Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri mayın 1-dən 4-dək ABŞ-da keçirilən sülh danışıqlarının yekunu olaraq yaydıqları məlumatda bildirir ki, bəzi məsələlər üzrə irəliləyiş əldə olunsa da, bəzi əsas məsələlər üsrə fikir ayrılıqları qalır.
Azərbaycan Xarici İşlər Nazirliyinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində keçirilmiş görüşə dair mətbuat məlumatında deyilir: “Azərbaycan və Ermənistan xarici işlər nazirləri və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.
Hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər”.
Nazirlik bildirir ki, mayın 1-dən 4-dək ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Nazirlər Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul ediliblər. Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər. Nazirlər hazırki vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini bildiriblər.
Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında da eyni fikirlər təkrar olunur.
“Nazirlər mövcud vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin tənzimlənməsi ilə bağlı mövcud məsələlərlə bağlı mövqelərini təqdim ediblər. Nazirlər və onların komandaları “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə anlaşmada irəliləyiş əldə ediblər, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin hələ də fərqli olduğunu qeyd ediblər.
Hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqların aparılmasına görə Amerika tərəfinə minnətdarlıqlarını bildiriblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər”, Ermənistan Xarici İşlər Nazirliyi bildirir.
Mayın 4-də Vaşinqtonda Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqlarının nəticəsi haqda mətbuat önündə çıxış edib.
Dövlət katibi hər iki xarici işlər nazirinə ölkələr arasında dialoqla bağlı öhdəliklərinə görə təşəkkürünü bildirib.
Blinken vurğulayıb ki, danışıqların keçirildiyi günlər ərzində iki tərəf “çox mürəkkəb” məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqmətində “ciddi irəliləyişə” nail olub: “Mən ümid edirəm ki, nazirlər də mənim kimi sazişin gözlə görünən, yaxın məsafədə olduğuna inanırlar. Bu sazişin əldə olunması tarixi olmaqla yanaşı, həm Azərbacan, həm də Ermənistan xalqının maraqlarına uyğun olacaq və bunun müsbət təsiri hətta hər iki ölkədən kənarda belə hiss ediləcək gücə malik olacaq”.
Blinken sülhün əldə edilməsində ABŞ-ın hər iki ölkəyə dəstəyə davam edəcəyini vurğulayıb: “Marafonun son hissəsi onun ən çətin hissəsidir və ABŞ tərəflərə finiş xəttinə çatmağa yardım göstərməyə davam edəcək”.
Dövlət katibi nitqinin sonunda bu prosesin asan olmadığını, amma buna baxmayaraq tərəflərin öhdəlikləri və qətiyyətləri sayəsində danışıqlarda əhəmiyyətli irəliləyişin mövcud olduğunu vurğulamaqla bitirib.
"Həm Azərbaycan, həm də Ermənistan tərəfi tanıyır ki, dayanıqlı sülhə aparan yeganə yol dialoqdan keçir," Blinken Birləşmiş Ştatların bu səylərdə tərəflərə yardımçı olacağında əmin edib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın diplomatik heyətlərinin ABŞ-a gəlişi və burada vaxt keçirməsi onun göstəricisidir ki, tərəflər sülhə nail olmağa can atırlar.
"Tərəflər son bir neçə gündə çox çətin məsələləri müzakirə ediblər və dayanıqlı sülh razılığına doğru konkret proqres əldə ediblər," Blinken bildirib.