Accessibility links

Narkotacirlər polisə silahlı müqavimət göstərib, ölən var


Polis (Mənbə: Daxili İşlər Nazirliyi)
Polis (Mənbə: Daxili İşlər Nazirliyi)

Martın 3-ü Daxili İşlər Nazirliyinin əməkdaşlarının Astara rayonu (Bakıdan 281 kilometr cənub, İranla sərhəd) ərazisində keçirdikləri tədbir zamanı Şəmkir rayon sakinləri Seymur və Tural Musayev qardaşları tərəfindən 40 kiloqramdan çox narkotik vasitənin İrandan gətirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, qardaşlar saxlanılarkən polis əməkdaşlarına odlu silahla müqavimət göstərib.

Polis əməkdaşları tərəfindən silah tətbiq edildiyi, Seymur Musayevin zərərsizləşdirildiyi, Tural Musayevin isə saxlanıldığı bildirilir.

Mətbuat xidməti bildirir ki, hadisə yerindən 1 ədəd avtomat silah və 40 kiloqramdan artıq güclü təsiredici xassəyə malik heroin, tiryək və psixotrop maddə götürülüb.

Saxlanılan və öldürülən şəxsin yaxınları və vəkilləri Daxili İşlər Nazirliyinin məlumatına hələ şərh verməyib.

Rəsmi qurumlar demək olar ki, hər gün İrandan qaçaqmalçılıq yolu ilə on kiloqramlarla narkotiklərin daşınması barədə məlumatlar yayır. Martın ilk üç günündə İrandan qaçaqmalçılıq yolu ilə daşınan 102 kiloqramdan çox müxtəlif növ narkotik vasitənin götürüldüyü bildirilir.

Martın 2-də ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Qevara Azərbaycanın İranla sərhəd bölgəsinə səfər edib.

ABŞ səfirliyinin məlumatına görə, müvəqqəti işlər vəkili Qevara Azərbaycanın cənub sərhədi boyunca narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün ABŞ tərəfindən verilmiş avadanlıqların istifadə olunmasını müşahidə etmək üçün Dövlət Gömrük Komitəsinin Astara şəhərindəki idarəsini ziyarət edib.

Ümumilikdə Azərbaycanda dövriyyədən çıxarılan narkotik vasitələrin böyük hissəsinin İrandan gətirildiyi bildirilir. İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.

Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, ötən ilin doqquz ayı ərzində Azərbaycanda ümumi dəyəri 168 milyon 635 min manat (təxminən 99 milyon dollar) olan 4 ton 827 kiloqram, 2021-ci ildə isə ümumilikdə 6 tondan çox narkotik vasitələr və psixotrop maddələr qanusuz dövriyyədən çıxarılıb.

Komissiyanın digər məlumatında deyilir ki, Azərbaycandan bir neçə qanunsuz tranzit narkotik marşrutu keçir. Bunlar İran - Azərbaycan, İran - Azərbaycan - Rusiya - Yaponiya, İran – Azərbaycan - Gürcüstan - Avropa, İran - Azərbaycan - Rusiya - Ukrayna marşrutlarıdır.

XS
SM
MD
LG