Accessibility links

Co Bayden: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır


ABŞ Prezidenti Co Bayden
ABŞ Prezidenti Co Bayden

İyunun 1-də Bakı Ekspo Mərkəzində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində çıxış edib.

Mərasimdə bir sıra təbriklər oxunub. Təbriklər arasında ABŞ Prezidenti Co Baydenin də təbriki yer alıb.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, ABŞ prezidentinin təbrikində qeyd edilib ki, Azərbaycanla ABŞ 30 illik əlaqələr zamanı güclü tərəfdaşa çevrilib.

"Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir".

ABŞ dövlət başçısı qeyd edib ki, enerji təhlükəsizliyi ilə bağlı məqsədlərə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynayıb:

"Bütün dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm dönüş nöqtəsini yaşadığımız bir dövrdə biz həm də təmiz enerjiyə keçidlə bağlı uzunmüddətli öhdəliklərimizi təmin etmək məqsədilə zəruri investisiya və dəyişikliklər edirik. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır".

İyunun 1-dən Bakı ümumilikdə Enerji Həftəsinə ev sahibliyi edir. İyunun 1-dən 4-dək davam edəcək Bakı Enerji Həftəsi öz adı altında üç böyük tədbiri birləşdirib - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu.

Bu il sərgilərə və foruma 30 ölkədən 249 şirkətin qatıldığı açıqlanıb.

ABŞ-ın Energetika Resursları Bürosu katibinin köməkçisinin müavini Laura Lokman hökumət rəsmiləri ilə görüşlərdə və "Bakı Enerji Həftəsi" tədbirində iştirak etmək üçün 30 may - 2 iyun tarixlərində Azərbaycanda səfərdədir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, dövlət katibinin köməkçisinin müavini Laura Lokman Dövlət Departamentinin Energetika Resursları Bürosunun Enerji Diplomatiyası komandasına rəhbərlik edir. Energetika Resursları Bürosunun əsas vəzifələrdən biri ABŞ-ın Azərbaycanla və digər ölkələrlə enerji əlaqələrinin gücləndirilməsidir.

XS
SM
MD
LG