Accessibility links

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin İranla həmsərhəd ərazilərdə hərbi təlimləri davam edir


Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin İranla həmsərhəd ərazilərdə hərbi təlimləri (Foto Azərbaycan Müdafiə Nazirliyinindir)
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin İranla həmsərhəd ərazilərdə hərbi təlimləri (Foto Azərbaycan Müdafiə Nazirliyinindir)

Noyabrın 5-də Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təliminin növbəti mərhələsi icra edilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatılna görə, real döyüş şəraitinə uyğunlaşdırılmış təlimin növbəti mərhələsində xüsusi təyinatlılar ərazinin qorunma xüsusiyyətləri və maskalanma vasitələrindən istifadə etməklə müxtəlif kəşfiyyat tapşırıqları yerinə yetirib.

“Ssenariyə əsasən şərti düşmənin komanda-idarəetmə məntəqələri, rabitə mərkəzləri sıradan çıxarılıb, eləcə də yaşayış məntəqələrindəki infrastruktur obyektlərində gizlənən canlı qüvvə zərərsizləşdirilib. Təlimdə həmçinin döyüş meydanında qrupun qarşılaşa biləcəyi maneələr mobil qruplar şəklində dəf edilərək şərti hədəflərə qəfil atəş basqını icra edilib. Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimində qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib,” məlumatda qeyd edilib.

Xatırladaq ki, son zamanlar İran və Azərbaycan arasında diplomatik sahədə fikir ayrılıqları hərbi təlimlərlə müşahidə edilməkdədir.

Belə ki, oktyabrın 17-dən başlayaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qüvvələri İranın Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında yerləşən Əraks (Araz) bölgəsində hərbi təlimlər keçirib.

İRNA agentliyinin məlumatına görə, SEPAH-ın quru qoşunları komandanı Məhəmməd Pakpur bildirib ki, "bu təlimlərin qonşu ölkələr üçün mesajı sülh, dostluq və sabit təhlükəsizliyin möhkəmləndirilməsi, düşmənlər üçün isə İranın digər Silahlı Qüvvələri ilə birlikdə quruda yerləşən SEPAH-ın ölkə sərhədlərini qorumaq və istənilən təhdidlərə cavab verməyə hazır olmasıdır".

Bu il iyulun 19-da İranın ali dini lideri Əli Xameneyi Twitter səhifəsində bildirib ki, İran-Ermənistan sərhədini blok etmə siyasəti varsa, İran buna qarşı çıxacaq, çünki bu sərhəd min illərin əlaqə yoludur.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərdən iki həftə sonra, noyabrın 2-də Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ölkənin İranla həmsərhəd olan cənub ərazilərində hərbi təlimləri başlayıb.

Noyabrın 3-də Azərbaycan müdafiə naziri Zakir Həsənov İranla sərhəddə, ölkənin cənub rayonlarında Xüsusi Təyinatlı Qüvvələrinin təlimini izləyib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlim planına əsasən hərbi hissələr "Həyəcan" siqnalı ilə qaldırılıb.

"Daimi dislokasiya məntəqələrini tərk edən xüsusi təyinatlılar əməliyyat rayonlarına çıxarıldıqdan sonra komandirlərin məruzələri dinlənilib və tapşırıqlar dəqiqləşdirilib. Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının təlimə cəlb olunan hissə və bölmələri təyin edilmiş aerodromlara və rayonlara cəmləşdirilib. Plana uyğun olaraq təlimin növbəti mərhələlərində xüsusi təyinatlı bölmələr onları dəstəkləyən Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının bölmələri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları icra edir," Müdafiə Nazirliyi qeyd edib.

XS
SM
MD
LG