Accessibility links

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri dövlət başçılarının görüşünün gündəliyini müzakirə edib


Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri (Rəsmi foto, mənbə Xarici İşlər Nazirliyi)
Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri (Rəsmi foto, mənbə Xarici İşlər Nazirliyi)

Dekabrın 13-də Türkmənistanın Avaza şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşü olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, görüşdə dekabrın 14-də baş tutacaq Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşündə müxtəlif sahələr üzrə, o cümlədən energetika, ticarət, gömrük, nəqliyyat, təhsil və mədəniyyət sahələri üzrə qəbul olunacaq sənədlər, həmçinin Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov dekabrın 14-də keçiriləcək Azərbaycan-Türkiyə-Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün üçtərəfli dialoqun inkişafında mühüm rol oynayacağını bildirib.

“Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatının bölgənin nəqliyyat və tranzit potensialından tam istifadə olunmasına, eyni zamanda Şərq-Qərb Trans-Xəzər nəqliyyat dəhlizinin gücləndirilməsinə töhfə verəcəyinə dair inam ifadə edilib. Bu xüsusda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin açılması istiqamətində fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib,” məlumatda qeyd edilir.

Mətbuat xidməti idarəsi bildirir ki, nazirlər dünyada baş verən hadisələr fonunda enerji təhlükəsizliyi amilinin aktuallığının artmasının üç ölkə arasında bu sahədə səylərin gücləndirilməsinin vacibliyinə dəlalət etdiyini qeyd edib.

Nazir Bayramov həmçinin Azərbaycan tərəfindən 30 illik işğalın nəticələrinin aradan qaldırılması, habelə öz yurdlarından didərgin düşmüş vətəndaşlarımızın təhlükəsiz geri qayıdışının təmin edilməsi istiqamətində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri haqqında ətraflı məlumat verib. Bu xüsusda, mina təhlükəsinin regionda aparılan bərpa və quruculuq işlərinə, o cümlədən sülh gündəliyinin irəli aparılmasına ciddi əngəl törətdiyi bildirilib.

XS
SM
MD
LG