Accessibility links

Robert Sekuta: Azərbaycan və Ermənistan arasında ABŞ-da ikitərəfəli danışıqlarla bağlı ümidlərim böyükdür


Robert Sekuta: Azərbaycan və Ermənistan arasında ABŞ-da ikitərəfəli danışıqlarla bağlı ümidlərim böyükdür 
please wait

No media source currently available

0:00 0:11:20 0:00

Robert Sekuta: Azərbaycan və Ermənistan arasında ABŞ-da ikitərəfəli danışıqlarla bağlı ümidlərim böyükdür 

Diplomatlar və ekspertlər Birləşmiş Ştatların Azərbaycan və Ermənistan arasında sülh prosesində daha yaxından iştirakını alqışlayır və iki ölkə arasında ABŞ-da keçirilən ikitərəfli danışıqların sülh razılaşmasının əldə edilməsi istiqamətində irəliləyişə gətirib çıxaracağına ümid etdiklərini bildirirlər. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta iki ölkə arasında münasibətlərin normallaşmasının irəliyə doğru mühüm bir addım olacağını gözlədiyini deyib. Səfir Sekuta Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatların sülh prosesində iştirakı, ABŞ-ın gözləntiləri və danışıqlar prosesində tərəflərin qarşılaşdığı çətinliklər haqda danışıb.

Amerikanın Səsi: ABŞ Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün yeni diplomatik təşəbbüs göstərərək, Azərbaycan və Ermənistan arasında görüşə ev sahibliyi edib. Dövlət katibi Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla ayrı-ayrılıqda görüşlər keçirdikdən sonra onlar arasında ikitərəfli danışıqları alqışlayıb. Blinken daha sonra Twitter-də yazıb: “Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmağın açarıdır”. Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların “konstruktiv xarakter daşıdığını” deyib. Gözləntilər böyükdür, Vaşinqtondakı bəzi diplomatlar ABŞ-ın tərəflərin həll yolu axtardığı zaman səmimi danışıqlar keçirəcəyinə ümid etdiklərini və bunu gözlədiklərini bildirirlər. Səfir Sekuta, sizin Azərbaycan və Ermənistan arasında ikitərəfli müzakirələrdən gözləntiləriniz nədir?

Robert Sekuta: Mən gözləntini ümid sözünə dəyişərdim və mənim ümidlərim böyükdür. Azərbaycan və Ermənistan, məncə, son bir neçə ayda bir şəkildə ilişib qalıblar. İki ölkə arasında zorakılıq, insidentlər son dərəcə narahatedicidir və 2020-ci ildə döyüşlər dayandırıldıqdan sonra da ümid etdiyim o idi ki, biz iki ölkə arasında sülh sazişinə doğru irəliləyəcəyik. Hər iki tərəf sülh istədiklərini bildirib. ABŞ-dan həqiqətən gözlədiyim şeylərdən biri iki tərəfi bir-birinə yaxınlaşdırmaqda fəal iştirak etməkdir və biz hazırda bunu görürük. Mən açıq söyləyə bilərəm ki, bu, mənim səfir olduğum zaman üzərində çox işlədiyim bir məsələ idi və mən bilirəm ki, Yerevandakı həmkarım Riçard Mills də ABŞ-ın daha yaxşı rol oynadığını görmək və azərbaycanlıların və ermənilərin bu rolu qəbul etmələri üçün eyni şəkildə fəaliyyət göstərirdi. Mən hesab edirəm ki, biz nəhayət bunu müşahidə edirik. Ona görə də ümidlərim böyükdür. Amma mənim qorxduğum və düşünürəm ki, istəmədiyimiz şey bu təşəbbüsün uğursuz ola bilməsidir. Beləliklə, əslində indi nə baş verir? Uğur mənim fikrimcə, hər iki tərəfin, ermənilər və azərbaycanlıların bir-birini qəbul etmək üçün çoxdan lazım olan sülh sazişini əldə etmək məqsədilə Avropa İttifaqı və Rusiya ilə olduğu kimi, ABŞ ilə də işləməsidir. Mən prezident Əliyevin [aprelin] 30-da dövlət katibi Blinkenlə telefon danışığından sonra Azərtac-da yazılan şərhləri gördüm. Mən onun yenə də sülh müqaviləsinin vacibliyi haqqında dediklərinə baxdım. O, bu istiqamətdə işləməyə davam etmək istəyir, sülh gündəmində münasibətlərin tanınması və normallaşdırılmasından danışılmasını istəyir. Bunların hamısı yaxşı şeylərdir. İndi onların necə gerçəkləşməsini görməliyik. Bunların hazırda necə gerçəkləşdiyini görməliyik. Dövlət katibinin bununla məşğul olmasına uzun müddətdir ümid edilirdi və indi dövlət katibi Blinken bunu edir. Beləliklə, demək istəyirəm ki, bu danışıqlar irəli gedə bilər ki, bu da region və Avropa üçün böyük əhəmiyyət kəsb edəcək. Bu, həqiqətən də vacibdir və ümid edirəm ki, hər iki tərəf bu fürsətdən istifadə edəcək.

Amerikanın Səsi: Dövlət Departamentinin sözçüsünün müavininin gündəlik brifinqdə bildirdiyinə görə, Birləşmiş Ştatlar Cənubi Qafqaz regionunda sülhün mümkün olduğuna inanır. ABŞ-ın Azərbaycan və Ermənistan nümayəndələri arasında ikitərəfli danışıqlardan gözləntiləri nədən ibarətdir?

Robert Sekuta: ABŞ-ın nə gözlədiyini deyə bilmərəm, çünki mən artıq ABŞ hökumətində deyiləm. Mən ABŞ-da müşahidəçilərin və bu məsələ ilə yaxından maraqlanan insanların nə gözlədiyi haqda danışa bilərəm. Düşünürəm ki, bizim ilk növbədə istədiyimiz həm ermənilər, həm də azərbaycanlılar üçün məqbul olan razılaşmadır. Barışıq əldə etmək onlara bağlıdır. Onların bir araya gəlməsinə kömək etmək isə bizim öhdəmizə düşür və məncə, hazırda baş verənlər budur. Burada bir-iki məsələni qeyd etmək istəyirəm.

Fikrimcə, ilk növbədə, münasibətlərin normallaşması mühüm addım olardı. Hazırda bunun mümkün olduğuna əmin deyiləm, amma düşünürəm ki, bu, Dövlət Departamentinin rəsmilərinin açıqlamalarından gördüyüm, onların danışdıqları məsələ sərhədlərin qəbulu ilə bağlıdır. Mən hər iki tərəfin artıq bu barədə danışdığını düşünürəm. Önəmli olan məsələlərdən biri hər iki ölkədə insanların hissləri, özlərini təhlükəsiz, güvəndə hiss etmələri ilə bağlıdır. Azərbaycan və Ermənistan arasında 30 ildən artıqdır davam edən münaqişədən danışırıq. Sülh sazişi mühüm və həlledici addımdır, lakin sülhün qurulması üçün əslində bir az daha çox vaxt lazımdır. Hər iki tərəfdə inam yaratmaq üçün vaxt lazımdır. Mən Vaşinqtonda səfərdə olan ermənilərlə görüşlərdə olmuşam. Mən aydındır ki, azərbaycanlılarla danışmışam. Mən başqa yerlərdə ermənilərlə danışmışam. Mən güclü sülh istəyinin olduğunu bilirəm. Amma güclü narahatlıq da var ki, “həqiqətən da Azərbaycana etibar edə bilərikmi?” Eyni zamanda, Azərbaycanda da güclü narahatlıq var ki, “biz doğrudan da ermənilərə etibar edə bilərikmi?” Buna görə də hər iki tərəfdə bu etimadın yaradılması həlledici əhəmiyyətə malik olacaq və məncə, bu, ABŞ-ın edə biləcəyi bir şeydir.

Müharibədən qısa müddət sonra haqqında yazdığım mövzulardan biri ABŞ-ın tərəfləri sülhə doğru bir araya gətirməyə kömək etməkdə uzun tarixə malik olması ilə bağlı idi. Buna görə də bizim bunu etməyimiz lazım idi və bunun indi baş verdiyini görməkdən məmnunam. Lakin biz onların bir araya gəlməsinə kömək edə bilərik. Biz onları sülhə məcbur edə bilmərik. Bu, artıq 19-cu əsr deyil. Buna görə də hər iki tərəfin bu məqamdan istifadə etməsi həqiqətən vacibdir. Əlbəttə, hamını narahat edəcək şeylər olacaq, bunun irəlidə yollarını tapmalıyıq. Amma mən hesab edirəm ki, iki xarici işlər nazirinin dövlət katibi ilə görüşməsi onların irəliləmək əzmində olduqlarına işarədir. Dövlət katibi sülh, irəliləyiş üçün bir imkan görməsəydi, onlarla görüşməzdi. Buna görə də, mən həqiqətən ümid edirəm ki, belə irəliləyiş ola bilər. Müqavilənin konturları çoxdan mövcuddur. Biz sadəcə olaraq nəhayət bu öhdəliyi yerinə yetirməliyik. Bu, asan olmayacaq, lakin hər iki tərəfin bunu etməsi çox vacibdir.

Amerikanın Səsi: Sizin fikrinizcə, həll yolu tapmaq üçün hər iki tərəfin birgə işləməsini tələb edən ən aktual problemlər hansılardır? ABŞ bu məsələlərin həllində Azərbaycan və Ermənistana necə kömək edə bilər?

Robert Sekuta: Mən bunların hansının ən aktual olduğunu deyə biləcəyimə əmin deyiləm. Mən bilirəm ki, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı uzun müddətdir müzakirələr gedir. Fikrimcə, Avropa İttifaqı bu məsələdə kömək edir. Nəyəsə nail olmaq faydalı olardı. Xankəndi, Stepanakert çox önəmlidir. Humanitar [məsələlər] bu, mənim bildiyimə görə, onların müzakirə etdiyi məsələlərdən biridir. Düşünürəm ki, iki tərəfin, ermənilərin və azərbaycanlıların bir-birini yenidən tanımağa başlaması da vacib olacaq. İki ölkə arasında 30 ildən artıq düşmənçilik mövcud olub. Yenə deyirəm, bu asan olmayacaq.

Müqavilənin imzalanması məsuliyyətli bir addımdır. Münasibətlərin normallaşdırılması son dərəcə vacib olardı. Türkiyənin konstruktiv rol oynadığını görmək mənim fikrimcə əhəmiyyətlidir. Etimadın gücləndirilməsi tədbirləri diplomatların istifadə etdiyi gözəl termindir, burada onlar çox vacibdir. Stepanakertə, Xankəndiyə çıxışı geri qaytarmaq böyük əhəmiyyət kəsb edəcək. Naxçıvana gedən marşrutda irəliyə doğru yolların tapılması vacib olacaq. Bir daha qeyd edirəm ki, hazırda dövlət katibinin şəxsi iştirakı var. Departamentdə bu məsələni yaxşı bilən, təcrübəyə malik olan çoxlu adamlar var. Buna görə də gəlin buna əsaslanaraq indi bu işi irəli aparmağa çalışaq.

Amerikanın Səsi: Rusiya ABŞ-ın ev sahibliyi etdiyi ikitərəfli danışıqlara reaksiya verərək, Moskvanın vasitəçiliyi ilə 2020-ci ildə əldə edilmiş üçtərəfli razılaşmanın alternativinin olmadığını bildirib. Bəzi müşahidəçilər Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin Vaşinqtonda görüşündən sonra Moskvada müzakirələrin olacağını bildirir. Rusiya bu prosesdə hazırda hansı rol oynayır? Moskvanın diqqətinin Ukraynada müharibəyə yönəldiyi bir şəraitdə Rusiyanın regiondakı rolunun azalacağını gözləmək olarmı?

Robert Sekuta: Düşünürəm ki, hər iki tərəf əvvəldən Moskva ilə əlaqə saxlayır. Hesab edirəm ki, biz açıq və dürüst olmalıyıq ki, həm Azərbaycan, həm də Ermənistan hökumətləri Moskva ilə təmasdadırlar. Fikrimcə, Moskvanın müzakirə olunanlarla bağlı yaxşı təsəvvürü var. Hesab edirəm ki, əslində baş verənlər 2020-ci ilin noyabr ayında döyüşlərə son qoyan üçtərəfli razılaşmanın üzərində qurulur. Bu, irəliyə doğru gedən yol üçün bir növ əsas idi. Bizim nələri isə dəyişdirməkdən danışdığımızı düşünmürəm. Fikrimcə, biz nəsə üzərində nəyinsə qurulmasından danışırıq. Mən şəxsən deyərdim ki, biz uzun müddətdir və hələ də Rusiyanın Avropada məsuliyyətli tərəfdaş kimi rol oynamasını görmək istəmişik. Lakin Ukraynaya müdaxilə məsuliyyətli [addım] deyildi. Amma mən hesab edirəm ki, bu danışıqlara “biz” və Moskvaya münasibətdə “onlar” kimi bir şey olaraq deyil, sadəcə olaraq, ABŞ-ın sülh quruculuğuna, həm Ermənistan, həm də Azərbaycan xalqının çoxdan arzu etdiklərinin nail olunmasına kömək edə biləcəyi töhfə kimi baxmaq lazımdır. Bunlar bölgədə əmin-amanlıq, firavanlıq və təhlükəsizliyin olmasıdır. Ona görə də mən hesab etmirəm ki, biz buna ABŞ və Moskva arasında seçim kimi baxmalıyıq. Moskva 2020-ci ildə hər iki tərəfin döyüşləri dayandırması üçün bir yol tapa bildiyi üçün biz bunu görməliyik. Onlar o vaxtdan bunda iştirak edir. Biz irəliləyiş gördük, Avropa İttifaqının mühüm rol oynadığını gördük və düşünürəm ki, indi biz ABŞ-ın iki tərəfi sülhə nail olmaq üçün bir araya gətirməyə kömək edərək, Birləşmiş Ştatların aktiv şəkildə iştirak etməsini çoxdan görmək istədiyim rolu oynadığını görürük.

Mən sonda onu əlavə etmək istərdim ki, bu, böyük ümid dövrüdür. Lakin ermənilər və azərbaycanlılar üçün sülhə nail olmağa sadiq qalmaq önəmlidir. Bu, asan olmayacaq. Bəli, bunun üçün təəhhüd tələb olunacaq. Amma hazırda Birləşmiş Ştatlar hökuməti tərəfindən hər iki tərəfin cəlb edildiyini görürük. Əgər bu alınmasa, nə baş verə biləcəyi məni çox qorxudur. Ona görə də mən çox ümidliyəm və hər iki tərəfin həqiqətən də bu fürsətdən istifadə edəcəyinə ümid edirəm.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG