Accessibility links

Fuad Şahbazov: İran Azərbaycana qarşı hibrid müharibə formatına keçə bilər



Fuad Şahbazov: İran Azərbaycana qarşı hibrid müharibə formatına keçə bilər
please wait

No media source currently available

0:00 0:06:53 0:00

Siyasi tədqiqatçi Fuad Şahbazov Amerikanın Səsinə müsahibəsində Azərbaycan səfirliyinə silahlı basqın, o cümlədən Azərbaycan-İran münasibətlərinin perspektivlərindən danışıb.

Amerikanın Səsi: İranda yanvarın 27-də Azərbaycan səfirliyinə silahlı basqın olub. Azərbaycan tərəfi bunu terror kimi qiymətləndirib. Sizcə səfirliyə silahlı hücumla bağlı İran tərəfinin arşdırmaları qaneedicidirmi?

Fuad Şahbazov: Bu birmənalı olaraq terror aktıdır. Çünki xarici ölkə səfirliyinə, diplomatik korpusuna silahlı şəxsin hücumu, xüsusən də şəhərin mərkəzində günün aydınlıq vaxtında hücumu terror kimi qiymənləndirilir. Biz dünyanın reaksiyasını buna qatanda görürük ki, həqiqətən də bu terror aktı kimi qiymətləndirilir. Azərbaycan üçün İranın şəffaf formada istintaq işi aparması bir az inandırıcı deyil. İlk günlərdən İranın dövlət qurumları bunu terror kimi yox, məişət zəminində baş verən bir hücum kimi qiymətləndirib.

Amerikanın Səsi: Azərbaycan prezidenti səfirliyə hücumun İran hakimiyyət orqanları tərəfindən həyata keçirldiyinə işarə edən bəyanatla çıxış edib. İran hakimiyyət orqanlarının Azərbaycan səfirliyinə silahlı hücumda hansı maraqları ola bilər?

Fuad Şahbazov: Səfirliyə hücumla bağlı İranın Azərbaycana əsasən iki dövrünü qeyd etmək lazımdır. İkinci Qarabağ müharibəsinin öncəki və sonrakı dövləri. İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra 3 illik bir dövrdə biz görürük ki, Azərbaycan və İran arasında diplomatik münasibətlər kifayət qədər soyuq bir müstəviyə qədəm qoydu. Çünki burada İran dövlət rəsmləri, hətta İranın din xadimlərinin daha mühafizəkar qanadına mənsub olanlar Azərbaycanı təhdid edir. Azərbaycanın təklif elədiyi Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə bağlı xüsusi olaraq İran təhdidkar formada xəbərdarlıq edir ki, Cənubi Qafqaz regionunda sərhədlərin dəyişdirilməsi yolverilməzdir. İran heç cürə buna imkan verməyəcək. Təbii olaraq bu ikitərəfli münasibətlərdə rol oynadı. Çünki ikitərəfli münasibətlərin səviyyəsi aşağı düşdü. Daha sonra terror hücumundan bir müddət öncə İran prezidenti İbrahim Rəisi İlham Əliyevi İrana rəsmi səfər etmişdisə də, Azərbaycan tərəfi bu təklifi qəbul etmədi. Bu artıq bir göstərici idi. Digər tərəfdən də İran sübut etməyə çalışır ki, müharibədən sonra Cənubi Qafqazda geo-siyasi reallıqların dəyişməsinə baxmayaraq, İran hələ də hegemon dövlət rolunu oynayır və onu istər yumşaq güc formasında, istərsə də digər formalarda regiondakı siyasi proseslərə təsir eləmək iqtidarındadır hələ də.

Amerikanın Səsi: Azərbaycan səfirliyinə insan ölümü ilə nəticələnən silahlı basqına beynəlxalq reaksiyaları necə qiymətləndirirsiniz?

Fuad Şahbazov: Beynəlxalq reaksiyalar kifayət qədər təsirli idi. Çünki burada beynəlxalq təşkilatlardan tutmuş, digər xarici ölkələrin xarici işlər nazirləri səviyyəsində də buna qiymət verildi. Təbii biz bunu digər müstəvidə də baxmalıyıq. Çünki bilirik ki, hazırda İrana qarşı beynəlxalq təzyiqlər daha da artmaqdadır. Əlavə sanksiyalar qoyulub. Xüsusən İranın hərbi sənayesinin dron istehsalı ilə bağlı olaraq müəyyən dövlət şirkətlərinə, dronların yayılmasında rolu olan digər dövlət və qeyri-dövlət qurumlarının fəaliyyəti ilə bağlı sanksiyalar qoyulub. Ona görə də düşünürəm ki, iki müstəvidə götürsək İrana qarşı olan beynəlxalq təzyiqlər məntiqli bir davamdır. Çünki yaxın zamanda da proseslər hələ də davam edəcək. Azərbaycan bu qınaq prosesindən öz əsas maraqlarını təmin etmək üçün maksimum şəkildə istifadə edəcək.

Amerikanın Səsi: Azərbaycan silahlı hücumdan sonra səfiliyin diplomatik fəaliyyətini dayandırıb. Sizcə iki ölkənin münasibətlərinin gərgin tonda davam etməsi regionda hansı yeni situasiya yarada bilər?

Fuad Şahbazov: Müharibə ritorikasının olacağını düşünmürəm. Çünki həm İran, həm Azərbaycan anlayırlar ki, konfessional müharibə regiona çox öldürücü bir zərbə vura bilər. Amma istisna etmirəm ki, diplomatik münasibətlər uzun müddət belə aşağı səviyyədə qalacaq. Səfirliyin bağlanması ilə bağlı düşünürəm ki, istintaq prosesi yəqin ki, bir müddət davam edəcək. Amma o prosesin yekunlarının Azərbaycanı qane edəcəyini düşünmürəm. Ona görə də belə proqnoz eləmək olar ki, Azərbaycan səfirliyi hələ uzun müddət fəaliyyətini bərpa etməyəcək. Baxmayaraq ki, baş konsulluq Təbrizdə fəaliyyət göstərir. Birbaşa müharibə ehtimalı təbii ki, zəif ehtimaldır. Amma bu soyuq müharibə, hibrid müharibə formasında davam edə bilər. İran Azərbaycana qarşı hibrid müharibə formatına keçə bilər. Müxtəlif şiə qruplaşmasının əli ilə təxribatlar ola bilər. Sərhədlərdə təxribatlar ola bilər. Bu istər-istəməz Azərbaycanı anti-İran koalisiyasına üzv olan dövlətlərlə daha yaxın münasibətlərə sövq edə bilər.

Xatırlatma

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs "Kalaşnikov" markalı avtomatla səfirliyin mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hücum edən şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Tehran Cinayət Məhkəməsinin prokuroru bildirib ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs iddia edib ki, ötən ilin aprelində həyat yoldaşı Azərbaycanın Tehrandakı səfirliyinə gedib və evə qayıtmayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Tehranda Azərbaycan səfirliyinə hücumu terror aktı kimi qiymətləndirib. "Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram", o bildirib. Prezident terror aktının tezliklə araşdırılmasını və terrorçuların tezliklə cəzalandırılmasını tələb edib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başladıldığını bildirib.

Məlumatda deyilir ki, faktla bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Cinayət Məcəlləsinin 12.2 (Cinayət qanununun Azərbaycan Respublikası ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsi), 120.2.1 ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə;), 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1 (terrorçuluq), 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci (Qanunsuz silah saxlama) maddələri ilə cinayət işi başladılıb.

XS
SM
MD
LG