Azərbaycan gömrükçüləri Polşaya aparılması nəzərdə tutulan 106 kiloqramdan çox narkotik götürüb.
Dövlət Gömrük Komitəsinin məlumatında deyilir ki, Naxçıvandan tranzit keçməklə Polşaya dekorativ daş və hamam ləvazimatı aparan Türkiyə vətəndaşlarının idarə etdiyi yük avtomobillərindən Culfa dövlət sərhədindəki (İranla sərhəd) buraxılış məntəqəsində ümumi çəkisi 106 kiloqram 970 qram təşkil edən narkotik vasitə-heroin götürülüb.
Faktlarla bağlı Naxçıvan Dövlət Gömrük Komitəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.
Azərbaycan hüquq-mühafizə orqanları, demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gətirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır. İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.
Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.
Azərbaycanın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, 2021-ci ilin 10 ayı ərzində qanunsuz dövriyyədən ümumilikdə 5 ton 880 kiloqram 982 qram narkotik vasitələr və psixotrop maddə çıxarılıb.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5021 nəfər cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 51 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 21-i İran, 11-i Gürcüstan, 10-u Rusiya, 4-ü Türkiyə, 3-ü Ukrayna, 1-i Hindistan və 1-i Pakistan vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 343 kiloqram və 5004 ədəd müxtəlif növ narkotik vasitə, psixotrop maddə, 1580 ədəd güclü təsir edən maddə götürülüb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının digər məlumatında deyilir ki, Azərbaycandan bir neçə qanunsuz tranzit narkotik marşrutu keçir.
Bunlar, İran – Azərbaycan, İran – Azərbaycan – Rusiya – Yaponiya, İran – Azərbaycan – Gürcüstan – Avropa, İran – Azərbaycan – Rusiya – Ukrayna marşrutlarıdır.