Accessibility links

Azərbaycan prezidenti: Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürülüb


Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 22-də Azərbaycan Ordusunun Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının 1 qəsəbəsini, 20 kəndini azad etdiyini bildirib.

“Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini, Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Prezident Əliyev Twitter hesabında yazıb.

Əliyev bildirib ki, Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürülüb.

Ermənistan tərəfi hələ bu məlumata münasibət bildirməyib. Rəsmi Yerevan Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyunça ağır və şiddətli döyüşlərin davam etdiyini bildirir.

Ermənistan müdafiə nazirliyinin sözçüsü Azərbaycan qüvvələrinin hərbi əməliyyatlarda İsrail və Türkiyə silahlarından əlavə Çexiya istehsallı DANA 152-mm artilleriya qurğularından istifadə etdiyini bildirib.

Azərbaycan-İran beynəlxalq sərhədinin bir hissəsi 1993-cü ildə Ermənistan hərbi qüvvələri tərəfindən zəbt olunmuşdu. 27 senyabrda başlanan hərbi əməliyyatlar nəticəsində həmin ərazilərdə Azərbaycan hərbi nəzarəti bərqərar olunub.

XS
SM
MD
LG