Accessibility links

Azərbaycan baş naziri Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin keçdiyi Ələt limanında olub


Azərbqycanın Baş naziri Əli Əsədov İyunun 25-də Ələt Azad İqtisadi Zonasında (Bakıdan 64 kilometr qərb) olub.

Nazirlər Kabinetinin Mətbuat xidmətinin məlumatına görə, Baş nazir azad istisadi zonada aparılan işlər və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində terminalların iş prinsipi və icra edilən infrastruktur layihələri üzrə görülən işlərlə tanış olub.

Əsas müzakirə mövzusu Azərbaycanda nəqliyyat və logistika sahəsində infrastrukturun hazırki vəziyyəti, rəqəmsallaşma, beynəlxalq yükdaşımalarda mövcud potensialın artırılması, artan tranzit yüklərin sürətli buraxılması üçün lazımi tədbirlərin görülməsi və bu sahədə qabaqcıl dünya təcrübəsinin, müasir innovativ həllərin tətbiqi və perspektiv layihələr ilə bağlı olub.

Ələt Azad İqtisadi Zonasının təməli 2021-ci il iyunun 1-də qoyulub. İqtisadi zonanın ümumi sahəsi 850 hektardır.

"Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir" , hökumətin məlumatında deyilir.

Ələt Azad İqtisadi Zonası Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (ТRACECA - Transport Corridor Europe -Caucasus-Asia) üzərində yerləşir. Rusiya-Ukrayna müharibəsi bu ölkələrin ərazisi, həmçinin Qara dəniz limanları ilə yükdaşımalarda ciddi çətinliklər yaradıb.

Rusiya Qərbin sanksiyaları altında olduğundan Çindən qərb bazarlarına və əksinə daşınan yüklərin əsas axını Çin-Qazaxıstan-Özbəkistan-Türkmənistan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə və daha sonra qərb istiqamətini əhatə edən Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinə keçib.

TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov Amerikanın Səsinə bildirib ki, Rusiya-Ukrayna müharibəsi TRACECA xətti ilə yük daşımalarının həcminin artmasına təkan verib.

"Rusiya üzərindən il ərzində bir milyon konteynerdən çox yük daşınırdı. Bizim dəhlizimizdən tarixi göstərici üzrə maksimal hədd 50-60 min konteyner olub. Təbii ki, Rusiya üzərindən daşınan yüklərin 100 faizini fiziki olaraq hazırkı vəziyyətdə bizim dəhlizimizin emal etməsi çətindir. Amma istənilən dərəcədə ilin sonuna qədər proqnozlaşdırırıq ki, bizim dəhlizlə yük daşınmasında ən azı 3-5 dəfə artım ola bilər" , o qeyd edib.

Bu il mayın 16-dan 24-dək Xəzər dənizi və Qara dəniz limanları vasitəsilə Mərkəzi Asiya-Avropa İttifaqı marşrutu üzrə ticarətin artırılması imkanlarına dair tədqiqat turu (Road Sho) keçirilib.

Aktaudan (Qazaxıstan) başlayaraq Bakı (Azərbaycan), Tbilisi və Batumiyədək (Gürcüstan) davam edən tədqiqat turunda Mərkəzi Asiya ölkələri, Azərbaycan, Bolqarıstan, Gürcüstan və Türkiyədən nümayəndə heyətləri iştirak edib.

Turun təşkilatçıcı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) bildirib ki, məqsədi gömrük və sərhəd prosedurlarının uyğunlaşdırılması, transsərhəd ticarət və investisiyalar üzrə dövlət-özəl dialoqunun artırılması yolu ilə Mərkəzi Asiyada iqtisadi artımı sürətləndirmək və iqtisadi imkanları artırmaq üçün region miqyasında ticarət əlaqəsini və uyğunlaşdırılmasını təkmilləşdirməkdir. Tədbirlərdə, həmçinin transsərhəd firmalar arasında əlaqənin təkmilləşdirilməsi və ticarət məsələlərinin həlli diqqət mərkəzində olub.

Bununla yanaşı, Azərbaycandan tranzit keçməklə Gürcüstan, Türkiyə marşrutu ilə hərəkət edən yük nəqliyyat vasitələrinin gömrük-keçid məntəqələrində yaranan sıxlıqların aradan qaldırılması məqsədilə mayın 12-də gömrük orqanlarının nümayəndələri arasında görüş keçirilib.

Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (ТRACECA - Transport Corridor Europe -Caucasus-Asia) - Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir.

Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.

XS
SM
MD
LG