Accessibility links

Azərbaycan xarici işlər nazirinin İran prezidenti ilə görüşündə regional məsələlər diqqət mərkəzində olub


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb

İranda səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iyulun 4-də bu ölkənin Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, Prezident Rəisi İranla Azərbaycan arasında əlaqələrin dərin köklərə sahib olduğunu bildirib və iki ölkə arasında mədəni və tarixi əlaqələrin xalqların istəyindən irəli gəldiyini söyləyib. Bundan sonra da əlaqələrin inkişafının təmin olunması üçün ticarət dövriyyəsinin artırılmasının zəruriliyini vurğulayan İran prezidenti ikitərəfli əlaqələrin regional əməkdaşlığa da öz töhfəsini verəcəyini qeyd edib.

Nazir Bayramov iki ölkə arasında energetika, nəqliyyat, kommunikasiya sahələrində həyata keçirilən birgə layihələrdən söz açıb.

Məlumatda deyilir ki, Ceyhun Bayramov Zəngilan rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılmasının, o cümlədən işğaldan azad edilmiş ərazilərdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulayıb.

Görüşdə həmçinin bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Regional sülh və təhlükəsizliyin təmin edilməsinin və bu istiqamətdə region ölkələrinin əməkdaşlığının vacib olduğu bildirilib.

Bununla yanaşı,İRNA agentliyinin məlumatında deyilir ki, İran prezidenti İbrahim Rəisi regional məsələlərin xaricilərin müdaxiləsi olmadan region dövlətləri tərəfindən həllinə çağırıb.

Agentlik bildirir ki, prezident Rəisi iki dövlət arasında diplomatik məsləhətləşmələrin artması və bunun ticarət, iqtisadiyyat və siyasətin müxtəlif sahələrində əlaqələr və əməkdaşlığın genişlənməsinə təsiri barədə danışarkən Tehran-Bakı münasibətlərində yeni açılışların zəruriliyini vurğulayıb.

Azərbaycanla əlaqələrin dərinləşdirilməsi və möhkəmləndirilməsi üçün heç bir məhdudiyyət olmadığına diqqət çəkən İran prezidenti əlavə edib ki, ikitərəfli münasibətlərin gücləndirilməsi səmərəli regional əməkdaşlığa gətirib çıxara bilər.

Prezident Rəisi Azərbaycan prezidentinin Tehrana səfəri ilə iki dövlət arasında münasibətlərdə sıçrayış olacağına ümidvar olduğunu bildirib.

Azərbaycanın İrandakı Səfirliyinin keçmiş əməkdaşı, Orta Doğu Araşdıma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə bildirib ki, danışıqların əsas mövzusu iki ölkə arasında iqtisadi, siyasi problemlərdir.

“Son zamanlar İranın Türkiyədə İsrail “ovuna” çıxması Azərbaycanda və İranda Azərbaycan Respublikası əleyhinə aksiyaların keçirilməsi, İran-Ermənistan münasibətləri, İranın Zəngəzur dəhlizi ilə bağlı tutduğu mövqe, İran ərazisindən Naxçıvana keçəcək yolla bağlı məsələ, habelə İran təbii qazının perspektivdə Azərbyacan ərazisindən Avropaya çıxarılması, eləcə də Türkmənistandan təbii qazın İran ərazisinə və Azərbaycan vasitəsi ilə ixracı, həm də iki tərəfi maraqlandıran iqtisadi, siyasi, sosial, mədəni məsələlər müzakirə oluna bilər. Hesab edirəm ki, bu səfər hər iki tərəf üçün faydalı ola bilər. Çünki etiraz aksiyaları keçirməkdən, bir-birinin əleyhinə təbliğatlar aparmaqdansa mövcud problemləri birbaşa danışıqlar yolu ilə həll etmək tərəflərin hər ikisi üçün faydalıdır. İran tərəfi təəssüflər olsun ki, ötən müddət ərzində Azərbaycana qarşı davranışında ikili standart seçib. Üzdə Azərbaycana qardaş-dost deyir, alt yapıda isə həm Azərbaycana, həm Türkiyəyə qarşı fəaliyyətlə məşğuldur. İğtişaşların yaranmasına rəvac verir,” ekspert qeyd edib.

O, hesab edir ki, Azərbaycan vasitəsi ilə Ukraynaya təbii qazın ixracı məsələsi müzakirə oluna bilər.

“Ola bilər ki, Ukrayna ilə İran arasındakı problemlərin həllində Azərbaycan hansısa formada vasitəçilik etsin. Yaxud, Azərbaycan ərazisindən İran mallarının Ukraynaya ötürülməsi üçün yardım ola bilər. Bütün hallarda Azərbyacanla Ukraynanın xoşməramlı münasibətini nəzərə alsaq, Azərbaycan İran üçün Ukrayna ilə münasibətlərdə faydalı yardımçı, vasitəçi ola bilər.”

Sədrəddin Soltanın fikirncə, Azərbaycan indiyədək İrana qarşı münasibətdə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməyə uyğun davranıb.

“Hesab edirəm ki, bundan sonra da əgər İrana qarşı beynəlxalq sanksiyalar qüvvədə qalarsa və yeniləri tətbiq olunarsa Azərbyacan beynəlxalq cəmiyyətin, ictimaiyyətin üzvü kimi uyğun addımlar atacaq. Bu məsələdə Şuşa bəyannaməsinə əsasən, Azərbaycan öz addımlarını Türkiyə ilə uyğunlaşdırıb və bundan sonra da uyğunlaşdıracaq,” o qeyd edib.

XS
SM
MD
LG