Accessibility links

Şahin Hacıyev: Türk Dövlətləri Təşkilatı Qazaxıstana yalnız mənəvi dəstək ola bilər   


Bu gün, yanvarın 11-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin xarici işlər nazirlərinin Qazaxıstanda mövcud vəziyyətlə bağlı onlayn formatda fövqəladə iclası keçirilib.

Türk Dövlətləri Təşkilatı Katibliyinin məlumatına görə, fövqəladə iclasda Qazaxıstanın Baş nazirinin müavini və xarici işlər naziri Muxtar Tileuberdi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev, Özbəkistanın xarici işlər naziri Abdulaziz Kamilov, Türkmənistanın Baş nazirinin müavini və xarici işlər naziri Raşid Meredov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev iştirak edib.

Xarici İşlər Nazirləri iclasın yekunu olaraq Qazaxıstandakı vəziyyətlə bağlı bəyanatla çıxış edib.

Regionda və onun hüdudlarından kənarda sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edən Qazaxıstanda sülh və sabitliyinin vacibliyi vurğulanıb.

İnsan həyatı üçün təhlükə yaradan, ictimai asayişi pozan və əmlaka ziyan vuran zorakılıq və vandalizm aktlarını pislənilib.

Qazaxıstan hakimiyyətinin ölkədə ictimai asayişi və vəziyyətin normallaşmasını sürətlə bərpa etmək imkanlarına inam ifadə edilib.

Təşkilat hazırki böhrandan çıxmaq üçün lazım gələrsə Qazaxıstan xalqını və hökumətini dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyib.

Azərbaycvan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, ictimai asayişə xələl gətirən, fundamental insan hüquqlarına və vətəndaşların azadlıqlarına təhdid törədən gücdən qanunsuz istifadə və zorakılığa heç bir bəraət qazandırıla bilməz və buna görə qətiyyətlə pislənməli və rədd edilməlidir.

Nazir inanır ki, Qazaxıstan müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi əlamətdar nailiyyətləri riskə atmadan vəziyyətdən çıxacaq və sağlam düşüncə qalib gələcək.

“Bu baxımdan Türk Dövlətləri Təşkilatının üzərinə mühüm vəzifə düşür. Təşkilat üzv dövlətlər arasında həmrəylik üzərində qurulub və bu çətin zamanda qazax bacı və qardaşlarımızın yanında olmaq bizim ümumi məsuliyyətimizdir.”

O deyib ki, Qazaxıstanla dərin köklü etnik, dini və tarixi qardaşlığa malik ölkə kimi Azərbaycan, Qazaxıstanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağın mühüm əhəmiyyətini bir daha təsdiqləyir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Qazaxıstanda barış və sabitliyin qorunması bölgə və Türk Dövlətləri Təşkilatı üçün, həmçinin qlobal sülhün qorunması üçün xüsusi əhəmiyyət daşıyır.

“Qazax xalqı da mövcud problemlərin həlli istiqamətində birlik və bərabərlik nümayiş etdirmək iqtidarındadır. Türk Dövlətləri Təşkilatı olaraq ortaq mesajımız budur: “Biz türk dünyası olaraq Qazaxıstanın yanındayıq. Qazaxıstana dəstəyimiz tamdır,” o qeyd edib.

Nazir deyib ki, türk dünyası Qazaxıstana güvənir və inanır.

“Türk dünyası olaraq Qazaxıstanın yanında olacağıq,” o qeyd edib.

Turan İnformasiya Agentliyinin siyasi redaksiyasının rəhbəri Şahin Hacıyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, türkdilli dövlətlərin Qazaxıstandakı duruma təsiri minimumdur.

“Ona görə ki, Qazaxıstanda stabillik pozulub. Stabilliyin bəprası üçünsə güc tətbiqi lazımdır. Gücün tətbiri isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərəfindədir.”

please wait

No media source currently available

0:00 0:01:43 0:00

Ekspert hesab edir ki, türk dövlətləri Qazaxıstan məsələsındə yalnız müşahidəçi rolunda çıxış edə bilərlər.

“Bir də Qazaxıstan ilk müraciətini Türk Dövlətləri Təşkilatına deyil Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Rusiyaya etdi. Bu da bir gösəticidir, Qazaxıstan hökumətinin fikrini göstərir. Odur ki, indiki halda Türk Dövlətləri Təşkilatı Qazaxıstana yalnız mənəvi dəstək verə bilər,” o qeyd edib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi qüvvələrinin Qazaxıstanı nə vaxt tyərk edəcəyi məsələsinə gəlincə, ekspert hesab edir ki, burada bir problem olmayacaq.

“Moskvada yaxşı bilirlər ki, Qazaxıstan əhalisinin istəyinin əleyhinə olaraq orada qoşun saxlamaq Rusiya-Qazaxıstan münasibətlərinin korlamnması olar. Bu həm də Qazaxıstanda yaşayan rusların zərbə altına düşməsi olar. Rusiya özü də deyib, mən bunu formal bəyanat hesab etmirəm, Qazaxıstan hökuməti tələb edən kimi Rusiya və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi qüvvələri bu ölkəni tərk edəcək. Bu da Qazaxısytan hökumətinin nəzarəti nə qədər tez ələ ala biləcəyindən asılı olacaq,” o qeyd edib.

Türk Dövlətləri Təşkilatı (ilk adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası olub-red) 2009-cu il oktyabrın 3-də Azərbaycanın Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə yaradılıb.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə üzv, Türkmənistan və Macarıstan müşahidəçi dövlətlərdir.

Təşkilatın yaradılması 2006-cı ildə Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilib. 2019-cu ilin mayında Nursultan Nazarbayev qurumun ömürlük fəxri rəhbəri seçilib.

Türk Dövlətləri Təşkilatının mərkəzi ofisi İstanbulda (ümumi katiblik), Parlament Assambleyası Bakıda və Türk Akademiyası Nur-Sultanda yerləşir.

Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin ofisi bir həftə davam edən iğtişaşlardan sonra yanvarın 9-da bildirib ki, “ölkənin bütün bölgələrində vəziyyət sabitləşib”.

Yanvarın 5-də Qazaxıstan prezidentinin dəvəti ilə ölkəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi birliyi daxil olub.

Tokayev yanvarın 7-də televiziya vasitəsilə çıxışı zamanı nümayişçiləri öldürmək üçün təhlükəsizlik qüvvələrinə xəbərdarlıq etmədən atəş açmaq əmri verib.

Prezident administrasiyası yanvarın 9-da bildirib ki, bir həftə ərzində Qazaxıstan təhlükəsizlik qüvvələri 26 nümayişçini öldürüb, 5800 nəfəri həbs edib. Bəyanatda həbs olunanlar arasında “xeyli sayda xarici vətəndaşların” olduğu bildirilib.

İğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının 18 əməkdaşı həyatını itirib.

Reuters xəbər agentliyi Qazaxıstanın Səhiyyə Nazirliyinə istinad edən Rusiyanın Sputnik agentliyinə istinadən yanvarın 9-da Qazaxıstanda son bir həftə ərzində baş verən iğtişaşlar nəticəsində ikisi uşaq olmaqla, ümumilikdə 164 nəfərin öldüyü haqda məlumat verir.

Səhiyyə nazirliyi Qazaxıstanın ən böyük şəhəri olan və ən şiddətli toqquşmaların baş verdiyi Almatıda 103 nəfərin öldüyünü bildirib.

XS
SM
MD
LG