Accessibility links

Deyvid Kramer: İran Moskvanı dronlarla təmin etməklə Rusiyanın Ukraynada insanlıq əleyhinə cinayətlərinə ortaq olur


Deyvid Kramer: İran Moskvanı dronlarla təmin etməklə Rusiyanın Ukraynada insanlıq əleyhinə cinayətlərinə ortaq olur
please wait

No media source currently available

0:00 0:06:38 0:00

Rəsmi Kyiv və Qərb müttəfiqləri Rusiyanın Ukraynada hücumlarda İran istehsalı olan dronlardan istifadə etdiyini bildirib. İran bu iddiaları rədd edib, Rusiya isə Ukraynada iran dronlarından istifadə etmədiyini bəyan edib. Lakin bir sıra ekspertlər Tehranın bununla Rusiyanın Ukraynada apardığı müharibəyə cəlb olunduğunu bildirir. Florida Beynəlxalq Universitetinin elmi işçisi Deyvid Kramer Amerikanın Səsinə müsahibədə Moskva və Tehran arasında hərbi əməkdaşlıq, Rusiya və İranın qarşılaşdığı daxili siyasi problemləri və İranın regionda siyasi ambisiyalarını şərh edib.

Amerikanın Səsi: Keçən həftə ABŞ və Avropa İttifaqı İrana qarşı Rusiyanı Ukraynada hücumlar keçirmək üçün dronlarla təmin etdiyinə görə sanksiyalar elan edib. Bəzi ekspertlər İranın Moskvanı Ukraynada infrastruktur və mülki əhaliyə qarşı kamikadze dronları ilə təmin etməklə Rusiyanın Ukraynaya qarşı müharibəsinə qoşulduğunu bildirir. Rusiya və İran arasında təhlükəsizlik əməkdaşlığının mahiyyəti barədə nə söyləyə bilərsiniz? İki ölkə bir-birindən necə faydalanmağa çalışır?

Bunlar öz xalqlarının insan hüquqlarına və eyni zamanda, başqa ölkələrin də suverenliyinə və insan hüquqlarına hörmət etməyən rejimlərdir.

Deyvid Kramer: Moskva və Tehran rejimləri arasında bu əməkdaşlıq böyük dərəcədə beynəlxalq sanksiyalarla üzləşdikləri və buna görə də bir-birinin köməyinə gələn ümidsizliyə qapılmış iki hakimiyyəti təmsil edir. Biz iranlıların təkcə bu Şahed 16 kamikadze dronlarını təmin etmədiklərini görürük, eyni zamanda, Rusiya qüvvələrinə onlardan mülki hədəflərə və Ukraynanın infrastrukturuna qarşı necə istifadə edilməsinə dair təlimlər keçirmək üçün iranlı personalın Krımda olduğu barədə məlumatlar var. Bununla İran Rusiyanın hərbi cinayətləri və insanlıq əleyhinə cinayətləri və hətta Rusiyanın Ukraynaya qarşı soyqırımında ortaq olur.

İran təbii ki, ölkəyə qarşı tətbiq edilən bir sıra ciddi sanksiyalar, amma eyni zamanda İranda əxlaq polisi tərəfindən həbs edilən 22 yaşlı qadının ölümündən sonra ölkə boyu başlayan etirazlarla əlaqədar olaraq öz daxili çətinlikləri ilə üzləşir. İran rejimi əlbəttə ki, bu dinc etirazçılara qarşı qəddarlıqla cavab verərək, yüzlərlə insanı, o cümlədən bir neçə uşağı qətlə yetirib. Buna görə də yadda saxlamaq lazımdır ki, bunlar həmfikir rejimlərdir. Bunlar öz xalqlarının insan hüquqlarına və eyni zamanda, başqa ölkələrin də suverenliyinə və insan hüquqlarına hörmət etməyən rejimlərdir.

Amerikanın Səsi: Siz İranın daxili problemlərlə üzləşdiyini qeyd etdiniz. Əslində, həm Rusiya, həm də İran daxili sınaqlarla qarşılaşır. Buna görə sizin fikrinizcə, bu, hərbi əməkdaşlıq nə qədər davam edə bilər?

Rusiyanın bu kamikadze dronlarını əldə etmək üçün İrana müraciət etməli olması Rusiyanın bu müharibəyə nə qədər zəif hazırlaşdığını əks etdirir.

Deyvid Kramer: Düşünürəm ki, İranın Rusiyaya verəcək qədər dronu olduğu müddətdə bu əməkdaşlıq davam edəcək. Mənim fikrimcə, Rusiya bunun dəyərini görür və düşünürəm ki, İran etirazları yatırmaq üçün dəstəyə ehtiyac duyduğu müddətdə bu əməkdaşlıq başqa istiqamətdə davam edəcək. Bu məsələdə İranın o qədər də köməyə ehtiyacı yoxdur. Təəssüf ki, [İran]təkbaşına öz xalqına divan tutmaq kimi çirkin təcrübəyə malikdir. Lakin sizin də düzgün olaraq qeyd etdiyiniz kimi, bunlar həm daxili çətinliklər, həm də xaricdən çətinliklərlə üzləşən rejimlərdir. Daxili problemlər ondan irəli gəlir ki, bu ölkələrdə xalq onlardan bezib. İran xalqı liderlərindən bezib. Rusiya xalqı Putinin sentyabrda verdiyi səfərbərlik əmrini bəyənmir. Biz yüz minlərlə rusiyalının mənasız, səbəbsiz və qəddar müharibəyə cəlb edilməmək üçün ölkələrindən qaçdığını görürük. Buna görə də hər iki ölkə daxili problemlərlə üzləşir və onların bir-birindən başqa üz tutacağı çox yer yoxdur.

Amerikanın Səsi: Amerikanın Səsi: Rusiya və İran arasında hərbi ittifaqın Moskvanın Ukraynada apardığı müharibə və daha geniş Avrasiya regionu üçün hansı təsirləri ola bilər?

Deyvid Kramer: Rusiyanın bu kamikadze dronlarını əldə etmək üçün İrana müraciət etməli olması Rusiyanın bu müharibəyə nə qədər zəif hazırlaşdığını əks etdirir. Rusiyanın bu qədər hazırlıqsız olması Ukrayna üçün aydındır ki, yaxşıdır. Amma bu o deməkdir ki, Ukraynaya qarşı amansız və əsassız müharibədə Rusiyanın tərəfində olan ən azı bir istəkli ölkə var və o da Çin deyil, İrandır. Şimali koreyalılar Rusiyaya hər hansı hərbi yardım göstərdiklərini inkar edirlər, amma iranlılar bunu edir. Buna görə də bu, İran rejiminin ilk növbədə öz xalqı üçün və bölgədə terrorizmi dəstəkləməsi və özünün nüvə silahı hazırlaması ilə regionun digər ölkələri üçün nə qədər təhlükəli olduğunu bir daha da vurğulayır. Bu, İranın nə qədər təhlükəli olduğunu göstərir və indi də [İran] Rusiya rejimi ilə, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyan bir liderlə əlaqəyə girir.

Bu ölkələrdə xalq onlardan bezib. İran xalqı liderlərindən bezib. Rusiya xalqı Putinin sentyabrda verdiyi səfərbərlik əmrini bəyənmir.

Amerikanın Səsi: Keçən həftə İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirib. Bəzi eksertlər bunun hazırda Rusiyanın diqqəti Ukraynada müharibəyə yönəltdiyi vaxt İranın regionda nüfuzunu artırmaq cəhdi olduğunu bildirir. Sizin fikrinizcə, İranın regionda ambisiyaları nədən ibarətdir?

Deyvid Kramer: İran regionda təsirini genişləndirməyə çalışır və Türkiyənin də bunu etdiyini etiraf edir. Beləliklə də bu bölgədə və onun hüdudlarından kənarda Türkiyə və İran arasında rəqabət var. Türkiyə Rusiyanın diqqətinin Ukraynada müharibəyə yönəlməsindən istifadə etməyə çalışır. Hər iki ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, Rusiya ermənilərin narahatlıqlarına rağmən Ermənistana dəstək göstərmədi. Buna görə də hesab edirəm ki, bir sıra müxtəlif oyunçular, xüsusilə də Türkiyə və İran bu imkandan istifadə etməyə çalışır, Azərbaycan da bundan yararlanmaq istəyir. Azərbaycan Rusiyanın diqqətini Ukraynaya yönəltdiyini və Ermənistanı müdafiə etmək iqtidarında olmadığını başa düşür. Amma aydın olmaq üçün, Rusiya Ukraynaya müdaxilə etməzdən əvvəl də və bir neçə il əvvəl Ermənistanla Azərbaycan arasında zorakılıq və müharibə başlayanda da Ermənistanı müdafiə etməmişdi. Buna görə də hesab edirəm ki, bu, daha çox İran tərəfindən çıxılmaz vəziyyətdə bir cəhddir. Amma bunların episentrində yerləşən və qeyri-sabitlik və öz daxili problemləri ilə üzləşən ölkə olan Gürcüstanda da bu, narahatlıqla izlənilir. Lakin İran hər halda bu rəhbərlik altında bu ölkələrin heç birinin hər hansı probleminin cavabı və ya həlli ola bilməz.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG