Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycanda səfərdədir. Prezident İlham Əliyevlə Sergey Lavrovun görüşündə ikitərəfli və regional məsələlər, o cümlədən Azərbaycanla Ermənistan arasında kommunikasiya qurğularının açılması, sərhədlərin delimitasiyası məsələləri diqqət mərkəzində olub.
Prezident Əliyev ilk öncə bu il fevralın 22-də Moskvada imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında bəyannaməni xatırladıb.
“Hesab edirəm ki, bizim münasibətlərimizin gələcək inkişafı üçün bu əsas sənəd çoxillik, çox səmərəli əməkdaşlığın gözəl yekunudur. Bəyannamənin müddəalarının implementasiyası çərçivəsində artıq xeyli iş görülüb. Əminəm ki, sizin səfəriniz çərçivəsində bu istiqamətdə yeni addımlar atılacaq,” dövlət başçısı qeyd edib.
Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə danışarkən deyib ki, Azərbaycanın mövqeyi regionda uzunmüddətli sülhün bərqərar olunmasına yönəlib.
“Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən də müsbət qəbul ediləcək və çoxillik qarşıdurmaya son qoyulacaq. Sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək.”
Prezident ümid edir ki, 2020-ci il noyabr Bəyannaməsinin implementasiyası məqsədilə kommunikasiyaların açılması, Azərbaycan yüklərinin və vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına maneəsiz çatdırılmasının təmin edilməsi kontekstində də praktiki addımlar atılacaq.
“Bu, Ermənistan tərəfinin hüquqi öhdəliyidir. Lakin təəssüf ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından ilyarımdan çox keçməsinə baxmayaraq Bəyannamənin həmin bəndi indiyə qədər yerinə yetirilməyib. Düşünürəm ki, bütövlükdə vəziyyətin normallaşması üçün bizim konsepsiya çərçivəsində çox praktiki addımlar atmaq mümkün olacaq. Əlbəttə, Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiya Federasiyasının fəal səylərinə də ümid bəsləyirik,” o qeyd edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, keçən il Azərbaycanla əmtəə dövriyyəsi rekord səviyyədə - təqribən $3,5 milyard dollar olub.
“Bu da son hədd deyil, həm hökumətlərimiz, həm də regionlar səviyyəsində yeni planlar var. 70-dən çox region Azərbaycanla əməkdaşlıqda iştirak edir. Mənə dedilər ki, təkcə bu il ərzində Udmurtiya, Başqırdıstan, Perm diyarı və əlbəttə, Azərbaycanla xüsusi münasibətləri olan Həştərxan vilayətinin nümayəndə heyətləri Sizin ölkəyə səfər ediblər.”
Regional problemlərə gəldikdə, Lavrov deyib ki, Rusiya üç lider (Azərbaycan, Rusiya, Ermənistan) tərəfindən 2020-ci ilin noyabrında, 2021-ci ilin yanvarında və noyabrında imzalanmış üç sənədin reallaşmasına hər vasitə ilə kömək etməyə hazırdır.
“Bizim dəyərləndirməmizə görə, kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyətində müəyyən irəliləyiş var. Razılaşdırılmalı məsələləri biz Ermənistan tərəfi ilə müzakirə edirik. Mənə belə gəlir ki, avtomobillərin maksimum komfort şəkildə hərəkətinə heç bir süni maneə yaradılmaması üçün bu işin təşkili məsələsini necə həll etmək barədə ümumi fikir formalaşır.”
Nazir deyib ki, Rusiya Azərbaycanda və Ermənistanda sərhədlərin delimitasiyası və demarkasiyası üçün yaradılmış iki komissiyanın xətti üzrə işə məsləhət xidmətləri göstərməyə hazırdır. Bu barədə konkret təkliflər var.
“Siz münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsini, gələcək müqavilənin sizin tərəfinizdən təqdim olunmuş müddəalarını xatırlatdınız. Yeri gəlmişkən, biz eşitmişik, Ermənistan tərəfi, baş nazir Paşinyan bu mövzuda danışıqlar aparmağa hazırdır. Biz burada da Azərbaycanın və Ermənistanın razılığı ilə kömək göstərməyə hazırıq.”
Sergey Lavrov həmçinin bildirib ki, bir həftədən sonra Aşqabadda “Xəzər beşliyi”nin növbəti sammiti keçiriləcək.
Rəsmi məlumatlarda görüşdə Rusiya-Ukrayna müharibəsi və bu ətrafda mövzulara toxunulub-toxunulmadığı bildirilmir.
Turan Agentliyinin siyasi redaksiyasının redaktoru Şahin Hacıyev Amerikanın Səsinə deyib ki, Rusiyanın hazırda blokadada olan durmunu nəzərə alanda, bu ölkənin Azərbaycanla iqtisadi və siyasi əməkdaşlığı vacib faktordur.
“Rusiya indi nəinki Azərbaycan, hər bir ölkə ilə əməkdaşlığı gücləndirməyə çalışır. Burada çox ciddi iqtisadi maraqlar var. Nəzərə alsaq ki, Rusiyanın neft-qaz ixracı kifayət qədər azalıb. Bu zaman birdən-birə Hindistan Rusiyadan aldığı neftin həcmini iki dəfə artırır. Yəni Rusiya üçün Avropa, qərb bazarları bağlandıqca o özünə yeni müttəfiqlər, tərəfdaşlar axtarır. İran və sonra Azərbaycana və digər ölkələrə səfərlər iqtisadi əlaqələrin genişləndirilməsi və əvvəlki gəlirlərin itirilməməsi və ya bunu minimuma endirmək cəhdidir.”
Ekspert hesab edir ki, bağlı qapılar arxasındakı danışıqlarada təbii ki, bu məsələlər də müzakirə edilir.
Hacıyev həmçinin hesab edir ki, Lavrovun səfəri ötən il noyabrın 9-da Moskvada imzalanan bəyannamənin reallaşdırılması istiqamətində bir addımdır.
“Ən vacib bəyanat Zəngəzurun üzərindən keçməklə Azərbaycandan Ermənistana və Naxçıvana gedəcək avtomobil yolunun marşrutu ilə bağlı təklifdir. Lavrov ilk dəfə bildirib ki, erməni tərəfi bu marşrutu ümumən qəbul edir. Bu, Lavrovun Azərbaycan prezidenti ilə görüşündə səslənən ən vacib bəyanatdır. Bu reallaşsa sülh sazişi istiqamətində daha bir addım atılmış olar. Bu, həmçinin Ermənistanla münasibətlərin normallaşmasında ikinci nəticə olar. Nəzərə alsaq ki, dəmir yolu sahəsində artıq razılaşma var,” o, qeyd edib.