Accessibility links

İran İsraillə əməkdaşlıqda ittiham olunan 5 nəfəri ölüm cəzasına məhkum edib


İranın şimal-qərbində yerləşən Urmiyə şəhərində beş iranlı - dörd kişi və bir qadın İsraillə kəşfiyyat əməkdaşlığı və casusluq fəaliyyətində ittiham olunaraq, ölüm cəzasına məhkum edilib.

İranın kürd bölgələrində insan haqları pozuntularını izləyən Norveçdəki "Hengaw" qrupu edam cəzasına məhkum edilənlərdən birinin İrandakı "Mossad" agentləri tərəfindən dindirilməsi keçən il qəzet başlıqlarına çıxan Mansur Rəsulinin olduğunu bildirib.

Xəbərdə deyilib ki, bu iş üzrə azı 5 nəfər uzun müddətə azadlıqdan məhrum edilib.

Keçən il İsrail mediası "Mossad" təhlükəsizlik xidmətinin agentlərinin İran daxilində İslam İnqilabı Keşikçiləri Korpusunun bir üzvünü ələ keçirərək, sorğu-sual etdiklərini xəbər vermişdi.

Daha sonra özünü Rəsuli kimi təqdim edən şəxsin bu ölkənin İstanbuldakı konsulluğunda işləyən İsrail diplomatına, həmçinin Almaniyada yerləşən ABŞ generalına və Fransada bir jurnalistə sui-qəsd təşkil etmək istədiyini etiraf etdiyi video yayılıb.

İran və İsrail illərdir davam edən kölgə müharibəsi aparır. Son illər gərginlik xeyli artıb.

Noyabr ayında yarı-rəsmi Mehr News agentliyi İranın İsraillə əməkdaşlıqda ittiham etdiy 4 nəfərin ölüm cəzasına məhkum edildiyini bildirmişdi. Onlar İsrailin xüsusi xidmət orqanı olan "Mossad"la əməkdaşlıq və İranda insanları dindirməkdə günahlandırılıb.

İran və dünya qüdrətləri arasında 2015-ci il nüvə sazişini canlandırmaq məqsədilə aparılan danışıqlar dalana dirəndiyi üçün iki ölkə arasında da gərginlik artıb. ABŞ-ın sanksiyalarının ləğvi müqabilində İranın həssas nüvə fəaliyyətlərini məhdudlaşdıran saziş olmadığı halda, Tehran öz öhdəliklərini azaldaraq, nüvə fəaliyyətlərini genişləndirib.

İran 1979-cu ildən bəri İslam Respublikası qarşısında ən ciddi sınaqlardan biri ilə üzləşib. Hökumət əleyhinə etirazlar sentyabr ayında 22 yaşlı Məhsa Əmininin qadınlar üçün tətbiq edilən hicab "qaydalarını" pozduğuna görə əxlaq polisi tərəfindən saxlanmasının ardınca ölməsindən sonra başlayıb.

İranda repressiyaları izləyən insan haqları fəalları qrupunun bildirdiyinə görə, etirazlar zamanı 19 700-dən çox insan həbs edilib. Qrup hakimiyyətin nümayişləri zorakılıqla yatırması nəticəsində azı 530 nəfərin öldüyünü bildirib. İran aylardır ölənlərin sayı ilə bağlı açıqlama vermir.

XS
SM
MD
LG