Accessibility links

Sepah hərbi təlimlərdə Araz çayında səyyar körpü quraşdırmağı planlaşdırır


İran İslam İnqilabı Keşikçilər Korpusu qüvvələri
İran İslam İnqilabı Keşikçilər Korpusu qüvvələri

İnqilab Keşikçiləri Korpusunun Quru Qoşunları oktyabrın 17-dən Ərdəbil və Şərqi Azərbaycan vilayətlərinin şimalında, Araz çayı yaxınlığındakı ərazilərdə təlimlərə başlayıb.

Bu barədə İİKK quru qoşunlarının komandanı Məhəmməd Pakpur mətbuata açıqlama verib.

Sepah rəsmilərinin dediyinə görə, üç gün davam edəcək bu hərbi təlimdə texnika və silahların daşınması məqsədilə Araz çayı üzərində ilk dəfə olaraq səyyar körpü quraşdırılacaq.

İnqilab Keşikçilərinə yaxın olan Tasnim xəbər agentliyi, "hərbi təlimdə Arazı keçmək üçün məşq" başlıqlı xəbərdə bu təlimin coğrafi əhatəsinin Ərdəbil və Şərqi Azərbaycan vilayətlərinin bütün sərhəd zolağı olduğunu bildirib.

İran qəzeti də öz birinci səhifəsində eyni xəbər başlığından istifadə edib və bu təlimin təfərrüatları barədə İİKK Quru Qoşunlarının komandanı Məhəmməd Pakpura istinadən yazıb: "Araz çayı üzərində körpünün quraşdırılması, rabitə yollarının ələ keçirilməsi və nəzarətə alınması, hündürlüklərin ələ keçirilməsi və məhvetmə məqsədilə hücumedici taktikaların məşqi nəzərdə tutulur.”

İnqilab Keşikçiləri Korpusunun komandirləri bu hərbi təlim barədə məlumat verərkən, coğrafi miqyas, qoşun və texnikanın miqdarını əvvəlki təlimlərə nisbətən daha geniş və çox olduğunu bildiriblər.

İkinci Qarabağ Müharibəsindən sonra ölkə silahlı qüvvələri İran Azərbaycanında 3 dəfə hərbi təlim keçirib.

İran İslam Respublikası, Xorasan və Ettelaat qəzetləri son günlər öz manşetlərini SEPAH-ın Araz yaxınlığındakı təlim xəbərlərinə həsr ediblər.

Həmçinin "Şərq" qəzeti "Təhdidə cavab" başlığı ilə məqalə dərc edərək, Azərbaycan və Ermənistan arasında son zamanlar baş verən münaqişələrə toxunaraq, bu əməliyyatın iki Cənubi Qafqaz ölkəsinin sərhəddində baş verən hadisələrlə bağlı keçirilməsini dəyərləndirib. Həmin məqalə İrdiplomacy saytında "Bakı təhdidinə cavab" başlığı ilə dərc olunub.

İran Azərbaycanından vəkil, Dr. Cəfər Afşarniya, İran İnqilabı Keşikçiləri Korpusunun Araz bölgəsində keçirdiyi təlimlə bağlı İnstaqram hesabında bildirib ki, bu təlim BMT-nin Nizamnaməsinin 2-ci bəndinə və ölkələrin ərazi bütövlüyünə hörmət prinsipinə ziddir. Bu azərbaycanlı hüquqşünasın sözlərinə görə, Araz çayının ən dərin hissəsi İran, Azərbaycan və Ermənistan ölkələri arasında sərhəddir və bu çayın üzərindən səyyar körpü vasitəsilə hərbi qüvvələrin keçməsi "ərazi bütövlüyünün pozulması hesab olunur".

XS
SM
MD
LG