Accessibility links

İran parlamentinin sədrinin Azərbaycana səfəri təxirə salınıb


Iran parlamenti (Arxiv foto, mənbə VOA)
Iran parlamenti (Arxiv foto, mənbə VOA)

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın Azərbaycana səfəri təxirə salınıb. Bu barədə İranın Bakıdakı səfirliyi məlumat yayıb.

Səfərin təxirə salınmasının səbəbi açıqlanmayıb.

Müşahidəçilər güman edir ki, bu, son vaxtlar Bakı və Tehran arasında münasibətlərin kəskinləşməsi və Azərbaycan Silahlı Qüvvələrinin İranla sərhəd ərazilərdə keçirdiyi hərbi təlimlərlə bağlı ola bilər.

İranın Azərbaycandakı səfirliyi bir qədər əvvəl İran parlamentinin sədrinin Azərbaycana səfər edəcəyini bildirmişdi.

Ekspertlərin firkincə iki ölkə arasında münasibətlərdə gərginlik davam etməkdədir.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qüvvələri oktyabrın 17-dən başlayaraq bir neçə gün ərzində İranın Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında yerləşən Əraks (Araz) bölgəsində hərbi təlimlər keçirib.

İRNA agentliyinin məlumatına görə, SEPAH-ın quru qoşunları komandanı Məhəmməd Pakpur bildirib ki, təlimlərin qonşu ölkələr üçün mesajı sülh, dostluq və sabit təhlükəsizliyin möhkəmləndirilməsi, düşmənlər üçün isə İranın digər Silahlı Qüvvələri ilə birlikdə quruda yerləşən SEPAH-ın ölkə sərhədlərini qorumaq və istənilən təhdidlərə cavab verməyə hazır olmasıdır.

Təlimlər əsasən Azərbyacan-İran sərhədi boyunca olan ərazini əhatə edib. Bu il iyulun 19-da İranın ali dini lideri Əli Xamneyi Twitter səhifəsində bildirib ki, İran-Ermənistan sərhədini blok etmə siyasəti varsa, İran buna qarşı çıxacaq. Çünki bu sərhəd min illərin əlaqə yoludur.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərdən iki həftə sonra, noyabrın 2-də Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ölkənin İranla həmsərhəd olan cənub ərazilərində hərbi təlimləri başlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlim planına əsasən hərbi hissələr "Həyəcan" siqnalı ilə qaldırılıb.

"Daimi dislokasiya məntəqələrini tərk edən xüsusi təyinatlılar əməliyyat rayonlarına çıxarıldıqdan sonra komandirlərin məruzələri dinlənilib və tapşırıqlar dəqiqləşdirilib. Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının təlimə cəlb olunan hissə və bölmələri təyin edilmiş aerodromlara və rayonlara cəmləşdirilib. Plana uyğun olaraq təlimin növbəti mərhələlərində xüsusi təyinatlı bölmələr onları dəstəkləyən Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının bölmələri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları icra edəcəklər," Müdafiə Nazirliyi qeyd edib.

Bundan öncə, oktyabrın 20-22-də İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ermənistanın İranla sərhədində yerləşən Qafan şəhərində İranın baş konsulluğunun açılış mərasimində iştirak edib.

İRNA agentliyinin məlumatına görə Hüseyn Əmir Abdullahiyan bildirib ki, İran Ermənistanın təhlükəsizliyini regionun təhlükəsizliyi hesab edir.

Nazir, həmçinin ümidvar olduğunu bildirib ki, İran konsulluğu “dost Ermənistan hökumətinin tam dəstəyindən istifadə edəcək. Mən bununla İran hökumətinin Təbrizdə Ermənistanın Baş Konsulluğunu açmağa hazır olduğunu bildirirəm. İranın baş konsulluq açmaq qərarı iki ölkə xalqları arasında münasibətlərin dərinliyindən xəbər verir”.

Əmir Abdullahian həmçinin xarici qüvvələrin regionda olmasının əleyhinə olduğunu deyib.

İran xarici işlər nazirinin Ermənistana səfəri, bu ölkənin Qafan şəhərində baş konsulluq açması və Ermənistanı azərbaycanlıların yaşadığı Təbriz şəhərində baş konsulluq açmağa təşviq etməsi Azərbaycanda sərt tənqidlərlə qarşılanıb. Hətta rəsmi televiziya Milli Məclisin deputatlarının iştirakı ilə İranı tənqid etdiyi debatlar təşkil edir.

Oktyabrın 30-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər regionda son zamanlar yaranmış vəziyyət, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.

İRNA agentliyi isə bildirib ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə telefon danışığında deyib ki, İran Qafqaz münaqişəsinin həllinin düzgün yolunun 3+3 formatında (Azərbaycan, Ermənistan, Gürcüstan+Türkiyə, Rusiya, İran-red) görüşdə və regional mexanizmlərdə olduğuna inanır.

Telefon danışığı zamanı Əmir Abdullahian Bayramovu əmin edib ki, İran həmişə olduğu kimi, diplomatik və regional kanallar vasitəsilə Azərbaycan və Ermənistan respublikaları arasında mübahisələrin həllinə yönəlmiş səylərini diqqət mərkəzində saxlayır.

"Biz həmçinin həmişə hesab etmişik ki, regionda xarici qüvvələrin olması mübahisələri daha da çətinləşdirir və buna görə də biz onların mövcudluğuna qarşıyıq," İranın xarici işlər naziri qeyd edib.

XS
SM
MD
LG