Accessibility links

Azərbaycan və Türkiyə İranla sərhəd ərazilərdə birgə hərbi təlimlər keçirir


Azərbaycan və Türkiyənin İranla həmsərhəd ərazilərdə birgə hərbi təlimi (Rəsmi foto, mənbə Müdafiə Nazirliyi)
Azərbaycan və Türkiyənin İranla həmsərhəd ərazilərdə birgə hərbi təlimi (Rəsmi foto, mənbə Müdafiə Nazirliyi)

Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumata görə, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının (İranla sərhəd ərazi-red) ərazilərini əhatə edir.

"Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbiçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.

Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir" , Müdafiə Nazirliyinin məlumatında qeyd edilir.

Nazirlik bildirir ki, birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

İran tərəfi hələ təlimlərləbağlı şərh verməyib. Amerikanın Səsinin müxbirinin İranın Bakıdakı səfirliynə telefon zənglərinə də cavab verən olmayıb.

İran-Azərbaycan münasibətlərində gərginlik artıq iki aydan çoxdur davam edir. Belə ki, oktyabr-noyabr aylarında İran Azərbaycanla, Azərbaycan isə İranla sərhəddə hərbi təlimlər keçirib.

Rəsmi Tehran Şiraz şəhərində terror hadisəsi ilə bağlı Azərbaycan vətəndaşlarını saxladığını, Azərbaycanın təhlükəsizlik qurumları isə İran xüsusi xidmət orqanlarının Azərbaycanda təxribat-pozuculuq fəaliyyəti ilə əlaqəli olduğu bildirilən iki qrupu həbs etdiyini bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi İran vətəndaşlarının Azərbaycan ərazilərinə qanunsuz keçidi ilə bağlı yayılmış məlumata aydınlıq gətirilməsi məqsədilə dekabrın 3-də İranın Azərbaycandakı səfirliyinə nota göndərildiyini bildirib.

Ötən günlərdə 14 nəfər İran vətəndaşının qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə (Dağlıq Qarabağa) daxil olduğu barədə xəbərlər yayılıb.

Mövzuya uyğun

XS
SM
MD
LG