Accessibility links

Pol Qobl: Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqlar yekun razılaşmanı əldə etməyin yeganə yoludur


Pol Qobl: İkitərəfli danışıqlar yekun razılaşmanı əldə etməyin yeganə yoludur
please wait

No media source currently available

0:00 0:09:48 0:00

Pol Qobl: Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqlar yekun razılaşmanı əldə etməyin yeganə yoludur

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan mayın 1-dən 4-nə kimi Birləşmiş Ştatlarda ikitərəfli danışıqlar keçirib. Danışıqların ilk günü hər iki ölkənin xarici işlər nazirləri ilə görüşən ABŞ dövlət katibi Antoni Blinken dialoqun sülhə nail olunmasının açarı olduğunu deyib. Blinken Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqların sonuncu günü mətbuat üçün açıqlama verərək, tərəflərin “nəzərəçarpacacq irəliləyiş” əldə etdiyini bildirib. ABŞ-ın keçmiş Sovet İttifaqında milli məsələlər üzrə keçmiş müşaviri və Avrasiyada etnik və dini məsələlər üzrə ekspert Pol Qobl Amerikanın Səsinə müzakirələrin getdiyi zaman verdiyi müsahibədə ABŞ-da Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqları, ABŞ-ın sülh prosesində rolu və sülh prosesindən gözləntiləri şərh edib.

Amerikanın Səsi: ABŞ Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında sülh danışıqlarına ev sahibliyi edir. Yüksək səviyyəli rəsmilər Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli müzakirələrin konstruktiv keçdiyini bildiriblər. Dövlət katibi Blinken deyib ki, “Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır”. İki ölkənin nəhayət sülh üçün yol xəritəsi üzərində işləyə biləcəyinə dair gözləntilər də böyükdür. Bu danışıqların əhəmiyyəti barədə nə söyləyə bilərsiniz və sizin gözləntiləriniz nədən ibarətdir?

Pol Qobl: Mən bu danışıqları böyük məmmuniyətlə alqışlayıram. Kənar tərəflərin Bakı və Yerevanı bir-biri ilə birbaşa danışmağa sövq etməsi ilə onların düzgün şəkildə keçirildiyini hesab edirəm. Problemlərdən biri o idi ki, Rusiya tərəfi məsələ ilə məşğul olanda ortaya çıxıb nələrin baş verməsinin lazım olduğu ilə bağlı öz fikrini bildirməyə çalışırdı. Amerikalılar və avropalıların gördüyü iş isə Bakı və Yerevanı çətinliklərin öhdəsindən gəlməyə sövq etmək məqsədi daşıyır və bunlar asan deyil. Bu problemin həlli bir anda baş verməyəcək. Amma problem buradan çözülməlidir. Mən bunun irəliyə doğru ən yaxşı yol olduğu ilə bağlı çox nikbinəm. Amma mən yalnız bu danışıqların əsasında mütləq bir irəliləyiş olacağı ilə bağlı bir o qədər də nikbin deyiləm. Nizamlanmanı istəməyənlərin çoxlu üsulları var və məncə, biz onların – təkərə çubuq qoyanların kim olduğunu bilirik.

Mən hər iki xarici işlər naziri yekun nizamlanmaya doğru irəliləmək barədə razılığa gəldiklərini bəyan etsələr belə, bunun özü-özlüyündə Cənubi Qafqazda dərhal sülhün bərqərar olacağı anlamına gəlməyəcəyini gözləyərdim. Amma eyni zamanda, Bakıdan yüksək səviyyəli rəsmilərlə Yerevandan yüksək səviyyəli rəsmilər arasında hər bir müzakirə razılaşmanın mümkünlüyü üçün qapıları bir az da geniş açır. Buna görə də Vaşinqtonda baş verənlər çox müsbət bir hadisədir. Düşünürəm ki, gözləntiləri çox yüksəklərə qaldıraraq çox həyəcanlanmamalıyıq, lakin baş verənlər irəliyə doğru ən yaxşı yoldur. Həqiqətən də Cənubi Qafqaz tarixinin ən böyük ironiyalarından biri ondan ibarətdir ki, məhz Rusiyanın Ukraynada müharibəyə görə zəifləməsi Cənubi Qafqazda müharibənin sona çatmasını mümkün edir. Aydındır ki, Rusiya Ukraynaya müdaxilə etməklə qeyri-adi dərəcədə pis mühakimə yürütdüyünə görə Cənubi Qafqazda əvvəlki təsir gücünə malik deyil.

Amerikanın Səsi:

Pol Qobl: İlk növbədə, gəlin, aydın edək. Moskva 2020-ci ilin noyabrında baş verənlərlə bağlı növbəti dəfə yalan danışır. 2020-ci ilin noyabrında baş verənlər niyyət bəyannaməsi idi. Bu, razılaşma deyildi. Bu, yol xəritəsi deyildi. Bu, görülməli işlər üçün bir plan deyildi. Bu, müharibənin sonunda hərbi əməliyyatlara son qoyan bir bəyannamə idi. Orada sülh yolu ilə nizamlanmaya doğru yol xəritəsi üçün zəmin yaradan müddəalar yoxdur. Birincisi budur.

İkincisi, Rusiyanın Cənubi Qafqazda təsiri bu gün Sovet İttifaqının dağılmasından sonra olduğundan yəqin ki daha aşağıdır. İstər Bakıda, istərsə də Yerevanda rəsmilərin Moskvanın dediklərinə nə qədər az diqqət yetirməsi həqiqətən təəccüblüdür. Bu o demək deyil ki, Moskva bunu təkrarlamaq fikrində deyil. Bu o demək deyil ki, həm Azərbaycanda, həm də Ermənistanda Moskvanın dediklərinə qulaq asıb, gələcəkdə özlərinin başa düşdüyü kimi daha yaxşı sövdələşmə əldə etmək ümidi ilə problem yaratmağa çalışanlar yoxdur. Amma məsələ burasındadır ki, son dövrlərdə Avropa İttifaqı və ABŞ-ın iştirakı, artan iştirakı ilə onu müşahidə edirik ki, bu, xarici güclərin, yəni rusların nəticənin necə olacağını diktə etmək cəhdindən uzaqlaşmadır. Bunun əvəzinə təkidlə əgər bu münaqişə həll olunacaqsa, azərbaycanlılarla ermənilər arasında danışıqlar yolu ilə həll olunacağına dair fikirlər səslənir. Vaşinqtonda da məhz belə oldu və bu, irəliyə doğru atılmış müsbət addımdır.

Amerikanın Səsi:

Pol Qobl: Bəzən deyirlər ki, diplomatlar öz işlərini görmək üçün nikbnin olmalıdırlar. Onlar bir şeylərin mümkün olduğunu düşünməlidirlər, çünki əgər bunların mümkün olduğunu düşünməsələr, onların görə biləcəyi bir iş qalmaz. Buna görə də eşitdiklərimizdə müəyyən bir nikbinlik və nikbinliyə meyl var. Fikrimcə, Amerika rəsmiləri bir tərəfdən bunun olduqca mürəkkəb bir problem olduğunu, iki tərəf arasında fikir ayrılıqlarını aradan qaldırmaqda çox böyük çətinliklərin olduğunu anlayırlar. Hələ də [çətinliklər] çox böyükdür. Amma eyni zamanda və mən buna görə hesab edirəm ki, biz müəyyən müsbət hisslər keçirə bilərik, bu gün iki tərəfin bir-biri ilə birbaşa danışması üçün daha böyük imkanların olduğunu qəbul edirlər. Bir irəliləyiş ola biləcəyinə inanmağa imkan verən daha çox şey var: Türkiyənin mövqeyində dəyişiklik, Ermənistanla Türkiyə arasında sərhədlərin açılması ehtimalı, Rusiyanın təcrid olunması, İranın təcridinin davam etməsi, Bakı və Yerevan hökumətlərinin bir-biri ilə getdikcə daha çox səviyyədə danışmağa hazır olması. Bütün bunlar çox müsbət bir inkişafdır. Amma yenə də gələn həftə bizim sülhə nail olacağımızı düşünürəmmi? Yəqin ki, yox. Bizim real nizamlanmaya daha yaxın olacağımızı və iki tərəfin bir-biri ilə qarşılıqlı əlaqəsi baxımından müsbət irəliləyişlər görəcəyimizi düşünürəmmi? Bəli, məncə, bu, ağlabatan bir şeydir. Hesab edirəm ki, Birləşmiş Ştatlardakı yüksək səviyyəli diplomatlar əslində belə düşünürlər. Amma onlar ictimaiyyət qarşısında bundan daha nikbin görünəcəklər, çünki dediyim kimi, diplomat kimi öz işlərini görmək üçün onlar nikbin olmalıdırlar.

Amerikanın Səsi:

Pol Qobl: Məncə, ən önəmlisi həm Avropa İttifaqının, həm də ABŞ-ın beynəlxalq ictimaiyyətə çıxışı təmin edə bilməsidir. Onlar həm Azərbaycanda, həm də Ermənistanda müsbət irəliləyişlərə dəstək verə bilərlər. Aydındır ki, görüləcək çox iş var, lakin onlar bunu dəstəkləyə və təmin edə bilərlər. Onlar ziddiyyətdə olan bu iki ölkənin dünyanın qalan hissəsi ilə inteqrasiya etməsinə kömək edə bilər və beləliklə də hər iki [ölkə] faydalana bilər. Fakt budur ki, hər iki ölkə nizamlanmadan faydalanacaq və bu fakt qəbul edilir. Düşünürəm ki, Avropa İttifaqının və bundan daha da çox ABŞ-ın kifayət qədər böyük həcmdə yardım, maliyyə yardımı göstərməyə hazır olduğunu görəcəksiniz. Fikrimcə, bu iki hökumətin qarşılaşdığı çətinliklərin daha yaxşı başa düşülməsinə hazırlığı müşahidə edəcəksiniz. Mən hesab edirəm ki, bu, həm Bakının, həm də Yerevanın ümid etdiyi bir şeydir, əgər onlar razılığa doğru irəliləyiş əldə etsələr, amerikalılar və avropalılar onları əvvəlkindən daha az tənqid edəcəklər. Güman edirəm ki, bu da baş verə bilər və açığı, bəzi insanların tənqidin olmaması və ya iki ölkəyə qarşı tənqidin azaldılması ilə bağlı tənqidlərin olması xoşuna gəlməyəcək. Amma belə mürəkkəb bir vəziyyətdə irəliləməyin yeganə yolunun bunun olduğunu düşünürəm. Artıq dediyim kimi, əminəm ki, ən mühüm şey odur ki, ABŞ və Avropa İttifaqı Bakı və Yerevan arasında amerikalıların və ya avropalıların sədrlik etdiyi danışıqlar deyil, həqiqətən ikitərəfli davamlı danışıqları təşviq etmək üçün bütün imkanlardan istifadə edəcəklər. Mənim fikrimcə, Vaşinqtonda keçirilən bu müzakirələrin ən mühüm nəticəsi dövlət katibi Blinkenin və başqalarının bunun ikitərəfli danışıqlar olduğunu daim qeyd etmələri oldu. Bu, Moskvanın indiyə qədər söyləmədiyi bir şeydir. Bu, iranlıların heç vaxt demədiyi bir şeydir. Lakin bununla bərabər, bu olduqca mürəkkəb problemlə bağlı yekun razılaşmanı əldə etməyin yeganə yolu budur.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG