Accessibility links

Azərbaycan, Türkiyə və Qazaxıstan şərq-qərb nəqliyyat dəhlizinin potensialının artırılmasını müzakirə edib


Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri
Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri

İyunun 27-də Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü Bakı Bəyannaməsinin imzalanması ilə başa çatıb.

Müzakirələrin əsas mövzusu üçtərəfli və regional əməkdaşlığın genişləndirilməsi, Xəzər dənizi vasitəsilə Şərq-Qərb dəhlizinin potensialının inkişaf etdirilməsi olub.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, bu format regional əlaqələrin qarşılıqlı faydalı əsasda möhkəmləndirilməsi məqsədilə düşünülüb.

Belə ki, əməkdaşlıq çərçivəsində Bakı - Tbilisi - Qars dəmir yolu dəhlizinin imkanlarının genişləndirilməsi planlaşdırılır.

Azərbaycan, Türkiyə və Qazaxıstan nazirləri bəyyannamə imzalayıb
Azərbaycan, Türkiyə və Qazaxıstan nazirləri bəyyannamə imzalayıb

Bundan əlavə, Azərbaycan əraziləri azad edildikdən sonra regionda nəqliyyat kommunikasiyalarının inkişafı üçün yeni reallıqlar və imkanlar yaranıb.

“Bu mənada Zəngəzur dəhlizinin yaradılması Avropa İttifaqı, Türkiyə və Asiya ölkələrinin nəqliyyat daşımaları üçün yeni marşrut aça bilər,” Bayramov bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da “Zəngəzur dəhlizi”nin əhəmiyyətindən danışıb.

“Biz Ermənistanla münasibətlərin normallaşmasını və Zəngəzur dəhlizinin açılmasını dəstəkləyirik,” o, qeyd edib.

Onun sözlərinə görə, üç ölkə türk dövlətləri təşkilatı çərçivəsində və beynəlxalq platformalarda əməkdaşlıq edir.

“Biz potensialımızı artırmalıyıq. TANAP, Bakı-Tbilisi-Qars kimi layihələr bölgəmizdə dəyişikliklərə səbəb oldu. İndi orta dəhlizin inkişafına zərurət var,” Çavuşoğlu bildirib.

“Xəzər dənizi vasitəsilə tranzitin böyük əhəmiyyəti var,” deyə o davam edib və bildirib ki, region ölkələri infrastruktur və kommunikasiya əlaqələrini inkişaf etdirməlidirlər.

“Ümid edirəm ki, digər türk dövlətləri də bu istiqamətdə işlərə böyük töhfə verəcəklər,” Türkiyənin xarici işlər naziri qeyd edib.

Görüşün yekunlarına əsasən birgə Bakı Bəyannaməsi imzalanıb. Tərəflər “Azərbaycan, Ermənistan və Rusiyanın 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarında əks olunmuş dəmir yolu və avtomobil dəhlizlərinin yaradılması da daxil olmaqla, regionda əlaqələri möhkəmləndirəcək yeni dəhlizlərin aktiv istismarının zəruriliyini” bəyan ediblər.

Nazirlər həmçinin orta dəhlizin perspektiv hissəsi kimi Zəngilan və Naxçıvanı birləşdirən dəhlizin inkişafının vacibliyini bildiriblər.

Növbəti üçtərəfli görüş Qazaxıstanda keçiriləcək. Bundan öncə nəqliyyat qurumları üçtərəfli işçi qrupu formalaşdıracaqlar.

Bakı görüşündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi, eləcə də Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank, Qazaxıstanın sənaye və infrastruktur inkişafı naziri Kairbek Uskenbayev iştirak ediblər.

TRACECA
TRACECA

Rusiya-Ukrayna müharibəsi bu ölkələrin ərazisi, həmçinin Qara Dəniz limanları ilə yükdaşımalarda ciddi çətinliklər yaradıb.

Rusiya Qərbin sanksiyaları altında olduğundan Çindən Qərb bazarlarına və əksinə daşınan yüklərin əsas axını Çin-Qazaxıstan-Özbəkistan-Türkmənistan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə və daha sonra Qərb istiqamətini əhatə edən Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinə keçib.

TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov Amerikanın Səsinə bildirib ki, Rusiya-Ukrayna müharibəsi TRACECA xətti ilə yük daşımalarının həcminin artmasına təkan verib.

“Rusiya üzərindən il ərzində bir milyon konteynerdən çox yük daşınırdı. Bizim dəhlizimizdən tarixi göstərici üzrə maksimal hədd 50-60 min konteyner olub. Təbii ki, Rusiya üzərindən daşınan yüklərin 100 faizini fiziki olaraq hazırkı vəziyyətdə bizim dəhlizimizin emal etməsi çətindir. Amma istənilən dərəcədə ilin sonuna qədər proqnozlaşdırırıq ki, bizim dəhlizlə yük daşınmasında ən azı 3-5 dəfə artım ola bilər” , o qeyd edib.

Bu il mayın 16-dan 24-dək Xəzər dənizi və Qara dəniz limanları vasitəsilə Mərkəzi Asiya-Avropa İttifaqı marşrutu üzrə ticarətin artırılması imkanlarına dair tədqiqat turu (Road Sho) keçirilib.

Aktaudan (Qazaxıstan) başlayaraq Bakı (Azərbaycan), Tbilisi və Batumiyədək (Gürcüstan) davam edən tədqiqat turunda Mərkəzi Asiya ölkələri, Azərbaycan, Bolqarıstan, Gürcüstan və Türkiyədən nümayəndə heyətləri iştirak edib.

Turun təşkilatçıcı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) bildirib ki, məqsədi gömrük və sərhəd prosedurlarının uyğunlaşdırılması, transsərhəd ticarət və investisiyalar üzrə dövlət-özəl dialoqunun artırılması yolu ilə Mərkəzi Asiyada iqtisadi artımı sürətləndirmək və iqtisadi imkanları artırmaq üçün region miqyasında ticarət əlaqəsini və uyğunlaşdırılmasını təkmilləşdirməkdir. Tədbirlərdə, həmçinin transsərhəd firmalar arasında əlaqənin təkmilləşdirilməsi və ticarət məsələlərinin həlli diqqət mərkəzində olub.

Bununla yanaşı, Azərbaycandan tranzit keçməklə Gürcüstan, Türkiyə marşrutu ilə hərəkət edən yük nəqliyyat vasitələrinin gömrük-keçid məntəqələrində yaranan sıxlıqların aradan qaldırılması məqsədilə mayın 12-də gömrük orqanlarının nümayəndələri arasında görüş keçirilib.

Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (ТRACECA - Transport Corridor Europe -Caucasus-Asia) - Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir.

Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.

XS
SM
MD
LG