Accessibility links

Azərbaycanın Azersky peykinin kosmik tullantı və ya meteorit ilə toqquşduğu ehtimal olunur


 Azersky peyki (Mənbə: Azərkosmos)
Azersky peyki (Mənbə: Azərkosmos)

Azərbaycanın Yerin məsafədən müşahidə peyki Azersky nəzərdə tutulan istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb. Belə ki, məlumat mübadiləsinin dayandığı peyk ilə əlaqənin bərpa olunması istiqamətində tədbirlər görülsə də, bu, mümkün olmayıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi ("Azərkosmos") aprelin 20-də məlumat yayıb.

Məlumatda deyilir ki, ABŞ-ın Kosmik Müşahidə Şəbəkəsindən (U.S. Space Surveillance Network) alınan məlumata görə, Azersky peyki öz orbitində uçmaqda davam edir.

"Hazırda peyk ilə məlumat mübadiləsinin dayanmasına mümkün səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşma nəticəsində peykin enerji təchizatının sıradan çıxmış olması ehtimal olunur. 2014-cü ildə orbitə buraxılan Azersky peyki Yerin müşahidəsi və ümumilikdə geoinformasiya xidmətləri sahəsinə böyük töhfələr vermiş, ölkədaxili tələbatın ödənilməsi, milli təhlükəsizliyin təmin edilməsinə dəstəyin verilməsi, ölkəmizdə kosmik sahədə elmi-tədqiqat və kadr bazasının yaradılmasında əvəzsiz rol oynamışdır. Yerin müşahidəsi üzrə kommersiya fəaliyyətinə başladığımiz tarixdən indiyədək peykdən əldə edilən iqtisadi fayda isə qoyulmuş investisiyadan 1,5 dəfə çox olmuşdur. Azersky peykinin missiyasını başa vurmasına baxmayaraq, Yerin müşahidəsi üzrə xidmətlərimizə davam edəcəyik", "Azərkosmos" bildirir.

2014-cü ildə "Airbus Defence and Space" şirkəti ilə imzalanmış əməkdaşlıq sazişinə əsasən, Azersky peyki bu şirkətin "SPOT 6" peyki ilə eyni orbitdə, vahid peyk qruplaşması formasında fəaliyyət göstərir.

"Buna görə də, adıçəkilən peyk vasitəsilə əldə etdiyimiz yüksək optik ayırdetməli peyk təsvirlərindən yerli və xarici müştərilərin ehtiyaclarını qarşılaya biləcəyik", "Azərkosmos" qeyd edir.

Agentlik bildirir ki, artıq 2022-ci ildə müasir texnoloji inkişafın çağırışlarına cavab verən yeni, daha yüksək ayırdetməli müşahidə peyki layihəsinə start verilib.

Azersky/Spot 7 – Azərbaycanın ilk yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki, Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində 2014-cu ilin iyun ayında orbitə çıxarılıb. 2014-cu ilin dekabr ayında Azərbaycanın milli peyk operatoru Azərkosmos və Fransaının Airdus Defence and Space şirkəti arasında imzalanmış müqaviləyə əsasən "Azərkosmos"a təhvil verilib.

XS
SM
MD
LG