Accessibility links

Rusiya və İran Rəşt-Astara dəmir yolu layihəsinin başa çatdırılması üçün danışıqlar aparıb


Şimal-Cənub dəhlizi (Xəritə Azərbaycan Dəmir yolu Səhmdar Cəmiyyətinin rəsmi saytından götürülüb)
Şimal-Cənub dəhlizi (Xəritə Azərbaycan Dəmir yolu Səhmdar Cəmiyyətinin rəsmi saytından götürülüb)

Yanvarın 9-da rəsmi Tehran və Moskva Rəşt-Astara dəmir yolu layihəsinin başa çatdırılması üçün danışıqlar aparıb.

İranın nəqliyyat və şəhərsalma nazirinin nəqliyyat üzrə müavini Şəhriyar Əfəndizadə İRNA agentliyinə bildirib ki, İran Rusiyanın Rəşt-Astara dəmir yolu layihəsində necə iştirak edəcəyini və sərmayə qoyacağını müəyyən etmək üçün 16 maddədən ibarət memorandumunu təqdim edib.

“Rusiya hökuməti maliyyə yardımı göstərməklə Rəşt-Astara dəmir yolunun tamamlanmasında iştirak etməkdə maraqlıdır”, o qeyd edib.

İranın nəqliyyat nazirinin müavininin sözlərinə görə, bununla bağlı İran və Rusiya arasında ikitərəfli memorandum təklif edilib və üç ölkə nazirlərinin imzaladığı birgə bəyanatdan sonra İran, Rusiya və Azərbaycan arasında üçtərəfli memorandum imzalanıb.

“İran Rəşt-Astara dəmir yolunun tikintisinin tamamlanmasında iştirak etmək üçün Azərbaycanla yanaşı Rusiya ilə də danışıqlar aparsa da, Rusiya iştirak edib-etməməsindən asılı olmayaraq ölkə layihəni başa çatdıracaq”, o əlavə edib.

Əfəndizadənin sözlərinə görə, İran və Rusiya arasında keçirilən 13-cü birgə iclasda 2023-cü ilə qədər 10 milyon ton malın transferi ilə bağlı anlaşma əldə olunub. Üç ölkə - İran, Rusiya və Azərbaycan 15 milyon ton yükün ötürülməsinə razılıq verib.

Bundan öncə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində Azərbaycan Astara çayı üzərində dəmir yolu körpüsü və Astara stansiyasından (Azərbaycan) İran sərhədinədək olan 8,3 kilometrlik dəmir yolu xətti tikib.

Azərbaycan həmçinin öncəki illədə Şimal-Cənub dəmiryolu dəhlizinin İranda inşasına 500 milyon dollar investisiya yönəldib.

2022-ci il sentyabrın 9-da Bakıda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın baş nazirinin müavini Aleksandr Novak və İranın yollar və şəhərsalma naziri Rüstəm Qaseminin görüşü keçirilib.

Görüşdən sonra dəhlizin inkişafına dair Azərbaycan, Rusiya və İran üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb.

Bəyannaməyə əsasən, tərəflər dəhlizin potensialından tam istifadə etmək üçün infrastruktur və nəqliyyat imkanlarının qiymətləndirilməsi, eləcə də təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildiriblər və 2030-cu ilə qədər 3 ölkənin əraziləri arasında 30 milyon ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alırlar.

Rusiya prezidenti Vladimir Putin 2022-ci il uyulun 19-da Tehranda mətbuat konfransında bildirib ki, Rusiya “Şimal-Cənub” nəqliyyat dəhlizinin işə salınması üçün Rəşt-Astara dəmir yolunun İran ərazisindən keçən hissəsini tikməyə hazırdır.

“İlk sınaq qatarı artıq Şimal-Cənub marşrutu ilə hərəkət edib. Bu, İran limanlarına, buradan Fars körfəzinə və Hindistana gedən qısa yoldur. Xüsusi bir bölgə var - Rəşt - Astara. Bu, İran ərazisində kiçik bir ərazidir, 146 kilometrdir. Azərbaycan bu hissənin tikintisində maraqlıdır. Biz bu yaxınlarda Xəzər sammiti çərçivəsində prezident Əliyevlə görüşdük və bu barədə müzakirələr apardıq. İran da bunda maraqlıdır və iranlı tərəfdaşlarımız bunu indi təsdiqləyiblər. Rusiya da bunda maraqlıdır, çünki bizim Rusiyanın şimalından, Sankt-Peterburqdan birbaşa Fars körfəzinə çıxışımız olacaq. Çox maraqlı və perspektivli marşrutdur. Orada məsələ bir hissəni tikməkdir, təkrar edirəm, cəmi 146 kilometr. Rusiya tərəfi bunu etməyə hazırdır” , o qeyd edib.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində əldə edilib. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan “Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında Saziş”ə qoşulub.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır. Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını da reallaşdıracaq.

XS
SM
MD
LG