Accessibility links

Dövlət Departamenti: Zorakılıqlar davamlı və ləyaqətli sülhə xələl gətirir


 ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

"Bu cür zorakılıqlar Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülhə doğru əldə etdiyi tərəqqiyə xələl gətirir".

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel mayın 11-də ənənəvi brifinqdə Turan agentliyinin Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında qeydə alınan son qarşıdurmaya münasibət bildirərkən deyib.

"Biz hər iki ölkənin liderlərini mayın 14-də Brüssel toplantısında - bu iki tərəfin mayın əvvəlində Vaşinqtonda ev sahibliyi etdiyimiz danışıqlarda iştirak edərkən Katib Blinkenin müzakirə etdiyi kimi, sərhəd boyunca qüvvələrini uzaqlaşdırmağı razılaşmağa çağırırıq".

Vedant Patel Turanın Dövlət katibi mayın 14-də keçiriləcək görüşə Vaşinqton dialoqunun davamı kimi baxır, yoxsa bu, ayrıca görüşdür? sualının cavabında deyib.

"Əlbəttə, biz ev sahibliyi etdiyimiz dialoqu mühüm, müsbət addımlar kimi görürük, bu addımlarda iki ölkənin bəzi mühüm məsələlərdə iştirak etmək, qarşı tərəfin nöqteyi-nəzərini görmək imkanı olduğunu hiss edirik. İnanırıq ki, irəliyə doğru davamlı bir yol var. Biz inanırıq ki, bunun sülh yolu ilə həlli var. Məhz buna görə də biz katibdən tutmuş aşağıya qədər bu məsələ ilə dərindən məşğul olmağa davam edirik. Amma mən bu danışıqların özündən qabağa getməyəcəyəm".

O, Vaşinqton danışıqlarının nəticələrinə dair Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünün ifadə etdiyi mövqe barədə suala cavabda deyib ki, rusiyalı həmkarının nə dediyi barədə düşünməyə çox vaxtı yoxdur.

"Bununla belə, deyə bilərəm ki, bu, Ermənistan və Azərbaycan arasında sülhə dair çox mühüm məsələ ilə bağlı olduğu üçün bu departamentin bundan sonra da dərindən məşğul olacağı bir məsələdir. İnanırıq ki, irəliyə doğru aydın bir yol var. Biz təbii ki, mayın əvvəlində bu iki ölkəni qəbul etməkdən xoşbəxt idik. Biz inanırıq ki, bu danışıqlar səmərəli olub və Brüsseldəki görüş başlayan danışıqların davamı üçün zəmin yaradıb və biz bu prosesin baş tutmasına şərait yaradacağıq", o qeyd edib.

Mayın 10-da və 11-də Azərbaycan və Ermənistanın delimitasiya olunmamış sərhəd xəttində iki ölkənin silahlı qüvvələri arasında atışma olub. Ölən və yaralananların olduğu bildirilir.

Son zamanlar sakitlik hökm sürən cəbhə xəttində atışma Azərbaycan və Ermənistan liderlərinin mayın 14-də Brüsseldə gözlənilən görüşü ərəfəsinə və Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevin mayın 10-da Yerevanda ölkə rəsmiləri ilə Qarabağ nizamlanması ilə bağlı danışıqlar apardığı vaxta təsadüf edir.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir ki, mayın 10-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod kəndi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla "qəsdən təxribat törədib".

"Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Orxan Novruzəlizadə həlak olub, Müslüm Mahmudlu başından ağır yaralanıb".

Ermənistan Müdafiə Nazirliyi isə bildirir ki, mayın 11-də saat 6-dan başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan Ordusunun Sotk (Zod-red) istiqamətində yerləşən mövqelərini artilleriya və minaatanlardan atəşə tutub.

"Azərbaycan Ermənistanın mövqelərini atəşə tutmaqda davam edir. Ermənistan Silahlı Qüvvələrinin bölmələri müvafiq qoruyucu və qabaqlayıcı tədbirlər görür. Ermənistan tərəfdən 4 nəfər yaralı var".

Mayın 11-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov sərhəddəki gərgin duruma işarə edərək bildirib ki, Rusiya tərəfləri təmkinli olmağa çağırır.

"Bilirsiniz ki, təmaslar davam edir, bir gün əvvəl Putin (Vladimir) Qələbə bayramı münasibətilə Moskvada olan Ermənistanın baş naziri Nikol Paşinyanla ayrıca danışıb, Azərbaycan tərəfi ilə də təmaslar davam edir. Rusiya üçtərəfli sənədlərə uyğun olaraq nəzərdə tutulan funksiyalarını yerinə yetirməkdə davam edəcək. Təbii ki, biz tərəflərdən təmkinli yanaşma gözləyirik və gərginliyin artmasına səbəb ola biləcək hər hansı addım atmamağa çağırırıq", Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya həm Bakı, həm də Yerevanla əlaqələri davam etdirəcək.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova mayın 10-da keçirdiyi brifinqdə deyib ki, ABŞ Dövlət katibi Antoni Blinkenin Vaşinqtondakı danışıqlarda əhəmiyyətli dərəcədə irəliləyiş əldə edilməsi ilə bağlı bəyanatları Azərbaycan və Ermənistan tərəfinin şərhləri ilə ziddiyyət təşkil edir.

Onun sözlərinə görə, Blinken danışıqlarda əhəmiyyətli dərəcədə irəliləyişin əldə olunduğunu desə də, rəsmi Bakı və rəsmi Yerevan əsas məsələlərlə bağlı fikir ayrılıqlarının qaldığını qeyd ediblər.

Zaxarova xəbərdar edib ki, Moskva Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı gördüyü işi davam etdirəcək, artıq iki ölkənin xarici işlər nazirlərinin danışıqları üçün məkan təklif olunub.

"Rusiyanın məqsədi regionda sülhü təmin etməkdir və bunun üçün yeganə yol üçtərəfli razılaşmaların icra olunmasıdır" , Rusiya Xarici İşlər Nazirliynin sözçüsü qeyd edib.

Öz növbəsində mayın 10-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Vaşinqton danışıqlarında sülh müqaviləsi üzrə bəlli maddələrdə razılaşmalar əldə edilib.

Nazir Bayramov mayın 14-də Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşünün olacağını təsdiq edib. Onun fikrincə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşündəki danışıqlar Azərbaycan-Ermənistan normallaşma prosesinin tərkib hissəsidir.

"Brüssel görüşünə Bakı və Yerevan arasında aparılan danışıqların bir hissəsi kimi baxılmalıdır. Ümumilikdə prosesin baş verməsini müsbət qiymətləndiririk. Çünki bəzən müxtəlif səbəblər olur və danışıqlar prosesində fasilələr, yaxud da ləngimələr yaranır. Azərbaycan tərəfinin bu istiqamətdə yanaşması hər zaman davamlı və ardıcıldır. Biz danışıqlar prosesinin və normallaşmanın tərəfdarıyıq. Əfsus ki, vaxtaşırı Ermənistan tərəfindən qeyri-ardıcıl, ziddiyyətli yanaşma və fikirlər səslənir. Sülh danışıqları ilə bağlı 6 aya yaxın fasilə olmuşdu. Daha sonra beynəlxalq vasitəçilərin rolu nəzərə alınmaqla yaxınlarda yenidən danışıqlar baş tutdu. Hesab edirik ki, bəlli fasilədən sonra liderlər səviyyəsində görüşün keçiriləcəyi ümumilikdə müsbət haldır, danışıq və nəticələri gözləməyə çox vaxt qalmayıb", o qeyd edib.

Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin mətbuat katibliyinin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında mayın 14-də Brüsseldə növbəti görüş baş tutacaq.

"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Aİ-nin Cənubi Qafqazda sabitliyi və iki ölkə arasında normallaşmanı təşviq etmək səylərini inkişaf etdirmək üçün Ermənistan və Azərbaycan liderləri ilə sıx əlaqə saxlamaqda davam edib. Liderlər Brüsseldə növbəti üçtərəfli görüş barədə yenidən razılığa gəliblər", məlumatda deyilir.

Aİ Şurası, həmçinin müzakirələrin iyunun 1-də Kişinyovda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində davam edəcəyini, həmin görüşə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun da qatılacağını təsdiqləyib.

Şarl Mişel bu ilin oktyabrında İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində Ermənistan, Azərbaycan, Fransa və Almaniya liderlərini ikinci dəfə görüşməyə dəvət etmək niyyətində olduğunu ifadə edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə isə mayın 11-də deyib ki, Azərbaycan Brüssel görüşündə iştirak edəcək, amma Kişinyov görüşündə iştirakına dair yekun razılıq hələlik mövcud deyil. Çünki Kişinyov görüşünün təfərrüatları ilə bağlı Azərbaycana müfəssəl məlumat verilməyib.

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistanın sülh müzakirələrində iştirakını Brüsseldə davam etdirəcəyi barədə xəbərləri alqışlayıb.

"Biz bir daha əmin olduğumuzu bildiririk ki, sülh yaxındır və birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır", Dövlət Departamentində keçirilən ənənəvi brifinqdə mətbuat katibinin müavini Vedant Patel mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan liderlərilə keçiriləcək üçtərəfli görüşü barədə Turan agentliyinin sualının cavabında bildirib.

Öz növbəsində Ermənistan mayın 14-də Brüsseldə yüksək səviyyədə üçtərəli görüşün olacağını təsdiq edib.

Ermənistan Baş naziri Nikol Paşinyan mayın 11-də hökumətin iclasında bildirib ki, bazar günü danışıqlar üçün Brüsselə səfər etmək fikrini dəyişməyib.

"Mən Brüsselə getsəm, güman etdiyim kimi müəyyən qüvvələr tərəfindən veriləcək suala cavab vermək istəyirəm. Bazar günü Azərbaycanla sülh sazişinin imzalanması ehtimalı nə dərəcədədir? Təəssüf ki, bu imkan çox azdır, çünki sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş layihəsi hələ çox ilkindir və onun imzalanması barədə danışmaq hələ tezdir", Paşinyan bildirib.

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib ki, sülh müqaviləsinin mətni danışıqlar masasındadır.

"Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdən sonra hər iki ölkənin xarici işlər nazirləri bir araya gələcəklər. Nazirlərin görüşünün mayın 19-da Moskvada baş tutacağı planlaşdırılır", o qeyd edib.

Daha əvvəl Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə dörd görüş baş tutub. İlk görüş 14 dekabr 2021-ci ildə, ikinci görüş 6 aprel 2022-ci ildə, üçüncü görüş 23 may 2022-ci ildə, son görüş isə 31 avqust 2022-ci ildə keçirilib.

Həmçinin ötən il oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyinin Sammitində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanın dördtərəfli formatda görüşü keçirilib.

Azərbaycan və Ermənistan liderləri son dəfə bu ilin fevralında Münhendə ABŞ Dövlət katibi Antoni Blinkenlə baş tutan görüşdə bir araya gəlib.

Ötən həftə, mayın 1-dən 4-dək Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub.

ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, danışıqların keçirildiyi günlər ərzində iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olublar.

"Biz yekun razılığa çox yaxınıq," Blinken qeyd edib.

Vaşinqton görüşü barədə həm Azərbaycan, həm də Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatlarda sülh qurulması haqqında ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılığın əldə edildiyi, lakin bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığı vurğulanıb.

Mövzuya uyğun

XS
SM
MD
LG