Accessibility links

Laçın rayonu ərazisində mülki şəxs minaya düşüb


Aprelin 12-də Laçın rayonu Sus kəndi ərazisində piyada əleyhinə minaya düşən bir nəfər mülki şəxs xəsarət alıb.

Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ayağından xəsarət alan Ramil Əzizov polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Öz növbəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Laçın rayonunda mina hadisəsinin baş verməsi barədə məlumat yayıb.

Məlumatda deyilib ki, mülki şəxs mal-qara otararkən minalanmış əraziyə daxil olub və mina partlaması zamanı xəsarət alıb.

Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan sonra həmin ərazilərdə minaya düşmələri nəticəsində 287 Azərbaycan vətəndaşı xəsarət alıb. Onlardan 50 nəfəri həlak olub. Həlak olanların 38 nəfəri mülki şəxslərdir.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.

XS
SM
MD
LG