Accessibility links

2022-ci ildə Azərbaycanda narkotik qaçaqmalçılığı ilə bağlı 25 İran vətəndaşı tutulub


Narkotik (Foto Dövlət Gömrük Komitəsinindir)
Narkotik (Foto Dövlət Gömrük Komitəsinindir)

Bu ilin 10 ayı ərzində Azərbaycan Dövlət Gömrük Komitəsi narkotik maddələrin qanunsuz yolla keçirilməsinə dair 64 fakt aşkar edib və 905 kiloqram narkotik maddəni dövriyyədən çıxarıb.

Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumatda deyilir ki, götürülmüş narkotik vasitələrin ümumi çəkisindən 92,6 faizini ağır narkotik maddələr - heroin və metamfetamin (müvafiq olaraq 458 kiloqram və 379 kiloqram) təşkil edib. Bundan əlavə, 57 kiloqram tiryək, 5 kiloqram həşiş, 2 kiloqram marixuana, 260 qram kokain götürülüb.

Gömrük Komitəsi bildirir ki, şübhəli bilinən 66 nəfərin - 21 nəfər Azərbaycan vətəndaşı, 25 nəfər İran, 10 nəfər Türkiyə, 7 nəfər Rusiya, hər birindən bir nəfər olmaqla Qazaxıstan, Maldiv və Pakistan vətəndaşları barəsində müvafiq tədbirlər görülüb.

“Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının 14 halda İrandan, 3 halda Türkiyədən, 3 halda Rusiyadan, 2 halda Qazaxıstandan, 2 halda Gürcüstandan, 1 halda Böyük Britaniyadan, 1 halda Niderlanddan, 1 halda Amerika Birləşmiş Ştatlarından Azərbaycana gətirilməsinə cəhd göstərilib. Narkotik vasitələr və onların prekursorları 2 halda Türkiyəyə, 2 halda Qətərə, 1 halda İrana, 1 halda Avstraliyaya, 1 halda Rusiyaya aparılarkən, 26 halda Azərbaycan ərazisindən tranzit yolla keçirilərkən aşkar edilib,” məlumatda qeyd edilir.

Dövlət Gömrük Komitəsi bildirir ki, tranzit yolla daşınan narkotiklərin hərəkət marşurutunun 7-si İran-Azərbaycan-Gürcüstan, 5-i İran-Azərbaycan-Rusiya, 3-ü İran-Azərbaycan-Türkiyə-Almaniya, 2-i İran-Azərbaycan-Türkiyə-Polşa, 2-i İran-Azərbaycan-Türkiyə-Niderland, 2-i Gürcüstan-Azərbaycan-Qazaxıstan, 2-i İran-Azərbaycan-Türkiyə, 1-i İran-Azərbaycan-Türkiyə-Bolqarıstan, 1-i İran-Azərbaycan-Ermənistan, 1-i Gürcüstan-Azərbaycan-Rusiya olub. 4 halda isə ölkə daxilində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilin yanvar-sentyabr aylarını əhatə edən dövr üçün məlumatına görə, bu ilin doqquz ayı ərzində Azərbaycanda ümumilikdə dəyəri 168 milyon 635 min manat (təxminən 99 milyon dollar) olan 4 ton 827 kiloqramq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Dövriyyədən çıxarılan narkotik vasitələrin böyük hissəsinin İrandan gətirildiyi bildirilir. Belə ki, Azərbaycan hüquq-mühafizə orqanları demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gətirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır.

İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.

Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.

Azərbaycanın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, 2021-ci ildə qanunsuz dövriyyədən ümumilikdə 6 tondan çox narkotik vasitələr və psixotrop maddə çıxarılıb.

XS
SM
MD
LG