Accessibility links

Azərbaycan sərhədçiləri İrandan gətirilən 42 kiloqramdan çox narkotik aşkar edib


İrandan gətirilən narkotik (Rəsmi foto, mənbə Dövlət Sərhəd Xidməti)
İrandan gətirilən narkotik (Rəsmi foto, mənbə Dövlət Sərhəd Xidməti)

Azərbaycan Dövlət Sərhəd Xidməti İrandan gətirilən 42 kiloqramdan çox narkotiki aşkar edərək götürüb.

Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir ki, dekabrın 4-də Astara rayon Pensər kəndi ərazisində kənd sakini Güloğlan Məmmədovun avtomobilindən 3 ədəd bağlamada ümumi çəkisi 42 kiloqram 75 qram narkotik vasitə (19 kiloqram 70 qram heroin, 11 kiloqram 620 qram həşiş, 4 kiloqram 525 qram marixuana, 4 kiloqram 40 qram tiryək, 2 kiloqram 820 qram metamfetamin və 4190 ədəd "metadon-40" psixotrop həbləri) aşkar edilərək götürülüb.

Saxlanılan Güloğlan Məmmədovun vəkili və yaxınları Sərhəd Xidmətinin məlumatına hələ münasibət bildirməyib.

Qeyd edək ki, ümumilikdə Azərbnaycanda dövriyyədən çıxarılan narkotik vasitələrin böyük hissəsinin İrandan gətirildiyi bildirilir. Azərbaycan hüquq-mühafizə orqanları demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gətirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır.

İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.

Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, bu ilin doqquz ayı ərzində Azərbaycanda ümumi dəyəri 168 milyon 635 min manat (təxminən 99 milyon dollar) olan 4 ton 827 kiloqram, 2021-ci ildə isə ümumilikdə 6 tondan çox narkotik vasitələr və psixotrop maddələr qanusuz dövriyyədən çıxarılıb.

Komissiyasının digər məlumatında deyilir ki, Azərbaycandan bir neçə qanunsuz tranzit narkotik marşrutu keçir. Bunlar İran - Azərbaycan, İran - Azərbaycan - Rusiya - Yaponiya, İran – Azərbaycan - Gürcüstan - Avropa, İran - Azərbaycan - Rusiya - Ukrayna marşrutlarıdır.

XS
SM
MD
LG