Accessibility links

Azərbaycanın cənub regionunda İranın radio və televiziya dalğaları yerli tezlikləri üstələyir


Azərbaycanın cənub bölgəsində İranın radio və televiziya dalğaları yerli tezlikləri üstələyir. Milli Məclisin deputatı, ekspertlər Azərbaycan hökumətini uzun müddətdir mövcud olan bu problemi həll etməyə çağırır. Bir sıra müşahidəçilərin fikrincə, mövcud hal ölkədə feyk xəbərlərin yayılması riskini artırır.

Cavanşir Paşazadə (Foto Milli Məclisin rəsmi internet saytından götürülüb)
Cavanşir Paşazadə (Foto Milli Məclisin rəsmi internet saytından götürülüb)

Cavanşir Paşazadə: Cənub rayonlarında Iran radioları eşidilir, televiziyaları göstərir

Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib ki, Azərbaycanın “cənub regionuna gedəndə yol boyu avtomobildə ancaq İranın radioları eşidilir”.

“Cənub rayonlarına çatan kimi Azərbaycan radio dalğaları itir, yerinə İran daxil olur. Televiziyalarda da İran kanalları göstərir. Bir neçə dəfə bununla bağlı aidiyyəti üzrə müraciət olunub. Bu problemi mətbuata açıqlamalarımda da dəfələrlə səsləndirmişəm. Azərbaycan demək olar, bütün sahələrdə nailiyyətlər qazanıb, inkişaf edib. İstərdim ki, mətbuatla, televiziya ilə bağlı problemlər də artıq həllini tapsın. Sözügedən problemlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tədbir görməlidir. Naxçıvanda, sərhəd bölgələrimizin hər yerində bu problemlər var. Tez bir zamanda həll olunmalıdır. Çünki cəmiyyətimiz, xalqımız bunu istəyir,” deputat yerli mediaya qeyd edib.

Deputatın köməkçisi Sulduz Ağayev Amerikanın Səsinə bildirib ki, Paşazadə hazırda ezamiyyətdədir və deputat bu məsələni bir neçə dəfə qaldırıb.

“Bəli, bu həqiqətdir. Lənkərana keçən kimi İran radio və televizyalarının verilişləri başlayır,” o bir daha təsdiq edib.

Azərbaycan Milli İnternet Forumunun prezidenti Osman Gündüz
Azərbaycan Milli İnternet Forumunun prezidenti Osman Gündüz

Osman Gündüz: Hökumət problemin çözülməsində maraqlı olmaldır

Azərbaycan İntenet Forumunun prezidenti Osman Gündüz Amerikanın Səsinə müsahibəsində bildirib ki, bu problem yalnız cənub regionu ilə bağlı xarakterik deyil, şimal-qərbdə Gürcüstan tərəfdən verilən televizya və radio siqnallarını tutmaq mümkündür. Qarabağ tərəfdə Ermənistandan verilən radio və televiziya siqnalların tutmaq olur.

Osman Gündüz: Hökumət problemin çözülməsində maraqlı olmaldır 
please wait

No media source currently available

0:00 0:04:51 0:00
Direct link

“Bu əks tərəfidən verilən siqnalların daha güclü olması və istiqamətiınin daha çox Azərbaycan tərəfə yönləndirilməsi ilə bağlıdır,” o qeyd edib.

Ekspert xatırladıb ki, Azərbaycan hökumətinin bu sahə üzrə nümayəndələri zaman-zaman qonşu ölkələrin və Beynəlxalq Telekommunikasiya İttifaqının nümayəndələri ilə müzakirələr aparıb.

“Bu, ciddi bir məsələdir. Yəni Azərbaycan vətəndaşı ilk olaraq informasiyanı öz ölkəsinin mənbələrindən alacaq, yoxsa xarici mənbədən? Azərbaycan hökuməti maraqlı olmalıdır ki, əhali ilk olaraq öz ölkəsinin mediasından məlumat ala bilsin, sonra başqa ölkələrin məlumatını seçsin. Hökumət bu problemin çözülməsində maraqlı olmaldır. Bunun üçün Sovet dövrünün bir ənənəsi var idi, qarşı tərəf ötürücü stansiyalarını gücləndirdikcə biz də gücləndirirdik. Bax belə, ucu-bucağı görünməyən informasiya müharibəsi başlayır. Daha doğru olar ki, Azərbaycan ötürücü stansiyalarının gücünü artırmaqla yanaşı, özümüzün regionlarda radio və televiziyalarımızı yaradaq. Yəni regionlarda və bütün ölkədə informasiya infrastrukturunu özümüz qurmalıyıq. Başqasına qarşı aparılan ucu-bucağı görünməyən dumanlı mübarizədənsə, özümüzün strukturlarını formalaşdırmaq daha düzgün olar. Bizim regionlardakı radio və televiziyaların sayı qonşu ölkələrlə müqayisədə azdır.”

Osman Gündüz deyib ki, qonşu Gürcüstanda sərhədə çox yaxın ərazilərdə Azərbaycanın radio və mobil telefon siqnalarının keyfiyyətsiz olsa da yayılmasını müşahidə edib.

“Siqnalların yayılıb-yayılmaması problemin həlli deyil. Problemin həlli üçün Azərbaycan öz siqnallarının gücünü artırmalı, informasiya strukturunu qurmalı, insanların tezliklərə əlçatımlılığını asanlaşdırmalıdır. Eyni zamanda Beynəlxalq Telekommunikasiya İttifaqının müvafiq qurumları ilə əlaqələri gücləndirməldir,” İnternet Forumunun prezidenti bildirib.

Bakı Dövlət Universitetinin doktoru Qulu Məhərrəmli
Bakı Dövlət Universitetinin doktoru Qulu Məhərrəmli

Qulu Məhərrəmli: Ciddi məsələ keyfiyyətli informasiyanın yayılmasıdır

Media məsələləri üzrə ekspert, professor Qulu Məhərrəmli Amerikanın Səsinə deyib ki, bütün dövlətlər öz ərazisini görünməyən qonaqlarıdan, yəni sərhəd tanımayan dalğalardan qorumaldır.

Qulu Məhərrəmli: Ciddi məsələ keyfiyyətli informasiyanın yayılmasıdır
please wait

No media source currently available

0:00 0:08:33 0:00
Direct link

“Məsələn, İran sərhədlərində başqa ölkələrdən gələn siqnalları, radio verilişlərini neytrallaşdırmaq üçün təxminən 20 məntəqədə dalğaları vuran qurğular quraşdırıb. Belə ki, məsələn Azərbaycan televiziyasının dalğaları çox nadir hallarda İran ərazisinə keçə bilir. Ona görə də Azərbaycan hökuməti bu işlərlə məşğul olmaldır.”

Ekspert xaricdən daxil olan verilişlərin ölkə əhalsinə təsirlərindən danışarkən deyib ki, vaxtı ilə İran televiziyasının “Səhər” proqramı cənub zonasında, hətta Bakıda xeyli pozucu təsirə malik olub.

“Bəzən əhalinin az məlumatlı hissəsi həmin verilişlərin təsiri altına düşə bilir. Bu da müəyyən dərcədə narahatlıq yaradır. Bu səbəbdən hökumət ilk növbədə ölkənin informasiya təhlükəsizliyinin qorunması və əhalinin doğru xəbərlələ informasiyalaşdırılması üçün müəyyən addımlar atmaldır,” o deyib.

Ekspert hesab edir ki, bölgələrdə media qurumlarını gücləndirmək lazımdır.

“Vaxtı ilə bölgələrdə, Lənkəranda, Qubada, Zaqatalda və digər rayonlarda radio və televiziya kanalları fəaliyyət göstərirdi. Bunların fəaliyyətini gücləndirmək lazımdır. Qanunvericiliyə görə, elə televiziya və radiolar var ki, onun yayımı ölkənin ərazisini 100 faiz əhatə etməlidir. Bu, təmin edilməlidir. Ciddi bir məsələ keyfiyyətli informasiyanın yayılmasıdır. Bu da teleradionun üzərində hər hansı basqı olmadan informasiyaların doğru-düzgün yayılması ilə bağlıdır. Bütün bunlar həyata keçirilərsə əhalini həmin informasiya əsarətindən xilas edə bilər,” o qeyd edib.

Məhərrəmli dini təbliğatla bağlı sualın cavabında deyib ki, Azərbaycanda dini təbliğatın altında olan insanlar son zamanlar fəallaşıb.

“Hər halda müəyyən təsir altında olan təbəqə var ki, bunlar müsəlman həmrəyliyi adı altında bəzən milli dövlətçiliyi, milli mənsubiyəti danmaq hədinə gəlib çatırlar. Qorxulu odur ki, xarİcdən gələn informasiayalarla din pərdəsi altında Azərbaycanın bütövlüyünə, müstəqilliyinə, vətəndaşlarının salamatlığına zərər yetirməyə çalışırlar. Biz bunun qarşısını dərhal alamlıyıq və özümüz keyfiyyətli dini təbliğat aparmalıyıq,” o bildirib.

Ekspert hesab edir ki, ölkədə yayılan yalan məlumatlar əsasən Azərbaycana dost olmayan ölkələrin təbliğatından qaynaqlanır.

“Biz bu sahədə ciddi maarifləndirmə işləri aparmalıyıq. Dünyada olduğu kimi biz də əhalinin media savadlılğını artırmalıyıq. Bu həm də əhalinin informasiyanı qəbul etməsi üçün müəyyən hazırlıq halına gətirilməsidir. Bu medianın özünün də saxta xəbərləri doğru xəbərlərdən seçməsi üçün metod və üsuldur,” o qeyd edib.

Qulu Məhərrəmlinin fikrincə, “mediaya nəzarət etmək, nəyi yaz, nəyi yazma demək” problemin həlli yolu deyil.

“Söhbət azad düşüncəni, azad məlumatları heç kimdən asılı olmadan yayan və sözün əsl mənasında sırf jurnalistika dəyərlərinə söykənən media qurumlarının fəaliyyət göstərməsindən gedir. Belə media qurumları az sayda olsa da var. Hesab edirəm ki, bu komponentin inkişaf etdirilməsi həm saxta xəbərlərə qarşıdır, həm də vətəndaşların başqa ölkələrin, o cümlədən dini təbliğatın təsiri altına düşməsinin qarşısını alar. Həm də belə xəbərlər insanlarda proseslər barədə doğru-dürüst təəssürat yaradar,” o qeyd edib.

Öz növbəsində, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat Xidməti mövzu ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

XS
SM
MD
LG