Accessibility links

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvanla bağlı yayılan müraciəti təxribat adlandırıb


Naxçıvan şəhəri (Foto: AZƏRTAC)
Naxçıvan şəhəri (Foto: AZƏRTAC)

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) özünü İranın Naxçıvan Xalq Hərəkatı kimi təqdim edən təşkilat adından sosial şəbəkələrdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə bağlı yayılan müraciəti təkzib edib.

"Son vaxtlar bir sıra sosial şəbəkələrdə uydurma təşkilat olan İranın Naxçıvan Xalq Hərəkatı adından guya Azərbaycan hakimiyyətinin təqsiri üzündən Naxçıvan Muxtar Respublikası əhalisinin təhlükəsizlik, elm, ərzaq məsələlərində ciddi çətinliklərlə üzləşməsi, onların könüllü şəkildə İranın tərkibinə qatılmaq istəməsi, bununla bağlı İran silahlı qüvvələrinin Naxçıvan ərazisində yerləşdirilməsi barədə yerli əhali adından İran hökumətinə ünvanlanmış saxta müraciət yayımlanıb" , DTX-nin məlumatıda deyilir.

DTX bildirir ki, son günlər Azərbaycana qarşı məqsədyönlü şəkildə həyata keçirilən belə hallar ciddi şəkildə araşdırılır və müvafiq tədbirlər görülür.

"Ölkəmizə qarşı düşmən mövqedə dayanan məlum dairələr tərəfindən bu kimi cəfəngiyyat və təxribat xarakterli məlumatların yayımlanması qəbuledilməzdir və vətəndaşlarımızda ikrah hissi oyadır. Azərbaycan dövləti və onun siyasi rəhbərliyi ölkənin bütün ərazisində, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında əhalinin təhlükəsiz və firavan yaşamasının təminatçısıdır" , məlumatda qeyd edilir.

İran-Azərbaycan münasibətlərində son zamanlar müşahidə edilən gərginlik davam etməkdədir. DTX-nin bu məlumatı İranın Kəşfiyyat Nazirliyinin oktyabrın 26-da Şirazda "Şah-Çeraq" ziyarətgahında törədilən terror aktının "baş əlaqələndiricisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportundan uçaraq İmam Xomeyni adına hava limanının hava sərhədindən ölkəyə daxil olan Azərbaycan vətəndaşı olub" - deyə, bu gün yaydığı açıqlamadan sonraya təsadüf edir.

Son zamanlar İranın Azərbaycanın sərhədlərində hərbi təlimlər keçirməsi, bu ölkənin mediasında Azərbaycana qarşı tənqidi çıxışlar Azərbaycan Respublikası ictimaiyyətində sərt əks reaksiyalar doğurub. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri İranla sərhəd ərazilərdə hərbi təlimlər keçirir, ölkə mediasında, o cümlədən rəsmi mediada İrana qarşı sərt tənqidi mesajlar əks olunan materiallar yayımlanır.

Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası 9 fevral 1924-cü ildə yaradılıb. Naxçıvan Muxtar Respublikası Ermənistan, Türkiyə və İranla həmsərhəddir.

Rəsmi məlumatlara əsasən, Muxtar Respublika inzibati cəhətdən yeddi rayon və Naxçıvan şəhər inzibati ərazi dairəsindən ibarətdir. Muxtar Respublikada 6 şəhər, 7 şəhər tipli qəsəbə, 206 kənd olmaqla ümumilikdə 219 yaşayış məntəqəsi var.

Ərazisi 5502,75 kvadrat kilometr, əhalisi 500 min nəfərə yaxındır.

Mövzuya uyğun

XS
SM
MD
LG