Accessibility links

Milli fəal Abbas Nikrəvan sərbəst buraxılıb


Güneyli fəal Abbas Nikrəvan həbs müddətinin başa çatması ilə azadlığa buraxıldığı bildirilir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata əsasən, Nikrəvan Qərbi Azərbaycanın Salmas şəhərinin həbsxanasından iyunun 25-də azadlığa buraxılıb. Azərbaycanlı musiqiçi təqribən 2 ay həbsdə olub.

Xəbərdə Nikrəvanın Urmiyə Həbsxanasında nəzarətə alındığı günlərin nəzərə alınması ilə erkən buraxıldığı qeyd olunub.

Musiqiçi və mədəni fəal Salmasın İkinci Cinayət Məhkəməsinin 102 saylı şöbəsi tərəfindən 91 günlük həbs cəzasına məhkum edilmişdi.

O, "sosial media üzərindən İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamı ilə mühakimə olunmuşdu.

91 günlük həbs cəzasının tətbiq edilməsi üzrə may ayının 7-də həbsxanaya köçürülən fəal keçən ilin sentyabr ayında təqribən iki həftə Urmiyə şəhərinin təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanılaraq dindirilmişdi.

Daha sonra təhlükəsizlik qüvvələrinin təcridxanasından Urmiyə həbsxanasına köçürülərək sentyabrın 22-də 600 milyon tümən mülki girov qarşılığında müvəqqəti azadığa çıxmışdı.

XS
SM
MD
LG