrın 27-də Azərbaycan-İran münasibətləri ilə bağlı sualın cavabında deyib ki, son müddət ərzində Azərbaycan-İran münasibətlərində bəlli bir gərginlik var.

"Mən vəziyyəti çox dramatikləşdirməzdim. Çünki burada problemli istiqamətlər də var. Ancaq eyni zamanda hətta son dövrlərdə də bir sıra istiqamətlərlə bağlı müsbət nəticələr də var. İqtisadi sahədə əldə olunmuş razılaşmalar var və onlar icra olunur. Ancaq Azərbaycan-İran münasibətləri mövcud durumdan daha yaxşı ola bilərdi yoxsa yox? Bəli, daha yaxşı ola bilərdi. Hesab edirəm ki, daha yaxşı olmalıdır. Ən azından münasibətlərin gərginləşməsində Azərbaycan Respublikası heç bir fonda, heç bir istqamətdə təşəbbüskar olmayıb. Dəfələlrə bu barədə həmkarım Hüseyn Əmir-Abdullahianla danışıqlarımız olub, o da hər zaman münasibətlərin yaxşılaşması, münasibətlərin daha müsbət məcrada inkişafının tərəfdarı olduğunu bildirib. Azərbaycanın mövqeyi belədir ki, bu dost, qonşu münasibətləri qarşılıqlı hörmət, bir-birinin maraqlarının nəzərə alınması, bir-birnin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurulmalı və inkişaf etməlidir", nazir qeyd edib.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG