Accessibility links

Azərbaycan və ABŞ arasında enerji sahəsində əlaqələr müzakirə edilib


Bu gün, fevralın 9-da energetika naziri Pərviz Şahbazov və ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger enerji sahəsində ikitərəfli əlaqələr, Cənub Qaz Dəhlizinin genişlənmə perspektivlərinə dair müzakirələr aparıb.

Energetika Nazirliyinin məlumatında deyilir ki, nazir Pərviz Şahbazov Məşvərət Şurasının VIII iclasının məhsuldar keçdiyini və bu toplantının Cənub Qaz Dəhlizinin gələcək inkişafı üçün faydalı olduğunu bildirib.

Görüşdə ABŞ səfiri Litezenberger təbii qazın enerji keçidində mühüm rol oynayacağını, buna görə də təbii qaz layihələrinə investisiyaların təşviqinin vacib olduğunu qeyd edib. O, Azərbaycanın etibarlı enerji təchizatçısı olduğunu vurğulayıb.

Məlumatda deyilir ki, söhbət zamanı bərpa olunan enerji layihələri ilə bağlı da fikir mübadiləsi aparılıb. Yaşıl enerjinin ixracı və gələcəkdə hidrogen istehsalı imkanları, eləcə də beynəlxalq şirkətlər ilə əməkdaşlıq məsələləri müzakirə edilib.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin yanvarın 4-də Bakıda keçirilən səkkizinci iclasında Avropa İttifaqı və Azərbaycan hökuməti Cənub Qaz Dəhlizinin genişləndirilməsi barədə razılıq əldə edib.

Cənub Qaz Dəhlizi
Cənub Qaz Dəhlizi

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, 2021-ci ildə Azərbaycan Avropa bazarında 8 milyard 150 milyon kubmetr qaz satıb.

“Azərbaycan 2022-ci ildə öz həcmlərini daha 10 milyard kubmetrədək artıracaq,” o qeyd edib.

Cənub Qaz Dəhlizi Azərbaycan prezidenti İlham Əliyevin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı əsasında,“Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb.

2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan Avropaya kommersiya məqsədli qazın nəqlinə başlanılıb.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurlu birləşdirildikdən sonra kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən SNAM Rete Gas (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırılıb.

TAP Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 kilometrlik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə (TANAP) birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək, İtaliyanın cənub sahillərinə çatır.

TAP-ın səhmdarları SOCAR (20%), BP (20%), Snam (20%), Fluxys (19%), Enagás (16%) və Axpo (5%) şirkətləridir.

XS
SM
MD
LG