Accessibility links

İran terrorla bağlı saxlanılanların Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşları olduğunu bildirir


Rəsmi Tehran bildirir ki, oktyabrın 26-da İranının Şah-Çeraq ziyarətgahında törədilən terror aktında əli olan 26 "terrorçu-təkfirçı" tutulub və onlar iranlı deyil.

Bu barədə İRNA agentliyi İran Kəşfiyyat Nazirliyinə istinadən məlumat yayıb.

"Bir sıra araşdırmalar və əməliyyatlar bu terror aktına rəhbərlik edən və dəstəkləyən bütün agentlərin müəyyən edilməsinə və həbs olunmasına səbəb olub. Bununla belə, oxşar əməliyyatlar üçün ölkəyə daxil olan bir sıra digər agentlər də həbs edilib. Belə ki, hazırda 26 terrorçu-təkfirçi saxlanılıb" - məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, saxlanılan şəxslərin hamısı Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşlarıdır.

"Əməliyyatın ölkə daxilində baş əlaqələndiricisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportundan uçaraq İmam Xomeyni adına hava limanının hava sərhədindən ölkəyə daxil olan Azərbaycan vətəndaşı olub. Açıqlamada Şirazdakı əməliyyatın köməkçi agentinin "Əbu Bəsir" ləqəbli "Məhəmməd Ramez Rəşidi" adlı əfqan, müqəddəs ziyarətgahda atəş açan şəxsin isə "Əbu Aişə" ləqəbli "Sobhan Komruni" olduğu bildirilir.

Adı çəkilən terrorçular Fars, Tehran, Əlborz, Kirman, Qum və Xorasan-Rezavi əyalətlərində saxlanılıb. Onların bəziləri ölkənin şərq sərhədlərinə qaçarkən həbs edilib.

Kəşfiyyat Nazirliyinin bəyanatının sonunda vurğulanır ki, ölkə daxilində və ya xaricdə olmasından asılı olmayaraq, Şah-Çeraq faciəsində əli olan sonuncu terrorçu-təkfirçi müəyyən edilərək cəzalandırılana qədər hərtərəfli kəşfiyyat və texniki araşdırmalar gecə-gündüz davam etdiriləcək," IRNA-nın məlumatında qeyd edilir.

Öz növbəsində, Azərbaycanın rəsmi qurumları bu məlumatla bağlı hələ şərh verməyib.

Azərbaycanın Xarici İşlər Nazirliyi hələ oktyabrın 27-də İranda törədilən terror aktı ilə bağlı başsağlığı verib və terror aktını qınayıb.

"İranın Şiraz şəhərindəki Şah Çeraq ziyarətgahında baş verən terror aktına təəssüf edirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Azərbaycan terrorla üzləşmiş bir dövlət olaraq onun bütün forma və təzahürlərini qəti şəkildə pisləyir" - başsağlığında deyilir.

İRNA agentliyinin məlumatına görə, oktyabrın 26-da Şiraz şəhərində Şah Çeraq ziyarətgahında baş verən terror nəticəsində 15 nəfər ölüb, 27 nəfər yaralanıb.

İran prezidenti İbrahim Rəisi bildirib ki, terror aktı İranın düşmənlərinin törətdiyi növbəti cinayətdir.

Rəisi əlavə edib ki, keçmiş təcrübələr göstərir ki, düşmənlər iranlılar arasında parçalanma yaratmaqda uğursuzluqlarını terror və zorakılıq aktları ilə kompensasiya edir.

XS
SM
MD
LG