Accessibility links

ABŞ və Azərbaycan Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan addımları müzakirə edib


Erika Olson (Rəsmi foto)
Erika Olson (Rəsmi foto)

Mayın 14-də Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin məlumatına görə telefon danışığı zamanı tərəflər arasında Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, bölgədə cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar müzakirə edilib.

“Nazir müavini Elnur Məmmədov Azərbaycanın Ermənistanla normallaşma, o cümlədən, gələcək sülh sazişinin imzalanması istiqamətində əsas təşəbbüs irəli sürən tərəf kimi, prosesin uğurla nəticələnməsində maraqlı olduğunu bildirib. Buna baxmayaraq, Ermənistan tərəfindən sülh prosesinə maneçilik səylərinin, o cümlədən sərhədyanı bölgədə itkilərə səbəb olan son hərbi təxribatların danışıqlar üzrə beynəlxalq səylərə xələl yetirmək məqsədi daşıdığı vurğulanıb”, məlumatda qeyd edilir.

Nazirlik bildirir ki, Erika Olson öz növbəsində, bölgədə sülh və sabitliyin bərqərar olunmasının əhəmiyyətini, bunun üçün sülh sazişinin imzalanmasının zəruri olduğunu bildirib. ABŞ tərəfinin Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda aparılan bu danışıqlara dəstək verməyə daim hazır olduğunu diqqətə çatdırıb.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Telefon danışığı Avropa İttifaqı Şurası, Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə eyni vaxta təsadüf edir.

Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda görüş keçirilib.

Görüşdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel mətbuata bəyanatla çıxışında bildirib ki, fikir mübadiləsi səmimi, açıq və nəticəyönümlü olub və əsas diqqət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlib.

“Liderlər Cənubi Qafqazda sülhün bərqərar olmasına hazırlığı ifadə edibllər. Mən onların müvafiq səylərini yüksək qiymətləndirirəm. Biz birlikdə gündəliyimizdəki bütün məsələləri nəzərdən keçirdik,” məlumatda bildirillir.

Bəyanatda ABŞ-da sülh müqaviləsi ilə bağlı son müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qəti addımların atılması üçün səylərin saxlanılmalı olduğu vurğulanıb.

“Sərhəd məsələlərində biz sərhədlərin delimitasiyası ilə bağlı irəliləyişləri və növbəti addımları nəzərdən keçirdik. Bu çərçivədə liderlər sərhəd məsələlərinə dair ikitərəfli görüşləri bərpa etmək barədə razılığa gəliblər,” Şarl Mişelin açıqladığı bəyanatda qeyd edilir.

Sənəddə həmçinin liderlərin 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın və Azərbaycanın müvafiq ərazi bütövlüyünə qeyd-şərtsiz sadiq olduqlarını bir daha təsdiq etdiyi, sərhədin yekun delimitasiyasının danışıqlar yolu ilə razılaşdırılacağı bildirilir.

“Kommunikasiyalara gəlincə, tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunmasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər. Bu mövzuda mövqelər hazırda bir-birinə çox yaxındır, xüsusən də Naxçıvanla və Naxçıvandan keçən dəmir yolu əlaqəsinin bərpası ilə bağlı. Onların müvafiq qruplarına konkret qrafiklə yanaşı, dəmir yolu xəttinin açılması şərtləri və zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial razılaşdırılması tapşırılıb. Onlar həmçinin bu işin dəstəklənməsi üçün Ümumdünya Gömrük Təşkilatını cəlb etmək barədə razılığa gəliblər,” bəyanatda qeyd edilir.

Aİ Şurasının Prezidenti humanitar məsələlərin müzakirə edildiyini, tərəflərin yaxın həftələrdə daha çox məhbusun sərbəst buraxılacağı ilə bağlı razılığa gəldiyini, itkin düşənlərin taleyinin həlli və minalardan təmizləmə işlərinin gücləndirilməsinin vacibliyinin müzakirə olunduğunu qeyd edib.

“Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirdik. Mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq şəraitində bu əhalinin hüquq və təhlükəsizliyini təmin etmək üçün müsbət gündəm hazırlamağa çağırdım. Mən Bakı ilə bu əhali arasında şəffaf və konstruktiv dialoqun aparılmasının zəruriliyi məsələsini də qaldırdım,” sənəddə bildirilir.

Avropa İttifaqı Şurasının Prezidenti bəyanatda qarşılıqlı məqbul nəticənin əldə edilməsi üçün düşmənçilik ritorikasından çəkinmək, vicdanla hərəkət etmək və liderlik nümayiş etdirməyin vacibliyini vurğulayıb.

Mayın 1-dən 4-dək Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub.

ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, danışıqların keçirildiyi günlər ərzində iki tərəf “çox mürəkkəb” məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində “ciddi irəliləyişə” nail olublar.

“Biz yekun razılığa çox yaxınıq,” Blinken qeyd edib.

Vaşinqton görüşü barədə həm Azərbaycan, həm də Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatlarda sülh qurulması haqqında ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılığın əldə edildiyi, lakin bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığı vurğulanıb.

Vaşinqton görüşündən sonra, Brüssel görüşü ərəfəsində mayın 10-dqan 13-dək Azərbaycan və Ermənistanın delimitasiya olunmamış sərhədində ağır silahlardan istifadə edilməklə qarşılıqlı atışmalar olub. Hər iki tərəfdən ölən və yaralananlar olub.

XS
SM
MD
LG