Accessibility links

Azərbaycan gömrükçüləri İrandan Bolqarsıtana aparılan 100 kiloqrama yaxın narkotik götürüb


Azərbaycan gömrükçüləri 100 kiloqrama yaxın narkotikin İrandan Bolqarıstana aparılmasının qarşısını alıb. Narkotik vasitə Azərbaycanın Culfa sərhəd buraxılış məntəqəsində aşkar edilərək götürülüb.

Azərbaycanın Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına görə, Naxçıvan ərazisindən tranzit keçməklə Bolqarıstana PVC xammalı (PVC sintetik termoplastik material-red.) aparan, İran vətəndaşının idarə etdiyi yük avtomobilinin yanacaq çənindən ümumilikdə 113 bağlamada xalis çəkisi 97 kiloqram 800 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 206-cı maddəsinə (Qaçaqmalçılıq) uyğun olaraq cinayət işi başlanıb.

Naxçıvan Muxtar Respublikasının gömrükçüləri bundan öncə, bu il martın 9-da İrandan Niderlanda tranzitlə gedən iki yük avtomobilindən 228 kiloqramdan çox heroin götürüb.

Azərbaycan hüquq-mühafizə orqanları demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gətirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır.

İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.

Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.

Azərbaycanın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, 2021-ci ilin 10 ayı ərzində qanunsuz dövriyyədən ümumilikdə 5 ton 880 kiloqram 982 qram narkotik vasitələr və psixotrop maddə çıxarılıb.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5021 nəfər cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 51 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 21-i İran, 11-i Gürcüstan, 10-u Rusiya, 4-ü Türkiyə, 3-ü Ukrayna, 1-i Hindistan və 1-i Pakistan vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 343 kiloqram və 5004 ədəd müxtəlif növ narkotik vasitə, psixotrop maddə, 1580 ədəd güclü təsir edən maddə götürülüb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının digər məlumatında deyilir ki, Azərbaycandan bir neçə qanunsuz tranzit narkotik marşrutu keçir.

Bunlar, İran – Azərbaycan, İran – Azərbaycan – Rusiya – Yaponiya, İran – Azərbaycan – Gürcüstan – Avropa, İran – Azərbaycan – Rusiya – Ukrayna marşrutlarıdır.

XS
SM
MD
LG