Accessibility links

Azərbaycanın Kyivdəki Səfirliyinin binasının raket zərbəsindən zədələndiyi bildirilir


Rusiya Ordusunun Kyivə raket zərbələri endirməsi nəticəsində Azərbaycanın Ukraynadakı Səfirliyinin binası zədələnib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, raketlərdən biri Azərbaycan Səfirliyinin yerləşdiyi küçədə yaşayış binasına dəyib. Raket zərbəsinin dalğasından Azərbaycan Səfirliyinin yerləşdiyi binanın pəncərələrinin şüşələri sınıb və binanın divarlarında çatlar yaranıb.

Rəsmi qurumlar Azərbaycan Səfirliyinin binasının zədələnməsi və səfirliyin gələck iş rejimi barədə hələ məlumat yaymayıb.

Sosial mediada yayılan xəbərləri Azərbaycan Xarici İşlər Nazirliyindən də dəqiqləşdirmək hələ mümkün olmayıb.

Bununla yanaşı, haqqin.az saytı səfirliyin şüşələri sınmış pəncərələrinin və çatlar yaranmış divarlarının fotolarını yayıb.

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Trend agentliyinə bildirib ki, Kyivdəki səfirliyin binası yaxınlığına raket zərbəsi nəticəsində binanın divarlarında çatlar əmələ gəlib.

"Səfirliyimiz 60-cı illərdən qalma binada yerləşir. Bu bina keçmiş uşaq bağçasıdır. Sonra səfirliyimizin ehtiyaclarına uyğunlaşdırılıb. Artıq bir raket zərbəsi nəticəsində səfirliyin binasına ziyan dəymişdir. İki ay əvvəl bizdən uzaq olmayan yerdə çox güclü raket zərbəsi nəticədinə səfirliyin pəncərələri sındı. Ancaq indi zərbə daha da yaxın idi, daha da güclü bir zərbə dalğası oldu, bir neçə pəncərə sındı, divarlardakı çatlar daha da gənişləndi. Allaha şükürlər olsun ki, əməkdaşlarımız sağ-salamatdırlar,” səfir qeyd edib.

Azərbaycanın Ukraynadakı Diaspor Təşkilatının fəalı Yalçın Qəhrəmanoğlu Amerikanın Səsinə deyib ki, Rusiyanın son gündə atdığı raketlər əsasən Kyivin Şevçenko rayonunun Lukyanovka ərazisinə düşüb.

“Azərbaycan Səfirliyinin binası da həmin ərazidə yerləşir. Podol rayonuna düşən
raket ölkəmizin Kyivdəki səfirliyinin 50 metr yaxınlığında partlayıb. Amma səfirliyin binasının raket zərbəsinə məruz qalması barədə Ukraynada rəsmi məlumat yayılmayıb. Bununla yanaşı, Azərbaycan Səfirliyinin binasının raketlərin partlayışı zamanı yaranan dalğalardan zərər çəkməsi mümkündür.”

Qəhrəmanoğlunun dediyinə görə, Rusiya son günlər Kyivdəki zavodlara və hərbi obyektlərə Xəzər dənzindən X-101 raketləri atır və bu raketlər çox dağıdıcı gücə malikdir.

“Azərbaycan Səfirliyi həm də Artyom deyilən zavodun yaxınlığında yerləşir və bu zavod raket zərbələrinin hədəfindədir. Ola bilər ki, raket zərbələrinin dalğasından Azərbaycan Səfirliyinin binası zədə alsın. Bu realdır,“ o qeyd edib.

Azərbaycanın Ukraynadakı Səfirliyi bu il aprelin 29-da Kyiv şəhərində fəaliyyətini bərpa edib. Səfirliyin binası Kyiv şəhəri, Qlıboçitskaya küçəsi 24-də yerləşir.

XS
SM
MD
LG