Accessibility links

Azərbaycan sərhədçiləri İrandan gətirilən 170 kiloqram narkotik müsadirə edib


Azərbaycan sərhədçiləri İrandan gətirilən 170 kiloqram narkotik götürüb (Mənbə Dövlət Sərhəd Xidməti)
Azərbaycan sərhədçiləri İrandan gətirilən 170 kiloqram narkotik götürüb (Mənbə Dövlət Sərhəd Xidməti)

Azərbaycan sərhədçiləri İrandan gətirilən ümumi çəkisi 170 kiloqram 106 qram narkotik vasitəni (20 kiloqram 158 qram heroin, 142 kiloqram 131 qram marixuana, 4 kiloqram 792 qram metamfetamin, 3 kiloqram 025 qram tiryək və 81228 ədəd “metadon M-40” həbləri) aşkar edərək götürüb.

Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir ki, dekabrın 29-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsi Yardımlı rayonunun Perimbel və Daşkənd kəndi (Bakıdan 300 kilometr cənub) yaxınlığında külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısını alıb, sərhədçilərə atəş açılıb. Bu zaman sərhəd zastavası cavab atəşi açıb və sərhəd pozucuları üzərindəki bağlamaları ataraq geriyə, İran ərazisinə qaçmağa müvəffəq olub.

İran tərəfi Azərbaycan Sərhəd Xidmətinin məlumatı ilə bağlı hələ açıqlama verməyib.

Qeyd edək ki, ümumilikdə Azərbaycanda dövriyyədən çıxarılan narkotik vasitələrin böyük hissəsinin İrandan gətirildiyi bildirilir. Azərbaycan hüquq-mühafizə orqanları demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gətirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır.

İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.

Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, bu ilin doqquz ayı ərzində Azərbaycanda ümumi dəyəri 168 milyon 635 min manat (təxminən 99 milyon dollar) olan 4 ton 827 kiloqram, 2021-ci ildə isə ümumilikdə 6 tondan çox narkotik vasitələr və psixotrop maddələr qanusuz dövriyyədən çıxarılıb.

Komissiyasının digər məlumatında deyilir ki, Azərbaycandan bir neçə qanunsuz tranzit narkotik marşrutu keçir. Bunlar İran - Azərbaycan, İran - Azərbaycan - Rusiya - Yaponiya, İran – Azərbaycan - Gürcüstan - Avropa, İran - Azərbaycan - Rusiya - Ukrayna marşrutlarıdır.

Mövzuya uyğun

XS
SM
MD
LG