Accessibility links

Mixail Mişustin: On ay ərzində Rusiya-Azərbaycan ticarət dövriyyəsi 3 milyard dollara çatıb


Əli Əsədov və Mixail Mişustin (Foto Azərbaycan Nazirlər Kabinetinindir)
Əli Əsədov və Mixail Mişustin (Foto Azərbaycan Nazirlər Kabinetinindir)

Noyabrın 17-də Bakıda 11-ci Azərbaycan-Rusiya regionlararası forumu keçirilib.

Forumda Azərbaycanın Baş nazirləri Əli Əsədov və Rusiya Hökumətinin sədri Mixail Mişustin iştirak edib.

Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, forum çərçivəsində iki ölkənin siyasət, biznes, elm, ziyalı və ictimaiyyət nümayəndələrinin, habelə regionların rəhbərlərinin və rəsmi şəxslərinin iştirakı ilə beş tematik dəyirmi masa keçirilib.

"İqtisadi, nəqliyyat, aqrar-sənaye, humanitar sahələrdə əməkdaşlığa dair ətraflı müzakirələr aparılıb, kiçik və orta sahibkarlıq sahəsində gələcək qarşılıqlı fəaliyyət imkanları nəzərdən keçirilib" , məlumatda qeyd edilir.

Əli Əsədov bildirib ki, regionlararası forumların keçirilməsi yaxşı ənənəyə çevrilib və Azərbaycan ilə Rusiya arasında regionlararası əlaqələrin genişləndirilməsində mühüm rol oynayır.

"İki ölkə arasında qarşılıqlı, faydalı əməkdaşlıq bu gün praktiki olaraq bütün sahələri ehtiva edir. Regionlararası əməkdaşlıq ikitərəfli münasibətlərin gündəliyində xüsusi yer tutur. Azərbaycan Rusiyanın 80-ə yaxın subyekti ilə həm iqtisadi, həm də humanitar sahələrdə əlaqələri nizamlayıb, 20 subyektlə ticari-iqtisadi, elmi-texniki və mədəni sahələrdə qarşılıqlı fəaliyyət haqqında sazişlər imzalanıb" , o qeyd edib.

Baş nazirin fikrincə, Forum Azərbaycan ilə Rusiya arasında regionlararası əməkdaşlığın inkişafına yeni təkan verəcək, qarşılıqlı faydalı tərəfdaşlığın əsas inkişaf vektorlarını müəyyənləşdirməyə kömək edəcək.

Rusiya Hökumətinin məlumatında deyilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin bildirib ki, bu gün Rusiya Azərbaycanın əsas xarici iqtisadi tərəfdaşlarından biridir.

"Azərbaycanda Rusiyanın iştirakı ilə 900-dən çox birgə müəssisə fəaliyyət göstərir və onlardan 300-ü 100 faiz Rusiya kapitalına malikdir. Energetika, maşınqayırma, sənaye, nəqliyyat və digər sahələrdə əməkdaşlıq genişlənir. Qarşılıqlı ticarət dövriyyəmiz on ay ərzində təxminən 3 milyard dollara çatıb. Bu, 20% artım deməkdir".

Mixail Mişustin deyib ki, bu gün hər iki ölkələnin fəaliyyət göstərdiyi xarici şərait, eləcə də dünya bazarlarındakı vəziyyət çox ağır olaraq qalır.

"O cümlədən kollektiv Qərb Rusiyaya qarşı qeyri-dost addımlar atır. Qanunsuz birtərəfli sanksiyalardan, haqsız rəqabət üsullarından, proteksionist tədbirlərdən istifadə edilir. Eyni zamanda çoxtərəfli ticarət sisteminin formalaşmış arxitekturasını məhv etməyə çalışırlar. Bu vəziyyətdə əlbəttə ki, yeni əməkdaşlıq formatları axtarmaq lazımdır".

Onun sözlərinə görə, hazırda Rusiyanın 70-dən çox qurumu Azərbaycanla əməkdaşlığı inkişaf etdirir. Onların dörddə birinin artıq ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişləri var.

Rusiya hökumətinin sədri deyib ki, Həştərxan və Azərbaycan limanları arasında ticarət gəmiçiliyi genişlənir.

"Bu, bizim üçün əlamətdar istiqamətdir, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində əlavə yükdaşımaları yaratmağa qadirdir, Azərbaycan Baş naziri ilə ətraflı müzakirə etdiyimiz çox mühüm dəhlizdir".

Mixail Mişustinin sözlərinə görə, Azərbaycanda 340-a yaxın rusdilli məktəb var.

"Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır", o qeyd edib.

XS
SM
MD
LG