Accessibility links

Azərbaycan və Türkiyə müdafiə nazirləri İranla sərhəddə birgə hərbi təlimləri izləyib


Zakir Həsənov və Hulusi Akar Azərbaycan-Türkiyə birgə təlimini izləyib ( foto: Azərbaycan Müdafiə Nazirliyi)
Zakir Həsənov və Hulusi Akar Azərbaycan-Türkiyə birgə təlimini izləyib ( foto: Azərbaycan Müdafiə Nazirliyi)

Dekabrın 6-da Azərbaycan-Türkiyə birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, birgə təlimi (Qardaş Yumruğu)izləmək üçün Türkiyə Müdafiə naziri Hulusi Akar və Azərbaycan müdafiə naziri Zakir Həsənov poliqona gəliblər.

“Məruzə edilib ki, ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələri, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə qarşılıqlı əlaqədə müxtəlif təlim döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirirlər,” məlumatda deyilir.

Zakir Həsənov və Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti, eyni zamanda, Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən təlimdə icra olunan tapşırıqları xüsusi quraşdırılmış monitorlar vasitəsilə canlı izləyiblər.

Sonda bütün istiqamətlər üzrə icra olunan tapşırıqlar videobağlantı vasitəsilə qoşulan komandir heyəti ilə birgə təhlil edilib.

“Keçirilən birgə təlimi yüksək qiymətləndirən müdafiə nazirləri təlimin daha da keyfiyyətli təşkili və şəxsi heyətin peşəkarlıq qabiliyyətinin artırılması ilə bağlı müvafiq tövsiyələrini verib,” məlumatda qeyd edilib.

Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumata görə, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının (İranla sərhəd ərazi-red) ərazilərini əhatə edir.

"Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbiçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.

Nazirlik bildirir ki, birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

İran tərəfi hələ təlimlərlə bağlı şərh verməyib. Amerikanın Səsinin müxbirinin İranın Bakıdakı səfirliynə telefon zənglərinə də cavab verən olmayıb.

İran-Azərbaycan münasibətlərində gərginlik artıq iki aydan çoxdur davam edir. Belə ki, oktyabr-noyabr aylarında İran Azərbaycanla, Azərbaycan isə İranla sərhəddə hərbi təlimlər keçirib.

Rəsmi Tehran Şiraz şəhərində terror hadisəsi ilə bağlı Azərbaycan vətəndaşlarını saxladığını, Azərbaycanın təhlükəsizlik qurumları isə İran xüsusi xidmət orqanlarının Azərbaycanda təxribat-pozuculuq fəaliyyəti ilə əlaqəli olduğu bildirilən iki qrupu həbs etdiyini bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi İran vətəndaşlarının Azərbaycan ərazilərinə qanunsuz keçidi ilə bağlı yayılmış məlumata aydınlıq gətirilməsi məqsədilə dekabrın 3-də İranın Azərbaycandakı səfirliyinə nota göndərildiyini bildirib.

Ötən günlərdə 14 nəfər İran vətəndaşının qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə (Dağlıq Qarabağa) daxil olduğu barədə xəbərlər yayılıb.

XS
SM
MD
LG