Accessibility links

SEPAH Azərbaycanla sərhəddə hərbi təlimlərə başlayıb


İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qüvvələri okybarın 17-də İranın Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında yerləşən Əraks (Araz) bölgəsində hərbi təlimlərə başlayıb.

İRNA agentliyinin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu Quru Qoşunlarının döyüş hazırlığının artırılması məqsədi daşıyan hərbi təlimlər illik plan üzrə keçirilir.

SEPAH-ın quru qoşunları komandanı Məhəmməd Pakpur bildirib ki, təlimlərdə paraşüt-helikopter, gecə hücumu, helikopter döyüşü, pilotsuz uçuş aparatlarının döyüş əməliyyatlarıı, həmçinin Araz çayı üzərində körpünün tikintisi, rabitə xətlərinin tutulması və idarə edilməsi, yüksəkliklərin tutulması və məhv edilməsi nəzərdə tutulur.

"Bu təlimlərin qonşu ölkələr üçün mesajı sülh, dostluq və sabit təhlükəsizliyin möhkəmləndirilməsi, düşmənlər üçün isə İranın digər Silahlı Qüvvələri ilə birlikdə quruda yerləşən SEPAH-ın ölkə sərhədlərini qorumaq və istənilən təhdidlərə cavab verməyə hazır olmasıdır" , general Hakpur vurğulayıb.

Təlimlər əsasən Azərbyacan-İran sərhədi boyunca olan ərazini əhatə edir. Bu ilin iyulun 19-da İranın ali dini lideri Əli Xamneyi twitter səhifəsində bildirib ki, İran-Ermənistan sərhədini blok etmə siyasəti varsa, İran buna qarşı çıxacaq. Çünki bu sərhəd min illərin əlaqə yoludur.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Əli Xamneyinin rəsmi twitter səhifəsi
Əli Xamneyinin rəsmi twitter səhifəsi

İran mediası Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında 2021-ci il noyabrın 26-da Cənubi Qafqaz regionunda tranzit yolların açılmasına dair Soçi sammiti çərçivəsində imzalanan üçtərəfli bəyanatı tənqid edib. Yerli ekspertlər bu bəyanatı İranın Qafqazdan sıxışdırılması kimi qiymətləndirib.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə müsahibəsində bildirib ki, İranın Azərbaycanla sərhəddə təlim keçiməsi Azərbaycana qarşıdır.

"Bu təlimlərin keçirilməsinin arxasında bəzi dairələrin, xüsusilə SEPAH-ın maraqları var. Çünki Ermənistanla bağlantının saxlanılması SEPAH-ın rəsmiləri adından dəfələrlə dilə gətirilib. Bu istiqamətdə gərginlik də artmaqdadır" , o qeyd edib.

Zülfüqarov hesab edir ki, İran tərəfindən Azərbaycana qarşı təzyiq cəhdləri müvəqətidir.

"Çünki İranın dövlət maraqları bölgədə Zəngəzur dəhlizinin fəaliyyətə başlamasını və bunun nəticəsində Şimal-Cənub dəhlizinin fəaliyyətinin bərpa olunmasını tələb edir. Belə ki, dəmir yolu bağlantısının bərpası İranın, həmçinin regionun bir çox dövlətlərinin maraqlarına uyğundur. Lakin buna qarşı çıxanların olduğunu görürük. Hesab edirəm ki, bu onların şəxsi marağından irəli gəlir".

Keçmiş nazir deyib ki, İranın bir çox sərhədlərində hərbi toqquşmalar və gərginliklər mövcuddur.

"İranın kürdlər yaşayan sərhəd bölgələrində, Pakistanla olan sərhədində gərginliklər mövcuddur. İranın sərhədlərində gərginliklər olduğu bir vaxtda sanki kimlərsə, hansısa qüvvələr süni şəkildə istəyir ki, həmişə sakit və təhlükəsiz şəraitdə olan İran-Azərbaycan sərhədinə də gərginlik gətirilsin. Bu əslində İranın dövlət maraqlarından kənar olan addımlardır. Hesab edirəm ki, bu fəaliyyətlər süni olduğundan uzun çəkməz" , o qeyd edib.

O, Azərbaycanın sərhədlərinin mühafizəsi ilə bağlı deyib ki, artıq Azərbaycanın təhlükəsizlik sistemi formalaşıb.

"Bəllidir ki, tarix boyu bu ərazilərə aid rəqabət mövcuddur. Tarixi təcrübəyə nəzər salsaq burada Azərbaycan-Türkiyə müttəfiqliyi mövcuddur. Eyni zamanda, Azərbaycanın Rusiya ilə də anlaşmaları mövcuddur. Bəzi mütəxəssislər deyir ki, bu İran-Rusiya ənənəvi rəqabətinin işarəsi kimi qəbul edilməlidir. Belə görünür ki, Rusiyanın mövqeyinin zəifləməsi İranda bəzi dairələrdə belə bir fikir formalaşmasına imkan verir ki, burada siyasi və hərbi rəqabət üçün imkanlar açılır. Hesab edirəm ki, bu yanlış bir fikirdir. Çünki Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi və Azərbaycanın digər ölkələrlə hərbi əməkdaşlığı Azərbaycana imkan verir ki, bu cür cəhdlərə çox təmkinli yanaşsın. Amma Azərbaycan da öz imkanlarını nəzərə alaraq lazmi cavab addımları atmağa hazır olmalıdır" , keçmiş nazir qeyd edib.

XS
SM
MD
LG