Accessibility links

USAİD Mərkəzi Asiya-Avropa İttifaqı marşrutu üzrə tədqiqat turu təşkil edəcək


Xəzər regionunun xəritəsi
Xəzər regionunun xəritəsi

Mayın 16-dan 24-dək Xəzər dənizi və Qara dəniz limanları vasitəsilə Mərkəzi Asiya-Avropa İttifaqı marşrutu üzrə ticarətin artırılması imkanlarına dair tədqiqat turu (Road Sho) keçiriləcək.

Bu barədə www.traceca-org.org saytı məlumat yayıb.

Məlumatda deyilir ki, Aktaudan (Qazaxıstan) başlayaraq Bakı (Azərbaycan), Tbilisi və Batumiyədək (Gürcüstan) davam edəcək tədqiqat turunda Mərkəzi Asiya ölkələri, Azərbaycan, Bolqarıstan, Gürcüstan və Türkiyədən nümayəndə heyətləri iştirak edəcək.

Tədbir ABŞ Beynəlxalq İnkişaf Agentliynin (USAİD) Mərkəzi Asiya Ticarət fəaliyyətinin dəstəyi və Qazaxıstan Nəqliyyat İşçiləri İttifaqı KazLogistics ilə əməkdaşlıq çərçivəsində keçiriləcək.

Sayt bildirir ki, son zamanlar Mərkəzi Asiya hökumətləri Xəzər dənizi vasitəsilə yük daşınmasının artırılmasına böyük diqqət ayırıb, çünki treyderlər öz mallarını cari tranzit marşrutları ilə daşımaqda artan problemlərlə üzləşirlər.

"Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə və Özbəkistanın gömrük və nəqliyyat siyasəti üzrə dövlət orqanlarından, habelə Mərkəzi Asiya Nəqliyyat və Logistika Tərəfdaşlığının üzvlərindən 40-dan çox nümayəndə Xəzər dənizinin Ələt limanına səfər edəcək. Nümayəndə heyətləri həmçinin Qazaxıstanın Kurık və Qara dənizdəki Batumi limanlarının qiymət siyasətini öyrənəcək, təhlillər aparılacaq və limanlarda istifadə olunan proseslərlə tanış olacaqlar, bununla da tövsiyələr işlənib hazırlanacaq və prosedurların daha da sadələşdirilib asanlaşdırılması üzrə sənədlər tərtib ediləcək," məlumatda qeyd edilir.

Bundan əlavə, tədbirdə bilavasitə beynəlxalq avtomobil daşımalarında iştirak edən Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələrinin dövlət orqanlarının, avtomobil daşıyıcılarının milli assosiasiyalarının, logistika və ekspeditorların, dəniz limanlarının və gəmiçilik şirkətlərinin nümayəndələri iştirak edəcəklər. Bolqarıstan və Türkiyədən olan iştirakçılar da öz əraziləri vasitəsilə beynəlxalq avtomobil daşımalarının mümkünlüyü ilə bağlı müzakirələr aparacaq.

Tədris turunun gündəliyinə aşağıdakı tədbirlər daxildir: Mayın 17-də Aktauda beynəlxalq avtomobil daşımalarının inkişaf perspektivləri olunacaq və Kurık limanına səfər ediləcək.

Mayın 18-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər ediləcək. Mayın 19-da Azərbaycanda beynəlxalq avtomobil daşımalarının inkişaf perspektivləri müzakirə ediləcək və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin fəaliyyəti ilə tanışlıq olacaq.

Mayın 20-də Tbilisidə Gürcüstanda beynəlxalq avtomobil daşımalarının inkişaf perspektivləri müzakirə ediləcək. Mayın 22-də Batumidə Sarpi Gürcüstan-Türkiyə keçid məntəqəsinin, Batumi dəniz limanının potensialı ilə tanışlıq olacaq.

Mayın 23-də Batumidə TRACECA dəhlizi boyunca beynəlxalq avtomobil daşımalarının, Türkiyə və Bolqarıstan ərazilərində nəqliyyatın inkişaf perspektivləri müzakirə ediləcək.

Bununla yanaşı, tədbirlərdən əvvəl daşıyıcıların limanlardan tranzit keçərkən qarşılaşa biləcəyi konkret problemlərin müəyyən edilməsi üçün Mərkəzi Asiyadan Kurık limanı vasitəsilə Bakıdan keçməklə Gürcüstana marşrut üzrə əvvəlcədən seçilmiş yüklərin daşınması təşkil ediləcək. Daşımaların nəticələri mayın 23-də Batumidə keçirilməsi planlaşdırılan Yekun İclasda müzakirə olunacaq.

USAID-in Mərkəzi Asiya Ticarət fəaliyyətinin məqsədi gömrük və sərhəd prosedurlarının uyğunlaşdırılması, transsərhəd ticarət və investisiyalar üzrə dövlət-özəl dialoqunun artırılması yolu ilə Mərkəzi Asiyada iqtisadi artımı sürətləndirmək və iqtisadi imkanları artırmaq üçün region miqyasında ticarət əlaqəsini və uyğunlaşdırılmasını təkmilləşdirməkdir. Tədbirlərdə, həmçinin transsərhəd firmalar arasında əlaqənin təkmilləşdirilməsi və ticarət məsələlərinin həlli diqqət mərkəzində olacaq.

TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi-Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir.

TRACECA beynəlxalq səviyyədə tanınan proqramdır və onun üzv ölkələri arasında "Avropa-Qafqaz-Asiyanın inkişafı üçün Beynəlxalq Nəqliyyat üzrə Əsas Çoxtərəfli Saziş"i imzalayan 13 ölkə daxildir. Bu ölkələr Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya, Tacikistan, Türkiyə, Özbəkistan və Ukraynadır. TRACECA maraqları bir araya gətirmək və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasının optimal yollarını tapmaq, o cümlədən Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi əlaqələri, ticarət və nəqliyyat kommunikasiyalarını inkişaf etdirmək üçün sabit platformadır.

Ekspertlər Rusiya-Ukrayna müharibəsi başlayandan Transxəzər nəqliyyat dəhlizi, yəni TRACECA xətti ilə yükdaşımaların, həcminin durmadan artdığını bildirir.

TRACECA - Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov Amerikanın Səsinə bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayanadan sonra Çin Rusiya üzərindən Avropaya konteyner daşımalarının TRACECA xətti ilə daşınmasına üstünlük verir.

Onun sözlərinə görə, müharibəyədək il ərizndə Rusiya üzərindən bir milyondan çox konteyner daşınıb. Milli katib deyib ki, 2022-ci ilin sonunadək TRACECA dəhlizi ilə yük axınının 5 dəfəyədək artacağı gözlənilir.

XS
SM
MD
LG