Accessibility links

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin İranla sərhəddə təlimi davam edir


Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi davam edir (Foto mənbə: Azərbaycan Müdafiə Nazirliyi)
Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi davam edir (Foto mənbə: Azərbaycan Müdafiə Nazirliyi)

Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi davam edir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.

“Xüsusi təyinatlılar tərəfindən şərti düşmənin dərinliyində müxtəlif kəşfiyyat tapşırıqları və xüsusi əməliyyatlar yerinə yetirilib”deyə məlumatda qeyd edilir.

Məlumatda deyilir ki, aviasiya və artilleriya vasitələrinin, eləcə də zərbə dronlarının dəstəyi ilə təyin edilən həddin və məntəqələrin nəzarətə götürülməsi üzrə fəaliyyətlər icra edilib.

“Plana uyğun olaraq xüsusi hazırlıqların yoxlanılması paralel davam etdirilir, o cümlədən yüksək dağlıq, meşəlik ərazilərdə döyüş tapşırıqlarının icrası və çətin maneələr sisteminin dəf edilməsi üzrə hərbi qulluqçuların peşəkarlıq səviyyəsi yoxlanılır. Xüsusi təyinatlıların təlimi davam edir” deyə rəsmi məlumatda deyilir.

Azərbaycan cənub sərhədlərinə yaxın ərazilərdə təlim keçir.

Bu barədə noyabrın 2-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

Azərbaycanla İranın münasibətlərində son vaxtlar gərginlik müşahidə olunur.

Bu fikir ayrılıqları hərbi təlimlərlə də müşahidə edilməkdədir.

Belə ki, oktyabrın 17-dən başlayaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qüvvələri İranın Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında yerləşən Əraks (Araz) bölgəsində hərbi təlimlər keçirib.

İRNA agentliyinin məlumatına görə, SEPAH-ın quru qoşunları komandanı Məhəmməd Pakpur bildirib ki, "bu təlimlərin qonşu ölkələr üçün mesajı sülh, dostluq və sabit təhlükəsizliyin möhkəmləndirilməsi, düşmənlər üçün isə İranın digər Silahlı Qüvvələri ilə birlikdə quruda yerləşən SEPAH-ın ölkə sərhədlərini qorumaq və istənilən təhdidlərə cavab verməyə hazır olmasıdır".

Bu il iyulun 19-da İranın ali dini lideri Əli Xameneyi twitter səhifəsində bildirib ki, İran-Ermənistan sərhədini blok etmə siyasəti varsa, İran buna qarşı çıxacaq, çünki bu sərhəd min illərin əlaqə yoludur.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərdən iki həftə sonra, noyabrın 2-də Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ölkənin İranla həmsərhəd olan cənub ərazilərində hərbi təlimləri başlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlim planına əsasən hərbi hissələr "Həyəcan" siqnalı ilə qaldırılıb.

"Daimi dislokasiya məntəqələrini tərk edən xüsusi təyinatlılar əməliyyat rayonlarına çıxarıldıqdan sonra komandirlərin məruzələri dinlənilib və tapşırıqlar dəqiqləşdirilib. Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının təlimə cəlb olunan hissə və bölmələri təyin edilmiş aerodromlara və rayonlara cəmləşdirilib. Plana uyğun olaraq təlimin növbəti mərhələlərində xüsusi təyinatlı bölmələr onları dəstəkləyən Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının bölmələri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları icra edəcəklər," Müdafiə Nazirliyi qeyd edib.

XS
SM
MD
LG