Accessibility links

Azərbaycan, Türkiyə və Türkmənistan ticarət-iqtisadi, gömrük, təhsil, energetika, nəqliyyat sahələri üzrə sənədlər imzalayıb


İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədov (Rəsmi foto, Mənbə Azərbaycan Prezidentinin rəsmi saytı)
İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədov (Rəsmi foto, Mənbə Azərbaycan Prezidentinin rəsmi saytı)

Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun görüşü olub.

Türkmənistan prezidentinin rəsmi internet saytının məlumatına görə, görüşün nəticəsi olaraq dövlət başçılarının birgə bəyanatı, ticari-iqtisadi, elm, təhsil və mədəniyyət, gömrük, energetika, nəqliyyat sahələrində əməkdaşlıqla bağlı sənədlər imzalanıb.

Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatıb.

"Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır. Bu, rekord göstəricidir".

İlham Əliyev (Rəsmi foto, Mənbə Azərbaycan prezidentinin rəsmi saytı)
İlham Əliyev (Rəsmi foto, Mənbə Azərbaycan prezidentinin rəsmi saytı)

Əliyevin sözlərinə görə, Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıb.

"Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır. Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur" o qeyd edib.

Dövlət başçısı Bakı-Tbilisi-Qars dəmir yolu layihəysinə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacağını və onun ötürücülük qabiliyyətinin hazırkı 1 milyondan 5 milyon tona çatdırılacağını deyib.

"Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur. Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir" , prezident bildirib.

Azərbaycan, Türkiyə, Türkmənistan zirvə görüşünün emblemi (Rəsmi foto, mənbə Türkmənistan prezidentinin rəsmi saytı)
Azərbaycan, Türkiyə, Türkmənistan zirvə görüşünün emblemi (Rəsmi foto, mənbə Türkmənistan prezidentinin rəsmi saytı)

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bildirib ki, regionda yeni reallıqlar yaranır.

"Enerji və nəqliyyat sahəsində əməkdaşlıqla bağlı mühüm addımlar atılır. Azərbaycan, Türkmənistan və Türkiyə bu istiqamətdə çoxtərəfli və koordinasiyalı addımlar atır. Nəqliyyat sahəsində əməkdaşlığın güclənməsinin lazım olduğunu düşünürük. Parlamentlərarası əlaqələri də inkişaf etdirməyin lazım olduğunu düşünürəm. Xüsusilə indiki həssas zamanda digər sahələrdə də əlaqələr davam etməlidir".

Prezidentin sözlərinə görə, Azərbaycan, Türkmənistan və Türkiyə bundan sonra da əməkdaşlığı davam etdirəcəklər.

İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədov (Rəsmi foto, mənbəTürkmənistan Prezidentinin rəsmi saytı)
İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədov (Rəsmi foto, mənbəTürkmənistan Prezidentinin rəsmi saytı)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əlaqələri daha da gücləndirəcəklər.

"Üç ölkənin nazirlərinin iştirakı ilə təməli qoyulan üçtərəfli platformalar müsbət nəticələr verir. Xəzərdə türkmən və azərbaycanlı qardaşlarımızla əməkdaşlığa hazırıq. Türkmənistan və Azərbaycanın ölkəmizə elektrik ixracı sahəsində də əməkdaşlığa hazırıq".

O hesab edir ki, tərəflər Türkmənistan təbii qazının Qərb bazarlarına nəqli üzərində işə başlamalıdır.

Ərdoğan, həmçinin üç ölkə ərazisindən keçən Orta Dəhlizin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

"Bu dəhlizin önəmli bir hissəsini Bakı-Tbilisi-Qars dəmir yolu ilə tamamladıq. Biz sərhəd keçidləri və gömrük prosedurlarını asanlaşdırmalıyıq. Hər üç ölkənin yük daşıyıcıları üçün rüsumların aradan qaldırılması və ya qiymət endirimlərinin edilməsi ticarət dövriyyəmizi artıracaq", o qeyd edib.

Dekabrın 14-də Türkmənistanın Avaza turizm zonasında Azərbaycan, Türkiyə və Türkmənistanın energetika nazirləri Pərviz Şahbazov, Fatih Dönməz və Çarımurad Çurpekov arasında da görüş keçirilib.

Türkmənistan tərəfi dünya, o cümlədən Avropa bazarlarına enerji daşıyıcılarının tədarük həcminin artırılmasında və şaxələndirilməsində maraqlı olduğunu ifadə edib. Tərəflər Türkmənistan təbii qazınının Azərbaycan və Türkiyə ərazisindən keçməklə Avropaya nəqlini müzakirə edib.

Türkmənistanın dövlət informasiya agentliyi xəbər verir ki, tərəflər Türkmənistanın elektrik enerjisinin ixracından danışarkən bu sahədə tərəfdaşlığın genişləndirilməsi ilə bağlı meydana gələn imkanların razılaşdırılmış beynəlxalq əməkdaşlığın qurulmasını şərtləndirdiyi barədə yekdil razılığa gəliblər.

Türkmənistan, Azərbaycan və Türkiyənin nəqliyyat nazirlərinin görüşündə isə dəniz, avtomobil və dəmir yolu ilə sərnişin və yük daşımaları üçün müasir infrastrukturun yaradılması, kibertəhlükəsizlik və innovativ texnologiyalar sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

XS
SM
MD
LG