Accessibility links

Xəzəryanı dövlətlərin sammitində Rusiya və İranın məramları diqqət mərkəzindədir


Aşqabadda iyunun 29-da keçiriləcək 6-cı Xəzər sammiti ilə bağlı Xəzəryanı Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iyunun 28-də iclası keçirilib.

Rəsmi məlumatlara görə, altıncı Xəzər sammitinin əsas mövzuları Xəzər regionunda təhlükəsizlik, iqtisadi əməkdaşlığın inkişafı və ətraf mühitin mühafizəsi məsələləridir.

Türkmənistanın rəsmi mənbələrinin məlumatına görə, iclasda Türkmənistan, Azərbaycan, İran, Qazaxıstan və Rusiya xarici işlər nazirliklərinin rəhbərləri sammitin gündəliyinə daxil ediləcək məsələlərə baxıb, həmçinin Xəzər regionunda əməkdaşlığın müəyyən aspektlərini və əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsini müzakirə edib.

Görüşdə qeyd olunub ki, hazırda Xəzəryanı ölkələr Xəzərdə əməkdaşlığın geniş spektri üzrə mühüm saziş və protokolların layihələrini hazırlayır.

Xarici işlər nazirliklərinin görüşündən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, tərəflər hərbi əməkdaşlığa dair saziş üzərində işi sürətləndirəcək. Onun sözlərinə görə, Xəzər regionunda sahilyanı olmayan dövlətlərin Silahlı Qüvvələrinin olmasının istisna edildiyi təsdiqlənib.

Müşahidəçilərin fikrincə, prezident Putin samitdə Xəzərdə mülki gəmilər də daxil olmaqla, xarici qüvvələrin mövcudluğuna məhdudiyyətlərin qoyulmasına təkid edəcək.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsinə bildirib ki, Xəzəryanı ölkələrin sammitinin keçirilməsi daha çox Rusiya və İrana lazımdır.

"Hazırda Ukraynaya qarşı işğalçı müharibəyə görə Rusiya sanksiyalar altındadır. İran da nüvə çalışmalarına görə sanksiyalar altındadır. Hər iki ölkə sanksiyalardan qurtula bilmir və bu səbəbdən istəyir ki, ətraflarında tərəfdaş dövlətlər birliyi yaratsın. Məsələn, Rusiya indi Braziliya, Hindistan, Çin və Cənubi Afrika Respublikası formatını genişləndirməyə çalışır. İstəyir ki, İran və Argentina da üzv olsun. Tərəfdar qrup formalaşdırmağa çalışır. İran da bu vasitə ilə, yəni hansısa dövlətlərlə müzakirə aparmaq yolu ilə dünyaya göstərmək istəyir ki, guya təklənməyib, əməkdaşları var və onlarla əməkdaşlığı genişləndirmək istəyir. Xəzəryanı dövlət başçılarının görüşü əsasən bununla bağlıdır".

Təhlilçinin firkincə, sammitin keçirilməsində ikinci amil də var:

"İran və Rusiya son zamanlar müəyyən narahatlıqlarını bildirirlər ki, üçüncü ölkələr Xəzəryanı ölkələrlə Xəzərdə əməkdaşlıq etməməlidir. Xəzərdə üçüncü ölkələrin hərbi texnikası olmamalıdır. Hamı bilir ki, ABŞ Azərbaycan və Qazaxıstana hərbi texnika, sərhəd qurğuları, katerlər göndərir. Bu bizə də, Qazaxıstana da sərhəddə təhlükəsizlik tədbirlərini artırmaq üçün lazımdır. Çünki İrandan Azərbaycana çox miqdarda narkotik keçirilir. İran da, Rusiya da bilir ki, Xəzər qapalı hövzədir və buraya hansısa dövlətin hərbi gəmiləri gələ bilməz. Amma Rusiya və İran Xəzəryanı ölkələrin təhlükəsizlik sahəsində ABŞ və Avropa ilə əməkdaşlıq etməsini istəmir. Ona görə də bu toplantı Rusiya və İrana lazımdır ki, digər Xəzəryanı ölkələri yenidən xəbərdar etsinlər ki, bu istiqamətdə başqa dövlətlərlə hərbi əməkdaşlıq etməsinlər" , Şahinoğlu qeyd edib.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG