Accessibility links

Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalardan təəssüfləndiyini bildirib


Avropa İttifaqı aprelin 11-i Azərbaycan-Ermənistan sərhədində bir neçə erməni və azərbaycanlı hərbçinin həlak olması və yaralanması ilə nəticələnən silahlı toqquşmalardan təəssüfləndiyini bildirib.

Avropa İttifaqının bəyanatında vurğulanır ki, sərhədlər delimitasiya olmadığı üçün 1991-ci il xəttinə hörmət edilməli, hər iki tərəf öz qüvvələrini bu xətdən təhlükəsiz məsafəyə çəkməlidir ki, oxşar hadisələr bir daha təkrarlanmasın.

"Əvvəlki öhdəliklərə, o cümlədən 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı 2022-ci ilin oktyabrında Praqada əldə edilmiş öhdəliklərə əməl edilməlidir. Aİ, həmçinin sərhədin delimitasiyası üzrə danışıqların intensivləşdirilməsinə çağırır və bu prosesi dəstəkləməyə hazırdır. Biz təkarən tərəfləri təmkinli olmağa və bütün mübahisələrin sülh yolu ilə həllinə çağırırıq. Aİ bu səyləri ən yüksək səviyyədə, həmçinin Aİ-nin Ermənistandakı missiyasının iştirakı ilə dəstəkləməyə davam edir", bəyanatda qeyd edilir.

Aprelin 11-də Azərbaycan və Ermənistanın sərhədində qarşılıqlı atışma olub. Hadisə nəticəsində Azərbaycan tərəfdən 3, Ermənistan tərəfdən isə 4 hərbçi həlak olub, hər iki tərəfdən yaralananlar var.

Tərəflər insidentə görə bir-birini ittiham edib və təxribatda günahlandırıblar. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayaraq təxribatlara görə Ermənistan tərəfinin məsuliyyət daşıdığını deyib.

"Ermənistanın bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənistanın bu kimi hərbi təxribatları, eyni zamanda siyasi təhrikçi addımlarla və bəyanatlarla müşayiət olunur. Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir" , bəyanatda vurğulanır.

Ermənistan Respublikası Xarici İşlər Nazirliyi öz növbəsində bəyanat yayaraq Azərbaycan tərəfini sabitliyi pozmaqda günahlandırıb.

"Azərbaycanın həyata keçirdiyi təxribat Ermənistan Respublikasının ərazi bütövlüyünə növbəti qəsddir. Azərbaycanın bu siyasəti yeni deyil, 2021-ci ilin may və noyabr aylarında, eləcə də 2022-ci ilin sentyabrında Ermənistan Respublikasına qarşı həyata keçirilən Ermənistanın suveren ərazilərinin işğal edilməsi ilə nəticələnən hücumların davamıdır. Bildirilməlidir ki, gücdən istifadə və güc tətbiqi ilə hədələmə Azərbaycanın siyasətinin tərkib hissəsidir və məqsəd regionda sabitliyi əhəmiyyətli dərəcədə pozmaq və vasitəçi tərəfdaşların sülh danışıqlarını davam etdirmək səylərinə zərbə vurmaqdır" , bəyanatda qeyd edilir.

XS
SM
MD
LG