Accessibility links

Azərbaycan və Rusiya prezidentləri Ukrayna ilə bağlı müzakirə aparıb - təhlilçi reaksiyaları


Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin
Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin

Yanvarın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Azərbaycan prezidentinin rəsmi internet saytının yaydığı məlumata göerə, telefon söhbəti zamanı Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub, strateji tərəfdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.

“Dövlət başçıları son vaxtlar Rusiya-ABŞ arasında təmaslar, Qazaxıstanda vəziyyətin sabitləşməsi ilə bağlı məmnunluq ifadə ediblər, Ukrayna ətrafında gedən proseslər müzakirə olunub.

Azərbaycan və Rusiya prezidentləri regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar,” president.az saytı bildirir.

Rusiya prezidentinin rəsmi internet saytının məlumatında isə deyilir ki, telefon söhbəti zamanı “İlham Əliyevin Ukraynaya son səfərini nəzərə alaraq, Kiyevin destruktiv xəttinə görə dalana dirənmiş Ukraynadaxili nizamlanma məsələləri müzakirə olunub”.

“Vladimir Putin ABŞ və müttəfiqləri ilə Rusiyanın təhlükəsizliyini təmin etmək üçün təminatların verilməsi məsələlərində təmaslarından danışıb. Qazaxıstanda baş verən son hadisələrlə bağlı fikir mübadiləsi zamanı, xüsusən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələrinin iştirakı sayəsində vəziyyətin tez bir zamanda sabitləşməsindən məmnunluq ifadə olunub. Rusiya-Azərbaycan strateji tərəfdaşlığını daha da gücləndirmək niyyəti təsdiqlənib,” kremlin.ru saytının yaydığı məlumatda deyilir.

Prezident İlham Əliyev yanvarın 14-də Ukraynada rəsmi səfərdə olub. Səfər çərçivəsində prezident İlham Əliyev və Ukrayna prezidenti Volodimir Zelenski iki ölkə arasında münasibətlərin perspektivlərini müzakirə edib. Prezidentlər ticarət əlaqələrinin daha genişləndirilməsi, GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkilatı daxilində iqtisadi, ticarət, nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığın güclənsdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıb.

Volodimir Zelenski bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya səfəri iki dövlət arasında siyasi, iqtisadi müstəvilərdə və təhlükəsizlik sahəsində strateji tərəfdaşlığı keyfiyyətcə dolğunlaşdırır.

"Biz mövcud əməkdaşlığın bütün sahələrini və onu gücləndirmək üçün bütün imkanları ətraflı şəkildə müzakirə etdik. Görüşün nəticəsi olaraq kənd təsərrüfatı, energetika və ticarət sahəsində əməkdaşlıq haqqında altı ikitərəfli sənəd imzalanıb. Onların həyata keçirilməsi investisiya fəaliyyətini sadələşdirəcək, ərzaq və energetika təhlükəsizliyini gücləndirəcək, ikitərəfli ticarət dövriyyəsi həcmini artıracaq. Bizim bir çox planlarımız var, onlar barədə ətraflı danışdıq," Ukrayna prezidenti bildirib.

O qeyd edib ki, pandemiyaya baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsi nəinki azalmayıb, hətta son yeddi ildə ilk dəfə rekord göstəricilərə - təxminən 1 milyard ABŞ dollarına çatıb.

Volodimir Zelenski qeyd edib ki, bu, yuxarı hədd deyil və bu gün dövlətlər qarşılarına yeni iddialı məqsəd - 2024-cü ilə qədər ikitərəfli ticarəti iki dəfə artırmaq məsədi qoyub.

Ukrayna prezidenti tranzit potensialının inkişafını və müvafiq infrastrukturun yaradılmasını daha bir aktual məqsəd kimi qeyd edib.

"Beynəlxalq avtomobil və dəmir yolu daşımaları sahəsində, habelə aviasiya sahəsində əməkdaşlığı fəallaşdırmalıyıq. Biz gələcəkdə də bir sıra perspektivlər üzərində birgə işləyəcəyik, onlar arasında GUAM çərçivəsində Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanı birləşdirən nəqliyyat dəhlizinin yaradılması da var", deyən prezident digər mühüm sahələrdə əməkdaşlıq məsələlərinə də toxunub.

İlham Əliyev öz növbəsində qeyd edib ki, Ukrayna və Azərbaycan münasibətlərinin bir çox imkanları var. Xüsusən, energetika sahəsində əməkdaşlıq planları, habelə neft emalı sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları var.

"Biz bütün sahələrdə əməkdaşlığa hazırıq," prezident Əliyev bildirib.

Politoloq Şahin Cəfərli Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycan-Ukrayna əlaqələri həmişə yaxşı olub.

“Iki dövlətin maraqlarının üst-üstə düşməsini şərtləndirən ən vacib məsələ hər iki dövlətin ərazisində münaqişənin mövcudluğu olub. Bu baxımdan bu dövlətlər hər zaman bir-birinin ərazi bütövlüyünə, müstəqilliyinə dəstək verib. Digər amil, postsovet dövründə yaranan GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkilatıdır. Düzdür, son zamanlar bu təşkilat o qədər də fəal olmayıb. Ancaq, prezident Əliyevin Ukraynaya səfəri zamanı bu təşkilatın dirçəldilməsi barədə razılıq əldə edilib. Xüsusilə iqtisadi, nəqliyyat və kommunikasiya sahəsində GUAM təşkilatının aktivləşdirilməsi qərara alınıb.”

Politoloq hesab edir ki, prezident Əliyevin səfərinin vacib məqamlarından biri də Azərbaycanın Ukraynadan torpaq sahələri icarəyə götürərək kənd təsərrüfatı məhsulları əkməsi olacaq.

“Bu razılaşma Azərbaycanın bu torpaqlarda ərzaq buğdası əkərək öz ərzaq təhlükəsizliyinin təmin olunması baxımından vacibdir.”

Ekspert GUAM daxilində siyasi fəaliyyətin aktivləşdirilməsinin Rusiyanın təzyiqlərinə səbəb olma ehtimalları ilə bağlı sualın cavabında deyib ki, Azərbaycan GUAM-da fəaliyyətində həmişə Rusiya faktorunu nəzərə alır.

“Azərbaycan Ukraynanın ərazi bütövüyünə dəstək versə də bu sahədə ehtiyatlı siyasət yürüdür. Çalışır ki, Rusiyanı qıcıqlandıracaq addımlar atmasın. Buna misal kimi, Azərbaycanın Krım platformasının təsis konfransında iştirak etməməsini göstərə bilərik. Yəni, hansı məsələlərdə Rusiyanın Azərbaycana qarşı aqressivliyi yarana bilər, o sahələrdə Azərbaycan bir qədər geri planda durur. Rusiyanın aqressiv addımlar atacağından çəkinir. Bu baxımdan Azərbaycan GUAM daxilində əməkdaşlığın siyasi komponentlərinə deyil, daha çox iqtisadi komponentlərinə üstünlük verir. Səfər zamanı da bunu müşahidə etdik,” o qeyd edib.

Politoloq GUAM dövlətləri arasında nəqliyyat dəhlizi barədə danışarkən deyib ki, nəqliyyat dəhlizi dedikdə daha çox Azərbaycanın Gürcüstan və Ukraynanın Qara dəniz limanlarından daha geniş istifadəsindən söhbət gedir.

Elxan Şahinoğlu: Rusiya ilə Ukrayna arasında müharibə ehtimalı artır

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsinə bildirib ki, Rusiya-Ukrayna münasibətləri gərgin olaraq qalacaq.

“Rusiya Krımı ilhaq etməklə, Donbasda separatçı bölgə yaratmaqla qırmızı xətti aşıb, qərblə münasibətləri gərginləşdirib. İndi də Ukrayna ilə sərhədə 100 minlik qoşun yığıb. Müharibə ehtimalı hər gün artır. Burada iki ssenari ola bilər. Birinci ssenari odur ki, 2014-cü ildə Krımın ilhaq edildiyi kimi, Donbası Rusiyaya birləşdirə bilərlər. İkinci ssenarini Putin də bir neçə dəfə səsləndirib. Novorossiya planı, yəni Ukraynanın yarıya bölünməsi,- strateji şəhərlər olan Mariopol, Odessa, Nikolayev, Xerson, Dnepr, Xarkov kimi şəhərləri ələ keçirmək. Bu da böyük miqyaslımüharibəyə səbəb ola bilər. Moskva bu iki ssenaridən birini reallaşdırmağa çağırır. Hesab edirəm ki, bu il toqquşma ehtimalı daha da artacaq,” o, qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyevin Vladimir Putinlə Ukrayna ətrafındakı durumu müzakirə etməsinə gəlincə ekspert deyib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünə dəstək verir və bununla yanaşı Rusiya amilini nəzərə alır.

“Təsadüfi deyil ki, Azərbaycan prezidenti Ukraynadan səfərdən dönəndən bir neçə gün sonra Rusiya prezidenti ilə telefonla danışdı. Bu onunla bağlı idi ki, Rusiya elə başa düşməsin ki, Azərbaycan Ukrayna ilə əməkdaşlığını inkişaf etdirəcəksə Rusiyaya qarşı siyasət formalaşdıracaq. Yəni, Azərbaycan hakimiyyəti Rusiya ilə münasibətləri gərginləşdirmək istəmir. Baxmayaraq ki, Azərbaycan prezidenti son müsahibəsində Rusiya sülhməramlılarının Qarabağda fəaliyyəti ilə bağlı ciddi sorğular ortaya qoyub.”

Politoloq hesab edir ki, Rusiya ilə Ukrayna arasında müharibə başlayarsa Azərbaycan üçün müəyyən çətinliklər yarada bilər.

“Azərbaycanın Rusiya ilə münasibətləri normaldır, Ukraynanın da ərazi bütövlüyünü dəstəkləyir. Bu baxımdan müharibə amili Azərbaycanın maraqlarına cavab vermir,” o qeyd edib.

Ekspert hesab edir ki, Rusiyanın fəaliyyəti nəticəsindəregionda stabillik görünmür.

“Rusiya 2008-ci ildə Gürcüstanla müharibə etdi, bu ölkəni parçaladı, Abxaziya və Cənubi Osetiyanı işğal etdi. 2014-cü ildə Ukraynaya hücum etdi, Krımı ilhaq etdi, Donbasda separatçı bölgə yaratdı. İndi dəQazaxıstan ətrafında vəziyyət qeyri-stabildir, baxmayaarq iğtişaşlar dayandırılıb. Rusiya rəsmiləri gizlətmirlər ki, onların Qazaxıstanın şimal ərazilərinə iddiaları var. Qazaxıstanın siyasətində hər hansı dəyişiklik olarsa Rusiyanən millətçi hakim dairələrinin bu ölkəni də parçalamaq fikri var. Putin də bir neçə dəfə deyib ki, keçmişdə Qazaxıstan adlı dövlət olmayıb.”

Ekspertin fikrincə, Azərbaycan hökuməti Gürcüstan, Moldova, Ukraynaya nisbətən Rusiya ilə yaxşı münasibələr uqrub.

“Amma, bununla yanaşı Azərbaycan cəmiyyətinin Rusiyanın siyasətinə qarşı böyük narazılığı var. Bu həm Rusiyanın Qarabağsiyasəti, həm də digər sahələrdə siyasəti ilə bağlıdır. Buna baxmayaraq Azərbaycan Rusiya ilə münaqişə istəmir.”

Azərbaycanın Rusiya ilə MDB-nin digər münaqişə tərəfi olan dövlətləri arasında vasitəçi roluna gəlincə, Şahinoğlu bunu mümkün saymır.

“Azərbaycan kiçik dövlətdir. Bizim bu kimi məsələlərdə vasitəçi olmaq imkanımız böyük deyil. Təsəvvür edin, Türkiyə regionun ən böyük dövlətlərindən biridir. Türkiyə prezidenti bu gün təklif edib ki, Rusiya ilə Ukrayna arasında vasitəçi ola bilər, amma, Rusiya faktiki təklifi rədd etdi,” o deyib.

XS
SM
MD
LG