Accessibility links

Gültəkin Hacıbəyli: Azərbaycan hüquq-müdafiə təşkilatları İran qadınlarının azadlıq mübarizəsinə dəstək verməlidir



Gültəkin Hacıbəyli: Azərbaycan hüquq-müdafiə təşkilatları İran qadınlarının azadlıq mübarizəsinə dəstək verməlidir
Gültəkin Hacıbəyli: Azərbaycan hüquq-müdafiə təşkilatları İran qadınlarının azadlıq mübarizəsinə dəstək verməlidir

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli Amerikanın Səsinə müsahibəsində İranda qadın hərəkatından, o cümlədən İran Azərbaycanında qadınların hüquqları uğrunda mübarizəsindən danışıb.

Gültəkin Hacıbəyli: Azərbaycan hüquq-müdafiə təşkilatları İran qadınlarının azadlıq mübarizəsinə dəstək verməlidir
please wait

No media source currently available

0:00 0:06:08 0:00

Amerikanın Səsi: İranda qadınların etirazı uzun müddətdir davam edir. Sizcə İran hökuməti nəhayətdə qadın hüquqları ilə bağlı hansısa azadlıqları tanıya bilərmi?

Gültəkin Hacıbəyli: Sentyabrın 16-dan İranda 22 yaşlı Məhsə Əmininin öldürülməsi ilə başlanan bir proses bu gün də davam edir. Bu proses İran qadınlarının Azadlıq uğrunda mübarizə hərəkatına çevrilib. Yəni bunu sentyabrın 16-da heç kim düşünməzdi. Amma bu gün gözümüzün qarşısında İran qadınları İran tarixinin ən şərəfli səhifəsini yazır. Öz hüquqları uğrunda mübarizə aparırlar. Bu baxımdan bu proses çox təsirlidir. Amma bu prosesin hansı bir nəticələr doğuracağını öncədən proqnozlaşdırmaq çətindir. İlk öncə onu qeyd edim ki, nəticə artıq var. Bu nəticə ondan ibarətdir ki, bütün dünya İran qadınlarının iradəsini, azadlıq eşqini, əzmini gördü. Yəqin ki, əvvəlki qaydalarla idarə etmək çətin olacaq. Amma İran rejiminin də mahiyyəti məhz basqılar üzərində, məhdudiyyətlər üzərində qurulub. Belə bir rejimin qadınlara münasibətdə geriyə addım atması rejimin özünün mahiyyətinə zərbə vura bilər. Rejimin daxilində çatlar yarana bilər. Bu baxımdan hal-hazırda çox çətin bir vəziyyətli durumdur. Ümid edirəm ki, İran qadınlarının dirənişi davam etdikcə, İran cəmiyyətinin bütövlükdə dirənişi davam etdikcə ortada daha ciddi nəticələr olacaq. Bu günə olan nəticələr ondan ibarətdir ki, artıq küçələrdə başı açıq qadınlara qarşı münasibət fərqlidir. Daha buna görə onları öldürmürlər, onları buna görə həbs etmirlər. Hesab edirəm ki, bu özü artıq möhtəşəm nəticədir.

Amerikanın Səsi: Sizcə, bu etirazlar İran siyasi sistemində köklü islahatlara səbəb ola bilərmi?

Gültəkin Hacıbəyli: Artıq qeyd etdiyim kimi bu məhdudiyyətlər İran rejiminin mahiyyətindən doğan məhdudiyyətlərdir. İran vətəndaşlarının bu qədər qətiyyətliliyi, əzmkarlığı qarşısında düşünürəm ki, o rejim gec-tez geri çəkilməyə məhkumdur. Bu həm ölkədə olan prosesdir. Bu yalnız bir bölgəyə aid olan proses deyil, bu, İranın bütün bölgələrini birləşdirən vahid bir iradədir. Ümumxalq iradəsidir. Mən demək istəyirəm ki, İran qadınları öz əzmkarlıqları, öz cəsarəti ilə dünyanın qəhrəmanlarına çevrildi.

Amerikanın Səsi: İran Azərbaycanında qadın hərəkatının durumunu necə qiymətləndirirsiniz? Ölkənin siyasi rəhbərliyi azərbaycanlı qadınların mədəni hüquqlarla, o cümlədən ana dilində təhsil hüququ ilə bağlı təkliflərini qismən də olsa təmin edə bilərmi?

Gültəkin Hacıbəyli: Təəssüflər olsun ki, bu barədə bizdə məlumatlar yoxdur. Hələ ki, İran Azərbaycanında, İranda yaşayan soydaşlarımızın hüquqları ilə bağlı hansısa bir irəliləyişlər haqqında hətta bir siptomlarla bağlı məlumatlar əldə etmirik. O cümlədən, qadın hüquqları ilə də bağlı vəziyyət ağır olaraq qalır. Onu da qeyd edim ki, artıq hal-hazırda qadın hərəkatlarında İranın digər bölgələri daha fəal görünür. Məsələn, Kürdüstan, Bəlucistan bölgəsində daha ciddi etirazlara rast gəlirik. Ona görə də İran rejiminin həmin bölgələrdə yaşayan insanlara qarşı müqaviməti, basqısı, repressiyası daha güclüdür. Amma mən ümid edirəm ki, bütövlükdə İran qadınları öz hüquqlarını, azadlıqlarını əldə etdikdə İranda yaşayan soydaşlarımız da, İran Azərbaycanlıları da öz hüquqlarına qovuşacaq və öz azadlıqlarını əldə edəcək.

Amerikanın Səsi: Azərbaycan Respublikasındakı hüquq-müdafiə təşkilatları, o cümlədən qadın hüquqları ilə məşğul olan təşkilatlar İran Azərbaycanında və bütövlükdə İranda qadın hərəkatına dəstək verirmi?

Gültəkin Hacıbəyli: Təbii ki, bu dəstək verilməlidir. Bilirsiniz qadın hüquqları bəşəri hüquqların tərkib hissəsidir. Harada qadınlar öz hüquqları uğrunda mübarizəyə qalxırlarsa, hansı bir ölkədə fərqi yoxdur, bu dünyanın hansı bölgəsində olursa olsun, qadınlar öz haqları uğrunda savaşırlarsa bütün dünya onlara dəstək verməlidir. Bütün dünya demokratları onlara dəstək verməlidir. Təbii ki, İran bizim üçün qonşu ölkədir. İranda çoxsaylı soydaşlarımız var. Məhz buna görə də Azərbaycanda insan hüquqları müdafiə təşkilatları, qadın hüquqları müdafiə təşkilatları İran qadınlarının azadlıq mübarizəsinə dəstək verməlidir. Bu, bir insanlıq borcudur. Bu, bir insanlıq görəvidir. Mən ümid edirəm ki, ən yaxın zamanda bütün İran qadınları öz azadlıqlarına qovuşacaq. Sonda bir məsələni də vurğulamaq istəyirəm ki, bu gün məni təkcə İran qadınlarının durumu narahat etmir. Eyni səviyyədə İranda olan azyaşlılara qarşı insan haqlarının pozuntusu da narahat edir. Onların arasında edama məhkum edilənlərlə bağlı məlumatlar gəlir. Mən hesab edirəm ki, dünya bu haqsızlığa sərt bir şəkildə reaksiya verməlidir.

XS
SM
MD
LG