Accessibility links

Aİ Şurası Əliyev və Paşinyan arasında növbəti Brüssel görüşünü təsdiqləyib


Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın 14-ü Brüsseldə növbəti görüş baş tutacaq. Avropa İttifaqı Şurası Prezidentinin mətbuat katibliyindən görüş barədə mediada yayılan məlumatı Amerikanın Səsinə təsdiqləyiblər.

"Şarl Mişel Aİ-nin Cənubi Qafqazda sabitliyi və iki ölkə arasında normallaşmanı təşviq etmək səylərini inkişaf etdirmək üçün Ermənistan və Azərbaycan liderləri ilə sıx əlaqə saxlamağa davam edib. Liderlər Brüsseldə növbəti üçtərəfli görüş barədə yenidən razılığa gəliblər", məlumatda deyilir.

Aİ Şurası, həmçinin, müzakirələrin iyunun 1-i Kişinyovda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində davam edəcəyini, həmin görüşdə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun da qatılacağını təsdiqləyib.

Şarl Mişel bu ilin oktyabrında İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində Ermənistan, Azərbaycan, Fransa və Almaniya liderlərini ikinci dəfə görüşməyə dəvət etmək niyyətində olduğunu ifadə edib.

"Liderlər həmçinin Brüssel görüşlərinin gündəmdə duran məsələlərini və cari hadisələri müzakirə etmək üçün Brüsseldə üçtərəfli görüşləri zəruri olduğu qədər tez-tez davam etdirməyə razılaşıblar", bəyanatda vurğulanır.

Daha əvvəl Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə dörd görüş baş tutub. İlk görüş 14 dekabr 2021-ci ildə, ikinci görüş 6 aprel 2022-ci ildə, üçüncü görüş 23 may 2022-ci ildə, son görüş isə 31 avqust 2022-ci ildə keçirilib.

Həmçinin ötən il oktyabrın 6-da Praqada baş tutan Avropa Siyasi Birliyinin Sammitində Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın dördtərəfli formatda görüşü keçirilib.

Azərbaycan və Ermənistan liderləri ən son bu ilin fevralında Münhendə ABŞ Dövlət katibi Antoni Blinkenlə birgə baş tutan görüşdə bir araya gəlib.

Ötən həftə isə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub. ABŞ dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, danışıqların keçirildiyi günlər ərzində iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olublar. "Biz yekun razılığa çox yaxınıq" - Blinken qeyd edib.

Vaşinqton görüşü barədə həm Azərbaycan, həm də Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatlarda sülh qurulması haqqında ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılığın əldə edildiyi, lakin bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığı vurğulanıb.

XS
SM
MD
LG