Accessibility links

Avropa İttifaqı və NATO Azərbaycan və Ermənistanın ABŞ-da apardığı sülh danışıqlarını alqışlayır


Antoni Blinken, Ceyhun Bayramov və Ararat Mirzoyan (Rəsmi foto,. Mənbə: Dövlət Departamenti)
Antoni Blinken, Ceyhun Bayramov və Ararat Mirzoyan (Rəsmi foto,. Mənbə: Dövlət Departamenti)

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar və NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolomina Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 1-dən 4-dək ABŞ-da apardığı sülh danışıqlarını alqışlayıb.

"Vaşinqtondan ümidverici xəbərlər gəlir. Avropa İttifaqı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dörd günlük danışıqlarını alqışlayır. İrəliləyiş yalnız dialoq vasitəsilə əldə oluna bilər. Biz tərəfdaşlarımızla işləyərək, möhkəm sülh axtarışında Azərbaycanı və Ermənistanı dəstəkləməyə davam edirik", Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Twitter səhifəsində yazıb.

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolomina da Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə dəstək ifadə edib.

"Vaşinqtonda 4 günlük konstruktiv danışıqlardan sonra sülh sazişi yolunda hiss olunan irəliləyiş əldə olunduğunu eşitmək çox xoşdur. Məsələnin həllinin yeganə yolu danışıqlar və dialoqdur. NATO iki tərəfdaşımız arasında münasibətlərin normallaşmasını dəstəkləyir", Kolomina öz Twitter səhifəsində yazıb.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan mayın 1-dən 4-nə kimi Birləşmiş Ştatlarda ikitərəfli danışıqlar keçirib. Danışıqların ilk günü hər iki ölkənin xarici işlər nazirləri ilə görüşən ABŞ dövlət katibi Antoni Blinken dialoqun sülhə nail olunmasının açarı olduğunu deyib. Blinken Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqların sonuncu günü mətbuat üçün açıqlama verərək, tərəflərin “nəzərəçarpacacaq irəliləyiş” əldə etdiyini bildirib.

XS
SM
MD
LG