Accessibility links

İran-Azərbaycan münasibətlərində gərgin durum - müxtəlif baxışlar


Azərbaycan və İranın Dövlət Sərhədi (Arxiv foto, mənbə VOA)
Azərbaycan və İranın Dövlət Sərhədi (Arxiv foto, mənbə VOA)

İran-Azərbaycan münasibətlərində son zamanlar müşahidə edilən gərginlik Azərbaycanda ictimai və siyasi baxımdan müxtəlif reaksiyalara səbəb olub. İranın Azərbaycanın sərhədlərində hərbi təlimlər keçirməsi, bu ölkənin mediasında Azərbaycana qarşı tənqidi çıxışlar Azərbaycan Respublikası ictimaiyyətində sərt əks reaksiyalar doğurub. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri İranla sərhəd ərazilərdə hərbi təlimlər keçirir, ölkə mediasında, o cümlədən rəsmi mediada İrana qarşı sərt tənqidi mesajlar əks olunan materiallar yayımlanır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədr müavini Esmira Cəfərova, müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi və Milli Məclisin deputatı Asim Mollazadə Amerikanın Səsinə müsahibələrdə İran-Azərbaycan münasibətlərindəki gərginlik, İran daxilində böhran və bu ölkənin qonşuları ilə münasibətləri ilə bağlı fikirlərini bölüşüblər.

Esmira Cəfərova
Esmira Cəfərova

Esmira Cəfərova: İranın yeni reallıqla barışmaqdan başqa yolu yoxdur

Amerikanın Səsi: Azərbaycan-İran münasibətlərinin son zamanlar qarşılıqlı hərbi güc nümayişi müstəvisinə keçməsini necə izah edərdiniz?

Esmira Cəfərova: Hesab edirəm ki, Azərbaycan-İran münasibətlərinin gərginləşməsi, daha doğrusu, İran tərəfindən hər hansı şəkildə güc tətbiq etməklə hədələməyə meyllər göstərilməsi İranın İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın yaratdığı regional reallıqlarla hər vəchlə barışmaq istəməməsi cəhdi ilə bağlıdır. Əslində əgər İslam həmrəyliyindən danışırıqsa İran tərəfi Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini alqışlamalıdır. Amma çox təəssüf ki, biz davranışda bunun əksini görürük. Ötən il də İran tərəfindən oxşar davranışlar sərgilənmişdi. Azərbaycanla sərhəddə hərbi təlimlər keçirilmişdi. Yenə də dediyim kimi, güc tətbiq etməklə hədələmək yönündə fəaliyyətlər göstərirdi. Hal-hazırdakı vəziyyət də onun təkrarıdır. Yenə də qeyd edirəm ki, burada İranın Azərbaycanın yeni reallıqlar yaratması ilə barışmasından başqa yol yoxdur. Çünki, artıq regionda yeni reallıqlar var. Əgər İran bu zamana kimi Ermənistanı özünün regionda təbii müttəfiqi hesab edirdisə və 30 illik işğal dövründə Azərbaycanı dəstəkləmək əvəzində Ermənistanı dəstəkləyirdisə, artıq bundan sonra yeni reallıqlarla barışmaq lazımdır. İran da nəzərə almalıdır ki, Azərbaycan hər zaman İran da daxil olmaqla bütün qonşuları ilə mehriban qonşuluq şəriatində yaşamağa üstünlük verir. Bundan sonra da bu siyasətini dəyişməyəcək. Amma, Azərbaycan hər kəsə öz dilində cavab verə də bilir və bu qabiliyyəti də var. Hesab edirəm, münasibətlərin kəskinləşdirilməsi heç bir dövlətin marağında deyil və sözsüz ki, İranın da marağında deyil.

Amerikanın Səsi: Sizcə İranın Azərbaycana hərbi müdaxiləsi mümkündürmü? İran bunu daxili siyasi böhrandan çıxış yolu kimi nəzərdən keçirərmi?

Esmira Cəfərova: Bilirsiniz, sözsüz ki, belə fərziyyələr var. Qeyd edənlər var ki, İran başqa qonşu dövlətlərə də hərbi müdaxilə edə bilər. Azərbaycanın adı da onların sırasında sadalanır. Mən hesab edirəm ki, bu, hazırda sadəcə bir fərziyyədir. Bayaq da qeyd etdiyim kimi, hazırda baş verənlər güc tətbiq etməklə hədələmək meylləridir. Amma söhbət İran tərəfindən Azərbaycana qarşı hər hansı bir konkret hərbi əməliyyatlardan gedirsə, sözsüz ki, İran təbii ki, unutmamalıdır ki, Azərbaycan güclü bir dövlətdir, Cənubi Qafqazda regional liderdir və Azərbaycan tək deyildir, Azərbaycanın Türkiyə kimi müttəfiqi var və bundan da əlavə İranın Azərbaycana qarşı, əgər hipotezalardan (fərziyyə-red) danışırıqsa, ata biləcəyi və yaxud hər hansı bir şəkildə təhdidlər İranın özünə qarşı da çönə bilər. Çünki, unutmayın ki, İranda ən böyük azlıq məhz azərbaycanlılardır. Bütün bunlar təbii ki, İranın özündə daxili qeyri-sabitlik yarada bilər. Mən hesab etmirəm ki, bu real bir ssenaridir. Amma təbii ki, indi bəzi təhlilçilər bu fərziyyələri səsləndirirlər.

Esmira Cəfərova: İranın yeni reallıqla barışmaqdan başqa yolu yoxdur
please wait

No media source currently available

0:00 0:09:14 0:00

Amerikanın Səsi: İranın qonşu dövlətlərlə, eləcə də Səudiyyə Ərəbistanı və İsraillə münasibətlərindəki gərginlik, həmçinin Avropa İttifaqı və ABŞ-ın siyasəti bu regionda yeni silahlı qarşıdurma yaranmasına səbəb ola bilərmi?

Esmira Cəfərova: Bu fərziyyələr hər zaman olub. Daha öncə də olub. Baxın, İranın İsraillə münasibətləri və yaxud ərəb dövlətləri ilə gərgin münasibətləri yenilik deyil. Artıq çoxdandır ki, regiondakı dövlətlər arasındakı qarşılıqlı münasibətlər çoxdandır bu durumdadır. Belə fərziyyələr hər zaman olur. Hətta İranın nüvə proqramı üzərində də narazılıqlar olanda, razılaşmalar əldə olunmayanda, o vaxt belə fərziyyələr yenə də var idi, ola bilər ki, İrana qarşı ABŞ hansısa hərbi əməliyyatlara başlayacaq. İndi də belə fərziyyələr yürüdülür ki, ola bilər İranla Səudiyyə Ərəbistanı, İranla İsrail arasında qarşıdurma olsun. Yenə də qeyd edirəm ki, bu geosiyasi hadisələr ətrafında analitiklərin müxtəlif fərziyyələri ola bilər. Mən düşünmürəm ki, biz hal-hazırda deyə bilərik ki, hər hansı bir qarşıdurma mümkündür. Yaşayarıq görərəik.

Amerikanın Səsi: İranın Cənubi Qafqaz siyasətinin Rusiya və Türkiyənin maraqları ilə toqquşması mümkümdürmü? Bunun sonunu necə görürsünüz?

Esmira Cəfərova: Sözsüz ki, İranın Cənubi Qafqaz siyasəti hazırda Rusiya və Türkiyənin siyasətindən fərqlidir. Çünki, 44 günlük müharibə sonucunda İran ümumiyyətlə regional reallıqlardan kənarda qaldı. Bir növ özünü təcrid edilmiş kimi hiss edir. Çünki yaranmış yeni reallıqların təminatçıları Rusiya Federasiyasıdır və Türkiyədir. Bildiyiniz kimi, Rusiya sülhməramlıları müvəqqəti olaraq beş il müddətinə Azərbaycanın ərazilərinə yerləşdirilib. Onların fəaliyyəti üzərində nəzarəti də birgə monitorinq mərkəzi həyata keçiri. Burada Türkiyə və Rusiya sülhməramlıları bir yerdə fəaliyyət göstərir. Azərbaycan eyni zamanda Türkiyə ilə Şuşa bəyannaməsini imzalayıb. Türkiyə ilə münasibətlərini daha genişləndirib, müttəfiqlik səviyyəsinə çatdırıb. Söhbət həm də hərbi iş birliyindən gedir. Bütün bu hadisələr İranın kənarda qalması fonunda baş verir. İran sözsüz ki, özünü təcrid olunmuş hiss edir. Dediyim kimi, İran Ermənistanla hər zaman özünü təbii müttəfiq hiss edib, nəinki əraziləri işğal olnmuş Azərbaycanla. Bu da onu göstərir ki, İranın xarici siyasəti dini faktor üzərində qurulmayıb, daha çox öz maraqları üzrəində qurulub. Hal-hazırda Azərbaycanın Ermənistanla kommunikasıyaları açmaq, Zəngəzur koridorunun işə salması istiqamətində gedən işlərdən danışırlar. Bütün bunların fonunda İranın verdiyi bəyanatlar da sözsüz ki, suallar doğurur. İranın rəsmi şəxsləri, hətta din xadimləri deyirlər ki, İran regionda sərhədlərin dəyişməsini qəbul etməyəcək. Yəni, bunun özü onu göstərir ki, beynəlxalq hüquqdan kənar verilən bəyanatlardır. Çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Burada hansısa sərhədlərin dəyişməsindən söhbət gedə bilməz. Sizin sualınıza cavab olaraq bildirərdim ki, bəli İranın özünəməxsus tutduğu bu siyasət çox təəssüf ki, ümumiyyətlə regionda sülhə və əminamanlığa xidmət etmir. Bu fərqli bir siyasətdir. Ümid edirəm və düşünürəm ki, gec-tez İran regional reallıqları qəbul edəcək.

Amerikanın Səsi: Sizcə İran parlamentinin sədrinin Azərbaycana qarşıdakı səfəri münasibətlərdə müşahidə edilən gərginliyin yumşalmasına əsas yaradarmı? Burada İranda yaşayan azərbaycanlıların rolu nə ola bilər?

Esmira Cəfərova: Əlbəttə, qarşılıqlı səfərlər dövlətlər arasında istənilən məsələlərin müzakirəsinə xidmət edir. Hər hansı gərginlik varsa onların da müzakirəsinə, ortaq məxrəcə gəlinməsində yardım edir. Düşünürəm ki, bu səfər baş verərsə yenə də İranla Azərbaycan arasında hansısa açqı məsələlər müzakirə oluna bilər və gərginliklərin aradan qaldırılması istiqamətində ortaq məxrəcə gəlinməsi mümkündür. O ki, qaldı cənubi azərbaycanlıların rolu nə ola bilər, sualınıza deyə bilərəm ki, cənubi azərbaycanlılar İranda çox böyük faktordur. Cənubi Azərbaycan faktoru İranın xarici siyasətinin Azərbaycana qarşı bu və ya digər şəkildə qurulmasında da çox böyük rol oynayan bir faktordur. Ikinci Qarabağ müharibəsinin sonucu cənubu azərbaycanlılar Azərbaycanın öz ərazi bütövülüyünü bərpa etməsini çox böyük sevinclə qarşıladılar. Sosial şəbəkələrdə müvafiq videolar da yayıblar. Azərbaycana qarşı İran tərəfindən sərhəddə müəyyən təxribatlar baş verərkən hətta cənubi azərbaycanlılar tərəfindən müəyyən təpkilər də gösətrilmişdi. Yəni, buna dair də müəyyən faktlar mövcuddur. Bəli, hesab edirəm ki, ümumiyyətlə cənubi azərbaycanlılar İranda çox böyük faktordur ki, İranın Azərbaycana qarşı bir növ həm qısqanclıq, həm çəkincənlik, həm də digər bir tərəfdən ehtiyatla davranmasını təmin edir. Sözsüz ki, müstəqil, güclü, dünyəvi dövlət olan Azərbaycan modeli İrandakı cənubi azərbaycanlılar üçün əlbəttə cəlbedici bir modeldir. Hesab edirəm ki, bu da əlbəttə İran rejimini müəyyən dərəcədə qorxuzmaya bilməz. Bir çox faktorlar var, indi hamısının üstündən keçmək də mümkün deyil. Amma, sualınıza cavab olaraq cənubi azərbaycanlılar faktoru İranın Azərbaycana qarşı siyasətinin mənfi və ya müsbət qurulmasına böyük təsir edən amildir.

Seymur Həzi
Seymur Həzi

Seymur Həzi: İran artıq təhdidedici güc deyil

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi Amerikanın Səsinə müsahibəsində İranın Azərbaycana dostluq, mehriban qonşuluq münasibətinin səmini olmadığını bildirib.

Seymur Həzi: İran artıq təhdidedici güc deyil
please wait

No media source currently available

0:00 0:03:16 0:00

"Amma son dövrlər İran Azərbaycana qarşı özünün qapalı siyasətini gizlədə bilmir. Əsəbləri tab gətirmir. Aydın məsələdir ki, Azərbaycanın hazırki geosiyasi mövqeyi deyil, gələcəkdə oynayacağı rol İranı narahat edir. Azərbaycanın gələcəkdə ciddi regional liderə çevrilmək imkanları var. İran bundan narahatdır və qarşısını indidən almaq istəyir" , o qeyd edib.

Onun fikrincə, İran, həmçinin "Azərbaycan Respublikasının varlığının onun daxilindəki hadisələrə təsir etdiyini ciddiliyi ilə dərk edir".

"Yəni, müstəqil Azərbaycan Respublikası var. Qarabağda uğurlu əməliyyatlar keçirilib. Bütün bunların hamısı güneydəki azərbaycanlılar (İran Azərbaycanı nəzərdə tutulur-red ) üçün, milli mübarizə üçün bir stimuldur, yaxşı nümunədir. İran istəyir ki, bunu Azərbaycana qarşı hansısa aqressiv siyasətlə məhdudlaşdırsın. Xarici düşmənlərdən biri kimi, yəni rejimin düşməni kimi, ideoloji düşmən kimi Azərbaycanı da göstərir".

AXCP sədrinin müavinin hesab edir ki, İranın Azərbaycana qarşı sərt münasibətinin perspektivi yoxdur.

"Çünki regionda vəziyyət elədir ki, İranın Azərbaycanla bağlı hər hansı aqressiv hərbi-siaysi addımı reallaşdırmaq imkanları yoxdur. Onun ən ciddi müttəfiqi olan Rusiya hazırda məğlub olmaqdadır. Azərbaycanın müttəfiqləri isə istər Türkiyə, istər İsrail, istər bu məsələdə ABŞ, Britaniya güc itkisinə məruz qalmayıb. Üstəlik İranın məhdudlaşdırılması üçün ciddi bir əsas axtarılır. İran da bunu başa düşür və indi sadəcə əzələ göstərməklə məşğuldur. Məlum oldu ki, Azərbaycan da İranı elə də güc kimi görmür. Çünki İran artıq təhdidedici güc deyil" , Seymur Həzi qeyd edib.

O, İranın daxili böhranla bağlı qonşuları ilə hərbi toqquşma yarada biləcəyini düşündüğünü bildirib.

"Ancaq bu, Azərbaycan ola bilməz. Çünki İranın daxilindəki vəziyyətə baxsaq, Azərbaycana hər hansı hərbi müdaxilə İranda daxili vəziyyəti daha da gərginləşdirər. Çünki orada on milyonlarla Azərbaycan türkü var və bu daxili vəziyyəti daha da pisləşdirər. İran daha çox ərəb ölkələrinin biri ilə, Körfəzdə toqquşma yarada bilər. Amma Ermənistanla İranın yaxınlaşmasının növbəti hərbi fazaya səbəb olması çətin bir məsələdir. Çünki Ermənistan Azərbaycanla döyüşmək imkanında deyil. Yəni, Ermənistanın arxasında durub Azərbaycanla döyüşdürmək fürsətini Rusiya gördü. Yəni, bu alınmır. İranın özünün Azərbaycanla hərbi qarşıdurmaya getməsi isə Azərbaycanın müttəfiqlərinin qoşulacağı bir döyüş olacaq. Ona görə də mənə elə gəlir ki, İran Azərbaycanla hər hansı təhlükəli ssenariyə getməz. Amma qorxutma siyasətini, əzələ nümayişi ssenarisini davam etdirir. Azərbaycan da qarşılıqlı hərbi təlimlə göstərdi ki, geri çəkilmək fikri yoxdur. Yəni, əgər siz Arazın o sahilinə gələcəksinizsə, biz də sizi bu sahilində qarşılayacağıq".

AXCP sədrinin müavininin qənatəinə görə, Azərbaycanda ümumi ictimai fikir bu səviyyədədir ki, İran Azərbaycana qarşı hər hansı bir ekspansionist siyasət yürütsə cəmiyyət buna qarşı birləşəcək.

Asim Mollazadə
Asim Mollazadə

Asim Mollazadə: İran rejimi xalqın qəzəbinə dözə bilməyəcək

Milli Məclisin deputatı Asim Mollazadə Amerikanın Səsinə müsahibədə İranda rejimdən bezən xalqın ayağa qalxdığını bildirib.

"İranın bütün böyük şəhərlərində, universitetlərində etirazlar ifadə edilir. Rejim amansızcasına uşaqları, qadınları qətlə yetirir".

Asim Mollazadə İran rejimi tərəfindən insan hüquqlarının pozulduğu, beynəlxalq səviyyədə terrorizmin dəstəkləndiyini qeyd edib. O, İranın gələcəyinin xalqın iradəsindən asılı olduğunu bildirib.

"Xalq bu rejimə qarşı öz etirazını var gücü ilə ifadə etsə, bu rejim xalqın qəzəbinə dözə bilməyəcək. Bu ölkə beynəlxalq terroru dəstəkləməklə öz maskasını çıxarıb özünü dünyaya nümayiş etdirdi. Mənə elə gəlir ki, insan hüquqlarını pozmaqla yanaşı, beynəlxalq terroru dəstəkləyən bu ölkə bir dövlət kimi fəaliyyətini davam etdirə bilməyəcək. İran xalqı bu rejimin cavabını verəcək" , o qeyd edib.

XS
SM
MD
LG